28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
31 Avqust 2021, 15:04 | MƏDƏNİYYƏT
Bir bacının Şəhid qardaşı ilə bağlı MONOLOQU...

Mən əzəli torpaqlarımızın nicatı naminə canını fəda edərək üçrəngli bayrağımızı ən ali zirvəyə yüksəldən, igidliyi, şücaəti ilə ata-analara, bacı-qardaşlara sonsuz qürur hissi yaşadan, al qanı ilə zəfər, qələbə nəğməsi yazan yüzlərlə Vətən övladından birinin bacısı - Kənarə Nuruyeva. Bütün şəhid bacıları kimi, mənim də fəxr, ümid, inam yerim, atamdan sonra yeganə arxam, dayağım olan qardaşım Cavid haqqında danışacaq çox sözüm, bölüşəcək çox xatirəm var. Düşündükcə yaddaşımda ötənlər, olub-bitənlər, Cavidli xatirələr canlanır, ailəmizdə yaşanan xoşbəxt, unudulmaz anlar, qayğılı, qayğısız günlərimiz  xəyalımdan gəlib keçir bir-bir...


23 il bundan öncə 1998-ci ilin martın 3-də Şərur rayonunun Oğuz kəndində dünyaya göz açmışdı qardaşım. Dəcəlliyi, şıltaqlığı ilə ailənin sevimlisinə çevrilən Cavid kiçik yaşlardan ata-ananın bir sözünü iki eləməz, bacılarının (mən, Kəmalə, Rəqsanə) qeydinə qalır, qardaş qayğısını əsirgəməzdi üzərimizdən. Məhəlləmizdə də həmyaşıdları ilə səmimi münasibəti var idi, qonum-qonşudan bir yanlış hərəkətini eşitməzdik, elə hey onun davranışlarını nümunə çəkirdilər digər uşaqlara da. Günlərimiz öz balaca dünyamızın axarında, xoş əhval ruhiyyədə, oyunlar oynamaqla, fikirlərimizi bir-birimizlə bölüşməklə keçirdi. Evin balacası olduğumçün mənə daha çox diqqət göstərir, əzizləyirdi qardaşım. Beləcə mehriban, şən, deyə-gülə bir ailənin 4 övladı böyüyüb yaşa dolduq, məktəbə qədəm qoyduq. Cavid məktəbdə oxuduğum illərdə daim dərslərimlə maraqlanar, müəllimlərimdən soraqlayır, yaxşı oxuyub ali təhsilli olmağımı arzu edir, dəyərli məsləhətləri ilə həvəsləndirirdi məni. Özü də şagir yoldaşları arasında hazırcavablığı, fəallığı ilə seçilirdi, buna görə müəllimləri dəfərlə anama zəng edib təşəkkürünü bildirir, bilik yarışlarından, müsabiqələrdən qazandığı uğurları, fəxri fərmanları ilə ailəmizə sevinc bəxş edirdi qardaşım. Riyaziyyat, fizika, kimya dərslərini çox sevir, məni də öyrədirdi. Digər dərsləri təkrarlamayanda qismən unutsam da, onun səlis şəkildə izah etdiyi həndəsi məsələlər yaddaşıma möhkəm həkk olunub, heç vaxt yadımdan çıxmır. Cavidin yeniyetməlik illərindən yadımda qalan maraqlı hadisələr bir deyil, beş deyil, onlarladır. Ancaq bir məqamı bu günlərdə lap çox xatırlayıram. O da hər dəfə televiziyada birinci Qarabağ müharibəsindən bəhs edən sənədli filmləri, xalqımızın başına gətirilən müsibətləri qardaşımın yumruq düyünləyib, diş qıcayaraq izləməsi, film bitdikdən sonra da birgə saatlarla müzakirələr aparmağımız, bu zaman onun məsələlərə necə içdən, ürəkdən yanaşması idi. Bəli, Vətənə məhəbbəti, torpağa bağlılığı hələ yeniyetməlikdən gözlərindən, hərəkətlərindən, danışığından oxunurdu qardaşımın. Məhz elə buna görədir ki, 1990-cı illər tariximizlə bağlı atama xeyli suallar verər, bu barədə böyüklərdən, müəllimlərdən hey maraqlanar, çoxlu kitablar oxuyar, internetdə araşdırmalar aparar, öyrəndiklərin daim bizimlə paylaşardı. Gələcəklə bağlı planlarımızdan ara-sıra söhbət düşəndə ilk vaxtlar ali təhsil alacağını dilə gətirsə də, lakin yuxarı siniflərdə oxuyanda fikirləri tamamilə dəyişildi və hərbiçi olaraq Vətənimizi qoruyacağını, torpaqlarımızın keşiyində dayanacağını qərara aldı...


Məktəbdə müəllimlərimiz biz şagirdlərə həyatın mənasını aşılayanda tez-tez Amerikalı yazıçı Ernest Heminqueyin sözlərini xatırladırlar: “Mübarizə bizi məqsədə yaxınlaşdırır və cəmiyyətdə yerimiz olduğunu sübut edir”. Məhz qardaşım Cavid də cəmiyyətdə öz yerinin olduğunu sübut etmək, məqsədinə, amalına çatmaq üçün çətin, məşəqqətli, sonu əbədiyyətə uzanan mübarizə, qalibiyyət, ucalıq, fəxr yolunu seçdi. 2012-ci ildə ilk qədəmlərini atdı bu yola. Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə qəbul imtahanında müvəffəqiyyət qazanaraq kursant adını qazandı. Zabit adını almaqdan ötrü Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini də oxudu. Ali hərbi məktəbdə təhsil aldığı müddətdə nümunəvi davranışı, nizam-intizamlı xidməti, uğurları ilə ailəmizə fəxarət gətirdi, 4-cü kursda təhsilində fərqləndiyinə görə təşəkkürnamə göndərdilər evimizə. O gün keçirdiyimiz sevinc, qürur hissini heç bir cümlə ilə ifadə etmək mümkün deyil. 2019-cu ildə Ali Hərbi Məktəbi bitirərək şərəfli Vətən keşikçisi adının məsuliyyətini üzərinə götürərək Mingəçevirdə yerləşən “N” hərbi hissəyə tağım komandiri kimi təyinat aldı. Hərbidə fəaliyyət dövrü qısa zamanı əhatə etsə də elimizin-obamızın, ailəmizin adını öz məsuliyyətli işi ilə uca etməyi bacardı, nümunəvi xidmətinə görə 2020-ci ildə fəxri fərmana layiq görüldü...


Hələ müharibə başlamazdan əvvəl, Tovuz hadisələri dövründə də evə zəng edəndə elə hey deyirdi ki, yetər artıq bu nankorlara verdiyimiz möhlət, Ali Baş Komandanın əmrinə müntəzirik, İnşaallah yaxın vaxtlarda işğaldan azad edərik ata-baba torpaqlarımızı. Sentyabrın 27-si müharibə başlayanda bütün vətənpərvər oğullar kimi qardaşım da öz əsgərləri ilə birgə döyüş əməliyyatlarına rəhbər kimi qatıldı və qısa zamanda Murovdağ, Suqovuşan, Ağdərə istiqamətində bir sıra yüksəkliklərin azad edilməsində şücaət, qəhrəmanlıq göstərdi. Müharibənin ilk günlərində bir neçə dəfə evə zəng vurub hal-əhval tutmuşdu, hər telefon danışığında səsindən əhvalının yüksək olduğunu hiss edirdik. Oktyabrın 4-ü sonuncu dəfə zəng etmişdi evə. Yenə də danışığından bir nigaranlıq duymadıq, “Ata, ana hər şey yaxşıdı, ordumuz irəliləyir, özünüzdən, bacılarımdan muğayat olun, məndən nigaran qalmayın, telefonun şarjı azdı, sönəcək” dedi. Və telefon əbədi olaraq söndü... Günlər sonra, oktyabrın 15-də isə qardaşım əbədiyyət günəşi kimi Vətən göylərində parladı. Biz isə bundan düz 45 gün bixəbər qaldıq. Hər gün susan telefonun “dil açıb danışacağının”, qardaşımın səsini eşidəcəyimizin ümidi ilə zəng vurduq o nömrəyə və nəhayət noyabrın 29-da şəhid xəbərini eşitdik. Şəhadətə yetməsindən sonra Ali Baş Komandanının müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması isə bizə qürur hissi yaşatmaqla pərişan qəlbimizə qismən rahatlıq gətirdi...


Can parçam, bayraq sevdalı qəhrəman qardaşım, bilirəm indi cənnət bağında əyləşib seyr edirsən bizləri. Sənlə bağlı unudulmaz, əziz xatirələr o qədər çoxdur ki, hər biri üçün saatlarla danışsam yetməz, az gələr mənə. Əsgərlərin, komandir yoldaşların igidliyin, alicənablığın, nümunəvi xidmətin barədə o qədər ürəkdolusu xoş sözlər deyirlər ki, qürurlanmamaq, fəxarət hissi keçirməmək mümkün deyil. Qardaş, həsrətini ovutmaqdan ötrü sənli günlərimizlə, həyat yolunla bağlı videolar çəkir, slaytlar hazırlayıram, müəllimlərimin, sinif yoldaşlarımın qəhrəman bacısı sözünü eşidəndə isə qürurum yerə-göyə sığmır. Anamla birgə otağını üçrəngli sevdalınla, xatirə əşyalarınla bəzəmişik, hər gün oradan nəfəsini, ətrini duyuruq sənin. İndi o otaq nəinki bizim, səni yad etmək üçün evimizə gələn hər kəsin, qohum-əqrabanın dost-tanışın ziyarət yerinə çevrilib. Cavid, çox sevdiyin o ağaca da hər gün baş çəkir, qulluq göstərirəm. Yəqin yadına düşdü öz əllərinlə əkib böyütdüyün göycə ağacı. Bakıda təhsil aldığın, hərbidə xidmət etdiyin müddətdə onun barından göndərərdik sənə. Hər il azı 5-10 kiloqram meyvə yığılardı o ağacdan, bu il nədənsə üstündə bir-iki göycə ancaq görə bildim. Atam deyir ki, bizə həyat bəxş edən ağaclar da canlı olduğu üçün ətrafda baş verənləri hiss edə bilər. Bəlkə də o da bizim yaşadıqlarımızı duyur, sənin yoxluğunun həsrətini çəkir. Kəndimizin girişində sənin adına bir bulaq da çəkdirmişik. Vətən, torpaq naminə döyünən o incə, həssas qəlbində qaynayan böyük arzuların suya dönüb axır könüllərə, təravət, şuxlux gətirir ürəklərə...


Əziz qardaşım, gözün arxada qalmasın, atan, anan, bacıların üçün qətiyyən nigaran olma, hamısı yaxşıdı. Cavid, yadında gələcəklə bağlı planlarımızı bölüşəndə hər zaman deyirdin ki, “mənim balaca bacım oxuyub, ali təhsilli olacaq, yaxşı yerdə işləyəcək, ailəmizə qürur, fəxarət yaşadacaq, Nuruyevlərin adını uca edəcək”. Çalışacağam dediyin sözlərə əməl edəm, qardaş. Ancaq nə qədər ucalsam da, sənin qalxdığın zirvəni heç vaxt fəth edə bilmərəm. Çünki zirvələrin ən alisi, ən müqəddəsi sənə məxsusdu. Bacın qurban sənə, nur üzlü, gülər gözlü qardaşım...



Nail ƏSGƏROV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan daha 3 erməni hərbçinin cəsədini təhvil verdi 28 Sentyabr 2021, 21:29 “Əfqanıstan ordusunun sürətli çöküşü gözlənilməz idi” - Oustin 28 Sentyabr 2021, 21:21 TÜRKPA ölkələrinin parlament sədrləri mətbuat konfransı keçirdi 28 Sentyabr 2021, 21:10 Misir mumiyalarının 3D rekonstruksiyası yaradılıb 28 Sentyabr 2021, 20:59 “Revanşizm səylərindən vaz keçmək üçün onlara xəbərdarlıq etmək vaxtıdır” – İlham Əliyev 28 Sentyabr 2021, 20:41 Orduda müharibənin ildönümü ilə bağlı tədbir - VİDEO 28 Sentyabr 2021, 20:28 İlham Əliyev XİN başçılarının ABŞ-dakı görüşündən DANIŞDI 28 Sentyabr 2021, 20:18 Prezident: “Azərbaycan xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur” 28 Sentyabr 2021, 20:03 “Biz münaqişənin həll olunduğunu hesab edirik” - Prezident 28 Sentyabr 2021, 20:00 Dövlət başçısı: “Bütün hərbi əsirlər Ermənistana qaytarılıb” 28 Sentyabr 2021, 19:58 İlham Əliyev: “Muxtariyyət artıq müzakirə mövzusu deyil” 28 Sentyabr 2021, 19:49 Prezident Fransa ilə münasibətlərdən DANIŞDI 28 Sentyabr 2021, 19:44 Mehmandarovların Şuşadakı malikanəsi təmir olunur 28 Sentyabr 2021, 19:40 İlham Əliyev “France 24” telekanalına müsahibə verib - YENİLƏNİB 28 Sentyabr 2021, 19:35 Suriyada terakt törədildi: Ölən və yaralananlar var 28 Sentyabr 2021, 19:28 Quterreş: “Nüvə təhlükəsinin səviyyəsi 40 ildə maksimuma çatıb” 28 Sentyabr 2021, 19:23 Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası oldu 28 Sentyabr 2021, 19:14 Vətən müharibəsinin tarixini təhrif edən direktor DANIŞDI 28 Sentyabr 2021, 19:00 Xudafərin-Qubadlı-Laçın yolunun inşası davam edir - FOTO 28 Sentyabr 2021, 18:52 Azərbaycan və Ermənistan arasında qarşılıqlı inam gücləndirilməlidir  - Baş katib 28 Sentyabr 2021, 18:46 İki ölkə arasında saziş imzalanacaq 28 Sentyabr 2021, 18:40 Goranboyun xurma bağlarında zərərvericilər tapıldı 28 Sentyabr 2021, 18:33 Ərdoğan Baydenlə görüşəcək 28 Sentyabr 2021, 18:26 CAREC Proqramının Gömrük Əməkdaşlığı Komitəsinin iclası keçirilib 28 Sentyabr 2021, 18:20 Rusiya daha 5 müəssisənin alma ixracına icazə verdi 28 Sentyabr 2021, 18:14 İlham Əliyev Paşinyanla görüşə ETİRAZ ETMƏDİ 28 Sentyabr 2021, 18:07 Bakı-Sumqayıt qatarlarının həftəsonu hərəkət CƏDVƏLİ 28 Sentyabr 2021, 18:00 Yaponiyada fövqəladə vəziyyət ləğv olunur 28 Sentyabr 2021, 17:54 Bakının Yasamal və Sabunçu rayonlarında evləri su basdı - VİDEO 28 Sentyabr 2021, 17:48 Ombudsmanın əməkdaşları Şəkidə uşaq evində olublar  28 Sentyabr 2021, 17:42 İrakli Qaribaşvilinin Bakı səfərindən gözləntilər... - Deputat ŞƏRH ETDİ 28 Sentyabr 2021, 17:36 3 kəndin qazlaşdırılması ilə bağlı tapşırıq verildi   28 Sentyabr 2021, 17:30 Rezidenturaya qəbulun II mərhələsinin NƏTİCƏLƏRİ 28 Sentyabr 2021, 17:26 Zakir Həsənov sülhməramlıların yeni komandanı ilə GÖRÜŞDÜ 28 Sentyabr 2021, 17:20 “Köfteci Ramiz” restoranı CƏRİMƏLƏNDİ 28 Sentyabr 2021, 17:15
SORĞU Hansı vaksinə etibar edirsiniz?