Modern.az

“Su-25”i düşmən səngərinə çırpan şəhidimiz: Yaşasaydı, 43 yaşı olacaqdı...

“Su-25”i düşmən səngərinə çırpan şəhidimiz: Yaşasaydı, 43 yaşı olacaqdı...

Aktual

1 Sentyabr 2021, 16:28

Bu gün Vətən Müharibəsində şəhid olan Hərbi Hava Qüvvələrinin polkovniki, "Su-25" döyüş təyyarəsinin pilotu, Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin doğum günüdür.

 

Modern.az-ın məlumatına görə, Zaur İsmayıl oğlu Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olub. 1985-ci ildə Sabunçu rayonunun Zabrat qəsəbəsində 192 nömrəli tam orta məktəbə daxil olub, 1992-ci ilə qədər həmin məktəbdə təhsil alıb. 1992-ci ildən 1995-ci ilə qədər isə təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam edib.

 

1995-ci ildə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbinə daxil olan Zaur Nudirəliyev, 1999-cu ildə qardaş Türkiyədə təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Azərbaycana qayıdıb və Hərbi Hava Qüvvələrində aviasiya eskadriliyası aviasiya manqasının təyyarəçisi, baş təyyarəçisi, komandiri, “Su-25” qırıcı təyyarələri üzrə aviasiya eskadriliyasının qərargah rəisi, komandiri, aviabaza komandirinin uçuş hazırlığı üzrə müavini və nəhayət, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Hava Qüvvələri fakültəsinin uçuş hazırlığı kafedrası rəisinin müavini - uçuş fənləri silsiləsinin rəisi vəzifələrində xidmət edib.

 

 

Vətən müharibəsinin ilk günündə qəhrəman təyyarəçimiz Z.Nudirəliyev xidməti vəzifələrinin öhdəsindən layiqincə gələrək düşmənin hərbi obyektlərinin, döyüş mövqelərinin darmadağın edilməsində şəxsi igidlik, şücaət və rəşadət nümunələri göstərib. Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində 7 gün ərzində 12 uçuşu uğurla başa vurub, Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olmasını təmin edib. Lakin oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində 13-cü döyüş uçuşunu reallaşdırsa da düşmənin hava hücumundan müdafiə qüvvələri tərəfindən onun idarə etdiyi təyyarə vurulub. Ağır yaralanmasına baxmayaraq, Zaur Nudirəliyev təyyarədən katapult edə bilərdi. Ancaq Ermənistan tərəfinə əsir düşməsin deyə təyyarəni düşmənin canlı qüvvəsinin cəmləşdiyi səngərə çırpıb və şəhid olub.

 

Zaur Nudirəliyev Azərbaycan Hərbi Hava Qüvvələri tarixində şəhid olan yeganə polkovnikdir. Şəhid polkovnik milli hərbi aviasiyamızın novator, yenilikçi təyyarəçilərindən biri olub. O,  bir sıra yeni üsulların müəllifidir və həmin üsulları sınaqdan keçirərək döyüşlərdə uğurla tətbiq edib. Vətən müharibəsindən bir müddət öncə komandanlıq tərəfindən “Su-25” hücum təyyarələrinin yeni döyüş üsullarının istifadə olunması ilə bağlı qərar veriləndə bu iş Türkiyədə təhsil alması və bir çox dövlətlərin hərbi hava qüvvələri ilə aparılan hərbi təlimlərdə böyük təcrübə toplaması nəzərə alınaraq Zaur Nudirəliyevə həvalə edilib. O, mütəmadi olaraq hərbi təlimlər zamanı “Su-25” hücum təyyarələrinin tam döyüş potensialından bəhrələnərək nişangah istifadə etmədən, yalnız riyazi üsullarla bombaların atılması üsulunu icra edib ki, bu da NATO standartlarına tam uyğundur və digər təyyarəçilərə də bunu peşəkarlıqla aşılayıb. 

 

“Qarabağ” ordenli polkovnik-leytenant, pilot Reyhun Fərmanov şəhid polkovnikin təbiq etdiyi yeniliklərdən danışarkən bunları deyib:

 

“Zaur qardaşımızın idarə etdiyi “Su-25” hücumçu təyyarə əsasən aşağı hündürlükdə istifadə üçün təyin olunub. Əgər aşağı və orta hündürlüklərdə uçarsa hava hücumundan müdafiə vasitələri tərəfindən vurulma ehtimalı çoxdur. Amma polkovnik Nudirəliyevin araşdırmaları nəticəsində “Su-25” hücum təyyarəsinin göstəricilərindən məharətlə istifadə olunmuş, nəticədə yeni bir döyüş üsulu ərsəyə gəlmişdir. Bu təyyarələrdə bomba atışının tam dəqiq olması üçün birinci dəfə olaraq aşağı və ya orta hündürlükdən yox, məhz yuxarı hündürlükdən istifadə olunmuşdur. Bu üsul təcrübədə uğurlu alındığı üçün Vətən müharibəsi zamanı geniş istifadə olunmuş və nəticədə Ermənistan silahlı qüvvələrinin dayaq məntəqələrinə, o cümlədən canlı qüvvələrinə ağır zərbələr endirilmişdir. Unudulmaz komandirimizin təcrübəsi nəticəsində lazer güdümlü bombalar ilk dəfə “Su-25” hücum təyyarəsindən atılmışdır. İllər ötəcək, komandirimizin yenilikləri daha da təkmilləşdiriləcək, onun adı və qəhrəmanlığı hər birimizin yaddaşında əbədi yaşayacaqdır"

 

 

İlk milli pilotlarımızdan olan polkovnik Zaur Nudirəliyev ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Həmçinin şəhid pilotumuz "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə də təltif edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır