Modern.az

“Bakcell”in danışıq kartları baha satılırsa... – şirkətdən etiraz: “Bu bizlik deyil”

“Bakcell”in danışıq kartları baha satılırsa... – şirkətdən etiraz: “Bu bizlik deyil”

1 Noyabr 2012, 12:43

Son zamanlar “Bakcell” kartlarının standart qiymətlərdən baha satılmasından şikayətlər çoxalır. Kartların satış qiymətinə 10, 20 qəpik əlavə edilməsi istehlakçıların haqlı narazılığını doğurur. Modern.az-ın mövzu ilə bağlı sorğusuna cavab verən “Bakcell”in mətbuat xidmətindən bildirilib ki, şirkətin satıcıların qiymət siyasətinə təsir etmək hüququ yoxdur.

“Bakcell danışıq kartlarının qiymətində heç bir dəyişiklik etməyibdir. Azərbaycanda “Bakcell”in danışıq kartlarını təklif edən 10 mindən artıq müstəqil satış nöqtələri mövcuddur. Bu satıcılar danışıq kartlarını bizim xüsusi distribüter və ya vasitəçilərdən əldə edərək son istifadəçilərə satırlar. Bu cür satıcıların “Bakcell” şirkətinə heç bir aidiyyatı yoxdur. Şirkətin müstəqil surətdə fəaliyyət göstərən satıcıların qiymət siyasətinə təsir etmək ixtiyarı və hüququ yoxdur. Qiymətlərin aydın və anlaşıqlı olması üçün “Bakcell” hər kartın dəyərini kartın üzərində qeyd edir”, – deyə mətbuat xidmətindən bildirilib.

İqtisadi İnkişaf Nazirliyinin Antinhisar Xidməti də kartların baha satılması ilə mübarizəni vacib bilir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev istehlakçıların bu cür hallarda öz hüquqlarını tələb etməli olduqlarını deyib.
“Bəzi istehsalçılar tərəfindən istehsal edilən məhsulun üzərində məhsulların qiymətləri təsbit edilir. Eyni zamanda adını çəkdiyimiz istifadə kartı da bu cür mallardandır. Ümumilikdə bu kartların üzərində istehsalçı tərəfindən qiymətlər təsbit olunduğundan ticarət məntəqələrində də məhz həmin kartlar bu qiymətə satılmalıdır. Əgər hər hansı satıcı istehlakçıya fərqli qiymətlər təklif edirsə, onda bu istehlakçı hüquqlarının pozulmasıdır. Ümumiyyətlə, istehlakçılar öz hüquqlarının fəal müdafiəçisi olmalıdırlar. Bu baxımdan malı alarkən bu tipli müəyyən məsələlərlə qarşılaşarlarsa öz hüququnu tələb etmək hüququ var”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bu cür hallarda istehsalçıları boykot etməyə çağırıb. “Bu istehlakçıların hüquqlarının pozulmasıdır. “Bakcell”in istifadəçilərə çox böyük hörmətsizliyidir. Təsadüfü deyil ki, Nazirlər Kabinetində keçirilmiş 14 noyabr 2011-ci il tarixli yığıncağında ölkə prezdenti ölkədə əsaslandırılmamış  qiymətlərin olduğunu dilə gətirdi. Təəssüflər olsun ki, bu işə nəzarət edən dövlət orqanları və biznes qurumları prezident İlham Əliyev istehlakçı hüquqlarının qorunmasına yönəlmiş tapşırıqlarına əməl etmirlər . İstehlakçılar boykot etməlidir. Mal alınmamalıdır və “Bakcell” istehsalçlar qarşısında məsuliyyət daşıyır və düşünürəm ki, bizə şikayət gələrsə, bu vəziyyəti düzəldərik. Bununla bağlı istehlakçılar İqtisadi İnkişaf Nazirliyinə, Azad İstehlakçılar Birliyinə müraciət edə bilərlər”. 

Şahanə Rəhimli

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir