Modern.az

Rəbiyyət Aslanova: "Rəsul Quliyevin seçkilərdə iştirakı sual altındadır"

Rəbiyyət Aslanova: "Rəsul Quliyevin seçkilərdə iştirakı sual altındadır"

Aktual

1 Noyabr 2012, 15:16

 “Rəsul Quliyevin Azərbaycan cəmiyyətində heç bir ciddi sosial bazası və dayağı yoxdur. O, siyasi cəhətdən tükənmiş, bitmiş bir insandır”.
Bunu  Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri, professor  Rəbiyyət Aslanova  eks-spiker, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin Azərbaycanda hakimiyyətə gəlmək məqsədilə Rusiyadan dəstək almaq  və  həmin ölkənin prezidenti ilə  görüşmək  cəhdində bulunması ilə bağlı mətbuatda yer alan məlumatlara münasibətini bildirərkən dilə gətirib.

“Onun hakimiyyətə gəlməsi bir tərəfə qalsın, seçkilərdə iştirakı belə sual altındadır”-deyən, R.Aslanovanın sözlərinə görə, əslində  bu cür məlumatları dövriyyəyə buraxanlar və onların ictimailəşməsində maraqlı olanlar bununla hansısa uğura nail olacaqlarını  düşünürlərsə, ciddi şəkildə səhvə yol verirlər və yanılırlar:

“İndi Azərbaycan ötən əsrin  80-ci illərinin sonları, 90-cı illərinin əvvəlləri olan bir ölkə deyil. İnsanlarımız da ötən illər ərzində siyasi cəhətdən yetkinləşib, müdrikləşiblər.  Onlar artıq nəyin nə, kimin kim olduğunu gözəl bilirlər, ağı qaradan seçməyi bacarırlar. İndi artıq xalqımızı  hansısa  quru vədlərlə, bayağı şüarlarla, ucuz bəyanatlarla, açıqlamalarla nəyə isə inandırmaq mümkün deyil, bu dövr çoxdan ötüb-keçib, arxada qalıb”.

R.Aslanova bildirib ki,  seçki məsələsi Azərbaycan xalqının və dövlətinin öz daxili işidir, heç kim onun daxili işinə, seçiminə müdaxilə edə bilməz: “Eyni zamanda, Azərbaycanla qonşu  Rusiya arasında strateji müttəfiqlik münasibətlərinə söykənən  hərtərəfli əməkdaşlıq  əlaqələri mövcuddur.  Münasibətlərin  bu cür yüksək səviyyəyə gəlib çıxmasında da  mərhum dövlət başçımız Heydər Əliyevin, onun kursunun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının  Prezidenti Vladimir Putinin xidmətləri müstəsnadır, danılmazdır.

 Bu gün eyni zamanda, iki dövlətin başçıları arasında çox gözəl dostluq  münasibətlər var , hər iki ölkə və xalq da bu münasibətlərdən faydalanmaqdadır. Ona görə hesab edirəm ki, dost və qonşu bir dövlət kimi  Rusiya da Azərbaycanın daxili işlərinə qarışmayıb və bundan sonra da  qarışmayacaq. Ümumiyyətlə, heç bir dövlət Azərbaycanın daxili işlərinə,  Azərbaycan  xalqının seçiminə qarışa , müdaxilə edə bilməz və heç bu iqtidarda da deyillər. Odur ki, indi kimlərsə yenidən boş yerə zəhmət çəkib boş xəyallara qapılmasınlar, “bəlkə də qaytardılar” xülyası ilə yaşamasınlar...”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir