Modern.az

İlyas İsmayılovun silahdaşından maraqlı təklif: “Baş nazirə və nazirlərin hərəsinə bircə müavin bəsdir” - MÜSAHİBƏ

İlyas İsmayılovun silahdaşından maraqlı təklif: “Baş nazirə və nazirlərin hərəsinə bircə müavin bəsdir” - MÜSAHİBƏ

Müsahibə

1 Noyabr 2012, 14:45

Professor Təyyar Qurbanov: “Dövlət ali məktəblərinin sayı, onlara abituriyentlərin qəbulu 50 faiz azaldılmalı, kreditlərin bütün növləri ölkə əhalisinə illik maksimum 5  faizlə verilməlidir” 


Ədalət Partiyası Ali Məclisinin üzvü,  həkim-endokrinoloq Təyyar Qurbanov partiya rəhbərliyinə “Azərbaycanın tərəqqisi və inkişafı naminə siyasi-sosial proqram” adlı sənəd təqdim edib. Həmin sənəddə nələr var? Ümumiyyətlə onu bu işə nə vadar edib? Müəllif təkliflərinin müzakirə olunub qəbul ediləcəyinə nə dərəcədə inanır?

Modern.az-ın müxbiri T.Qurbanovla görüşüb bu və digər suallara cavab almağa çalışıb. Professor ilk öncə onu bu təklifləri proqram şəklində hazırlamağa vadar edən səbəblərə aydınlıq gətirib:

- Azərbaycan xalqı əsrlər boyu zülm çəksə də daim nikbinliyini və mübarizliyini qoruyub saxlayıb. Vətənin sevinci, kədəri də hamımızın olub. Yəni, indiyədək olanları birgə yaşamışıq. Deməli, onun hərtərəfli tərəqqisində və inkişafında da hamımız maraqlı olmalı və buna görə məsuliyyət daşıdığımızı unutmamalıyıq. Qısa şəkildə desəm, məni buna vadar edən məhz həmin maraq və məsuliyyət hissi olub. Və çox istərdim ki, bu ədalətli və əhatəli hesab etdiyim proqramın müzakirəsində kimliyindən asılı olmayaraq hamı iştirak etsin. 

Proqram bütövlükdə 30 maddədən ibarətdir. Onların içərisində  Azərbaycanın ərazi bütövlüyünün bərpasından, qanunun aliliyinin, ədalətin, bərabərliyin bərqərar edilməsindən tutmuş struktur islahatlarına, kadrların seçilib-yerləşdirilməsinə qədər bir çox ciddi və hamını düşündürən məsələlər var.

Məsələn, 2-ci bənddə deyilir ki, qanunun aliliyi, ədalət, bərabərlik bərqərar edilsin. Nə üçün? Cavab çox sadədir və onun qısa şərhini orada vermişəm. Çünki hakim partiyanın 20 illik hakimlik dövründə bütün dövlət kürsülərində, Elmlər Akademiyasının  üzvlüyündə və s. yerlərdə yalnız YAP-ın nümayəndələridir.

- Yeri gəlmişkən,  səhv etmiriksə,  maddələrin əksəriyyətinə şərh verməmisiniz. Bu nə ilə bağlıdır?

- Çünki həmin maddələrin şərhinə ehtiyac duymamışam. Məsələn, 3-cü bənddə təklif olunur ki, parlamentdəki  müxalifət partiyalarının liderləri və həmin partiyalardakı mütəxəssislər dövlət strukturlarında təmsil olunsunlar.

Yaxud ölkənin prezidenti ildə bir dəfə bütün müxalifət partiyalarının liderləri ilə - jurnalistlərin iştirakı təmin olunmaqla, özü də yalnız efirdə, - bir saat müddətində   dialoq aparsın. Nazirlər Kabinetinin sədri və nazirlər də həmçinin. Bunlara nə izahat? Onsuz da hamı bilir ki, bunlara çox ciddi ehtiyac var. Üstəlik, dialoq və ünsiyyət sağlam təfəkkürlü əməkdaşlığın şəfəqidir, axı...

- Təkliflərinizin müzakirəyə çıxarılacağına və qəbul olunacağına inanırsınızmı?  Sual Sizi təəccübləndirməsin. Çünki orada elə məqamlar var ki, qəbul olunacağı heç bir halda real görünmür. Məsələn, təklif edirsiniz ki, Baş nazirin və ya nazirlərin yalnız bir müavini olsun. Yaxud istəyirsiniz ki, dövlət idarəçiliyində məmurların sayı və onların əmək haqqı 50 faiz ixtisar edilsin; dövlət ali məktəblərinin sayı, onlara abituriyentlərin qəbulu da yarıbayarı azaldılsın və s.

- Dünyəvi struktur deyilən bir anlayış var. Hökumət başçısının və nazirlərin müavinləri ilə bağlı təklifim məhz ona əsaslanır. Özünüz təsəvvür edin, 70 milyondan çox əhalisi olan Türkiyədə Baş nazirin cəmi 3, qonşumuz Gürcüstanda 1 müavini var. Bizdə isə əhalinin sayı təxminən 9 milyon nəfərdir. Onun da 2 milyonu orda-burda, ölkədən kənardadır. Amma bizim Baş nazirin 4 müavini var. O qədər müavin nəyə lazımdır? Yaxud nazirlər...  Təsəvvür edin, Azərbaycanda 20 nazirlik, 12 dövlət komitəsi, onlarla təxminən bərabər statusa malik Dövlət Sosial Müdafiə Fondu, Dəniz və Mülki Aviasiya administrasiyaları, Miqrasiya, Sərhəd xidmətləri və s. qurumlar da var. Hamısının da rəhbərinin bir neçə müavini, köməkçisi, katibəsi, hökumət telefonu, xidməti maşını...

Onlara verilən maaşla, xidməti maşınlarına, telefon və ezamiyyə xərclərinə sərf olunan vəsaitlə büdcəyə əl vurmadan neçə-neçə sadə adamın təqaüdünü qaldırmaq olar. 

Ali məktəblərlə bağlı... Azərbaycanda SSRİ vaxtında 8-9 ali məktəb vardı. Onların məzunları həm respublikamızda, həm də İttifaq miqyasında ən azı ilkin iş yerləri ilə təmin olunurdular. Hazırlıq səviyyələri də qənaətbəxş idi. İndi isə Azərbaycanda 50-dən çox ali məktəb var. Onların da təxminən 40-ı Bakıdadır. Əksəriyyəti də bir ucdan “prokuror”, “həkim” buraxır. Amma heç fikirləşən yoxdur ki, bu boyda ölkəyə o qədər “prokuror”, “həkim” nəyə lazımdır, onların sonrakı taleyi necə olur? Nə üçün ölkədə bu qədər diplomlu işsizlər ordusu var və s.?  

- Proqramda diqqət çəkən digər məqamlar da var. Məsələn, təklif edirsiniz ki, kreditlər illik maksimum 5 faizlə verilsin. Yaxud ölkə başçısı öz maaşını azaltsın və s. Nələrə əsaslanaraq elə deyirsiniz?

- Əvvəla, dünya praktikasında da elədir. Kreditlər əhaliyə çox aşağı faizlə verilir. Məsələn, Norveçdə bu 2-3, ABŞ-da 4-6 faizdir. İslam Bankı isə kreditləri ümumiyyətlə faizsiz verir. Bundan əlavə, ərəb ölkələrində ipoteka da faizsiz verilir və s. İkicisi və ən əsası isə kreditlərin aşağı faizlə verilməsi sahibkarlığı inkişaf etdirər və əhalinin rifah halını yaxşılaşdırar.

Prezidentin öz maaşını azaltması təklifinə gəlincə, bu da konkret rəqəmlərə və müqayisəyə əsaslanır. Məsələn, gəlin uzağa getməyək və MDB məkanındakı ölkələrin  prezidentlərinin aylıq əmək haqlarına nəzər yetirək.  Qazaxıstan və Belorusda dövlət başçıları 3.000,  Ukraynada 6.000, Rusiyada 9.000 ABŞ dolları həcmində maaş alırlar. Azərbaycan prezidentinin maaşı 15 000 manatdır (təxminən 19 min dollar). Azərbaycanda orta aylıq əmək haqqı isə son məlumata görə 268 manatdır. Bu o deməkdir ki, prezidentin maaşı ölkədəki orta aylıq əmək haqqından 56 dəfə çoxdur.
Yeri gəlmişkən, MDB məkanındakı prezidentlərə nümunə ola biləcək bir misal çəkmək istərdim. 2012-ci ildə Fransanın prezidenti seçilmiş Fransua Olland öz maaşını 30 faiz azaldıb və digər dövlət məmurlarını da analoji addım atmağa çağırıb. Ən önəmlisi də odur ki, həmin təklif qəbul olunub.

- Nəhayət, son sual. Proqramın tam mətni ilə harada və necə tanış olmaq olar? Bunu həm də ona görə soruşuruq ki, söhbətimizin əvvəlində sualımızın “təkliflərinizin müzakirəyə çıxarılacağına və qəbul olunacağına inanırsınızmı” hissəsinə cavab vermədiniz.

- Əlbəttə, bir müəllif və vətəndaş olaraq çox istərdim ki, bu təkliflərim həm müzakirə, həm də qəbul olunsun. Amma bu təkcə məndən asılı olan məsələ deyil. Ona görə də onu bütöv sənəd şəklində partiya rəhbərliyinə təqdim etmişəm. Ümid edirəm ki, hörmətli sədrimiz İlyas müəllim onun ictimaiyyətə təqdim olunması, eləcə də müzakirəyə çıxarılması və heç olmasa partiyamızın siyasi xətti ilə tam üst-üstə düşən müəyyən bəndlərinin qəbul edilməsi üçün cəhd göstərəcək. Qaldı onunla tam şəkildə harada və necə tanış olmaq məsələsinə, maraqlananlar  birbaşa mənə  və Ədalət Partiyasının mətbuat xidmətinə (012-520-14-52) müraciət edə bilərlər.

Sonda oxucularla bir qənaətimi də bölüşmək istərdim. Yeri gəlmişkən, bunu bayaqkı sualınıza cavabımın mabədi kimi də qəbul edə bilərsiniz. Tarix ibrətdir, Allah nümunədir. Hamımız onun qulu və məxluquyuq. Gəlin vəhdətin fəlsəfəsini, dərgahını unutmayaq. Çünki vəhdət Rəbbimizin muradı, Qurani-Kərimin çağırışı və imanımızın isbatıdır. İqtidarda və ya müxalifətdə olmağımızdan asılı olmayaraq hamımız Vətənin övladıyıq. Ona görə bir daha vurğulayıram: istəyirəm ki, müstəqil və müasir Azərbaycanın inkişafı və tərəqqisi naminə təklif olunan bu siyasi-sosial proqramın müzakirəsində hamılıqla fəal iştirak edək. Münasibətini bildirəcək şəxslərə bəri başdan təşəkkür, bir də təşəkkür. Söhbətimizi isə dahi Nizaminin bir beytini xatırlatmaqla yekunlaşdırmaq istəyirəm:

Məhəbbət eşqilə yanmasa ürək,
Eşqin çəmənində açılmaz çiçək.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır