Modern.az

Kiyevdə Müslüm Maqomayev gecəsi keçirilib - FOTO

Kiyevdə Müslüm Maqomayev gecəsi keçirilib - FOTO

Aktual

2 Noyabr 2012, 11:10

Ukraynanın paytaxtı Kiyev şəhərində dahi azərbaycanlı sənətkar Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş gecə keçirilib. Modern.az xəbər verir ki, Ukrayna dilinə tərcümə olunmuş “Mənim məhəbbətim - melodiya” elektron kitabının təqdimatının da yer aldığı gecən Ukrayna Azərbaycanlılar Konqresi tərəfindən keçirilib.

Tədbir Kiyevdə Rusiya mədəniyyət mərkəzində baş tutub. Tədbirdə Ukraynadakı azərbaycanlı iş adamları ilə yanaşı, Azərbaycanın bu ölkədəki səfirliyinin, o cümlədən Rusiyanın Ukraynadakı səfirliyinin əməkdaşları iştirak ediblər. Tədbirdə Ukrayna Azərbaycanlılar Konqresinin sədri Rövşən Tağıyev bildirib ki, bütün postsovet məkanında Müslüm Maqomayevin sənətinin vurğunları yaşayır. O qeyd edib ki, sənətkarla bağlı təqdim olunan və Ukrayna dilinə tərcümə olunan elektron kitabın xeyli sayda oxucusu olacaq. R.Tağıyev deyib ki, Müslüm Maqomayev ömrünün çox hissəsini Moskva şəhərində yaşayıb və bu səbəbdən Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) onun anım gecəsinin Kiyevdə Rusiyanın mədəniyyət mərkəzində keçirilməsi rəmzi məna daşıyır. Azərbaycanın Ukraynadakı səfirliyinin 2-ci katibi Sabir Rzayev çıxış edərək bildirib ki, bütün Azərbaycan xalqı üçün Müslüm Maqomayev sənəti fəxr mənbəyidir: “Maqomayevin “Ey əziz anam Azərbaycan” sözlərinin ifası hər bir azərbaycanlının qanını dondurur. Müslüm Maqomayev elə nadir şəxslərdəndir ki, öz xalqını bir çox diplomatdan daha geniş təmsil edir”. Rusiyanın Ukraynadakı səfirliyinin mədəniyyət və təhsil üzrə katibi Olqa Skolçuk isə bildirib ki, Müslüm Maqomayev ilə bağlı belə bir anım gecəsinin keçirilməsi Rusiya tərəfi məmnunluqla qarşılayır: “Maqomayev Rusiya, Azərbaycan və Ukraynadan eyni məhəbbətlə sevilən dünyada tanınmış sənətkardır. Onunla bağlı təqdim olunan elektron kitab isə Ukraynada hazırkı və gələcək nəsil üçün maraqlı vəsait olacaq”. Tədbirdə çıxış edən digər natiqlər Müslüm Maqomayevin özünəməxsus ifa tərzini qeyd ediblər, onun öz pərəstişkarlarını səmimiliyi və təbiiliyi ilə cəlb etdiyini qeyd ediblər. Anım gecəsində Kiyev Opera Teatrının solistlərinin ifasında Müslüm Maqomayevin repertuarındakı əsərlər təqdim olunub.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır