Modern.az

Məktəb inspektoru nə üçün lazımdır və nəyi dəyişəcək - ARAŞDIRMA

Məktəb inspektoru nə üçün lazımdır və nəyi dəyişəcək - ARAŞDIRMA

4 Sentyabr 2021, 14:54

Bu ilin iyun ayında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Məktəblərdə keyfiyyətin inspeksiyası” layihəsi çərçivəsində “məktəb inspektoru” vəzifəsi üçün vakansiya elan edilib. Orta məktəblərdə ilk dəfə təsis edilən bu vəzifəyə qəbul üçün keçirilən imtahanlarda 220-si qadın, 115-i kişi olmaqla, ümumilikdə 335 nəfər iştirak edib.

 

Yazılı imtahan mərhələlərindən uğurla keçən 65 namizəd müsahibə mərhələsinə dəvət olunub və 26 nəfər namizəd növbəti mərhələyə adlayıb. Müsahibədən uğurla keçən namizədlər növbəti mərhələdə təlimlərə cəlb olunacaq, təlimləri müvəfəqiyyətlə başa vuranlar isə 2021/2022-ci tədris ilinin I yarısında sınaq inspeksiyalarda iştirak edəcəklər

 

Məktəb inspektorlarının məqsəd və vəzifələri nələr olacaq? Belə bir vəzifənin tətbiqi orta məktəblərin fəaliyyətində və idarəçiliyində hansı yeniliklər vəd edir?

 

 

Təhsil nazirinin müvafiq əmri ilə “Məktəb inspeksiyalarının keçirilməsi” fəaliyyətinin icrası Təhsildə Keyfiyyət Təminatı Agentliyini tərəfindən həyata keçirilir. Agentliyin məlumatına görə, layihə çərçivəsində məqsəd məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək, o cümlədən, məktəb-şagird-valideyn əlaqələrini daha da gücləndirərək, sağlam və keyfiyyətli təhsil mühiti formalaşdırmaqdır.

 

İnspeksiyalar zamanı məktəbdə öyrətmə və öyrənmə prosesinin keyfiyyəti haqqında düzgün, etibarlı və qərəzsiz məlumat toplamaq üçün müxtəlif tədqiqat alətlərindən istifadə edilir. Belə ki, dərs dinləmələr aparılır, rəhbərlik, pedaqoji heyət və şagirdlər arasında sorğu vərəqələri vasitəsilə anonim sorğular keçirilir. Eyni zamanda, həmin şagirdlərin valideynləri ilə SMS bildiriş vasitəsilə elektron qaydada sorğu təşkil olunur. Bundan əlavə, rəhbər heyət, metodbirləşmə rəhbərləri və dərsləri dinlənilmiş müəllimlərlə müsahibələr təşkil edilir. Əlavə olaraq, zəruri məktəb sənədlərinə, tədrisin keyfiyyətinə təsir edən infrastruktura baxış, habelə məktəbin təhlükəsizlik və sanitariya-gigiyena vəziyyəti də inspektorlar tərəfindən yoxlanılır.

 

 

Məktəb inspektoru olmaq üçün hansı kriteriyalara cavab vermək lazımdır?

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məktəb inspektoru vəzifəsi üçün müraciət edən namizədlərdən müvafiq tələbləri var. Belə ki, mövcud vakansiya üzrə müraciət etmək üçün ilkin tələblər ali təhsil və minimum 8 il pedaqoji sahədə iş təcrübəsinin olmasıdır. Agentlik pedaqoji sahədə xüsusilə idarəetmə təcrübəsi olan namizədlərə üstünlük veriləcəyini açıqlayıb.

 

Məktəb inspektoru olmağın nə kimi üstünlükləri var?

 

Məktəb inspektoru vəzifəsinə namizədləri düşündürən daha bir sual bu sahədə çalışmağın onlara hansı üstünlüklər vəd etməsidir. Təhsil Nazirliyindən namizədlərin bu sualına cavab olaraq bildirilib ki, məktəb inspektorları dövlət qurumlarında təmsil olunma, yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlimlərdə iştirak etmə, habelə özünüinkişaf və karyerada yüksəliş imkanı əldə edəcəklər. Bu isə onların öz üzərində davamlı çalışması, məktəblərin fəaliyyətinə səmərəli təsir etmə imkanları verəcəkdir.

 

 

Məktəblərin inspeksiyası ölkə ərazisində fəaliyyət göstərən bütün dövlət ümumi təhsil müəssisələrini əhatə edəcək.

 

Təhsil Nazirliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məktəb inspektorlarına vəd etdiyi üstünlüklərdən biri də əsas iş yerini saxlamaqla əlavə iş yeri kimi məktəb inspektoru ola bilmək şansıdır. Belə ki, məktəb inspektoru üzrə əmək müqaviləsi əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işəgötürən tərəfindən müəyyən olunan qaydada müddətsiz, müddətli və xidməti müqavilə əsasında bağlanılır. Bu baxımdan, namizədlər əsas iş yeri saxlanılmaqla əlavə iş yeri kimi məktəb inspektoru olmaq üçün müraciət edə bilərlər. Məktəb inspektorları, əsasən, yaşadıqları regionda yerləşən məktəblərin, zərurət olduqda isə respublikamızın digər regionlarında yerləşən məktəblərin inspeksiyasına cəlb olunacaqlar.

 

“Məktəb inspektorlarına təhsildə böyük ehtiyac var idi”

 

 

Tanınmış təhsil eksperti, professor Şahlar Əsgərov hesab edir ki, məktəb inspektoru vəzifəsinin təhsil sistemində bərqərar olmasına böyük ehtiyac vardı:

 

“Əvvəllər təhsildə keyfiyyətə nəzarət edən, orta məktəblərin fəaliyyətini yoxlayan müfəttişlər var idi. Həmin müfəttişlərin işi çətin və məsuliyyətli olmaqla bərabər, onların vəzifəsi çox vacib hesab edilirdi. Müfəttişlər məmur idilər. Təhsildə olan pedoqoji, məişət və mədəniyyət sahəsində olan problemləri məhz müfəttişlər həll edirdi, təhsilin keyfiyyətindən onlar cavabdeh sayılırdı.

 

Müfəttiş vəzifəsinin bərpasını, təhsildə keyfiyyətə nəzarətin artırılması, xüsusilə uşaqların və yeniyetmələrin təlim-tərbiyəsini, tədris prosesini həyata keçirən önəmli bir institutun – orta məktəblərin fəaliyyətinə ciddi nəzarətin təmin edilməsini uzun illər təklif olaraq səsləndirmişəm.

 

Qeyd etdiyimiz məqamları təmin edəcək təsisat məhz müfəttiş vəzifəsinin bu və ya digər formada yenidən bərpası ola bilərdi. Hazırda məktəb inspektoru vəzifəsinin təsis edildiyini biləndə həqiqətən çox sevindim, nə yaxşı ki, məktəblərdə bu ştat yaradılır. Məktəb inspektorlarının olmadığı dövrdə sanki bizim təhsilimiz üç təkər üzərində gedirdi. Yeni vəzifə artıq “dördüncü təkər” funksiyasını əvəz edəcək. İnanıram ki, bu təhsilimizin inkişafına böyük təkan verəcək".

 

Təhsil eksperti Kamran Əsədov isə fərqli yanaşma ortaya qoyaraq, orta məktəblərdə inspektor vəzifəsinə ehtiyac olmadığını hesab edir:

 

“Hazırda ölkənin 4447 orta ümumtəhsil məktəbində 150 min müəllim çalışır. Həmin məktəblərdə 12 minə yaxın inzibati və texniki işçi, hər bir məktəbin direktoru, müavini var. Bu rəqəmlər onu deməyə əsas verir ki, orta məktəblərdə bütün vəzifələr - şagirdlərlə iş, dövlət qurumları ilə əlaqələrin qurulması, psixoloji dəstək və bütün xidmətlərin göstərilməsi ilə bağlı ştatlar var. Buna baxmayaraq, Təhsil Nazirliyi vaxtaşırı müəyyən ştatlar yaradır və həmin ştatlar orta ümumtəhsil məktəblərində əslində digər şəxslər tərəfindən yerinə yetirilən vəzifələri götürür. Nəticədə maraqlar toqquşması baş verir.

 

Məsələn, Azərbaycan təhsilində “Məktəblinin dostu” layihəsi həyata keçirilir. Bu, məktəb psixoloqunun, direktor müavinin də işini görən təsisatdır, məktəbdə təhlükəsizlik məsələləri ilə bağlı məqamları da öz üzərində götürür. Amma məktəbdə hər hansı yeni ştat açılmayıb. İndi məktəbdə yeni məktəb inspektoru vəzifəsi təsis edilib. Əslində təhsil haqqında qanunda nəzərdə tutulub ki, hər bir rayon və şəhər təhsil şöbələrində inspektor ştatları fəaliyyət göstərsin. Bunu məktəblərə tətbiq etmək isə o qədər də əhəmiyyətli deyil. Məktəb inspektorunun görəcəyi işləri məktəbdə onsuz da digər şəxslər görür. Biz niyə boşuna ştat yaradırıq?”

 

 

Kamran Əsədov deyir ki, məqsəd məktəbdə təhsilin keyfiyyətini yüksəltmək, məktəb-valideyn əlaqələrini gücləndirmək, sağlam və keyfiyyətli tədris mühitini formalaşdırmaqdırsa, belə çıxır indiyə qədər bu məqsədlər məktəbdə yerinə yetirilməyib:

 

“Halbuki tədrisin keyfiyyətini yüksəltmək məktəb direktorunun, müavinin, sinif rəhbərinin və müəllimin səlahiyyətidir. Amma məktəb inspektoru artıqdır. Biz müəllimləri sıxırıq, çərçivəyə salırıq. Məktəb inspektoru vəzifəsinə ehtiyac yox idi. Ona ayrılan vəsaiti məktəbdə digər işləri görən sinif rəhbərinə verərək, keyfiyyəti təmin edə bilərik.

 

Təhsil sistemində hansısa ştatın yaradılması ancaq tədqiqat nəticəsində müəyyən olunmalıdır. Məktəblərdə hansı tədqiqatı apardıq və gördük ki, tədrisin keyfiyyəti aşağıdır, onu yüksəltmək üçün məktəb inspektoruna ehtiyac var? Məktəb inspektoru tədrisin keyfiyyətini yüksəldə bilməz. Heç bir tədris sisteminin keyfiyyəti onun müəllimindən artıq deyil. Tədrisin və təhsilin keyfiyyətini yüksəltmək üçün ilk növbədə müəllimin keyfiyyətini artırmaq lazımdır. Tədris birbaşa dərsi deyən şəxslə bağlıdır”.

 

 

Məktəb inspektorunun məktəb-valideyn əlaqələrini gücləndirə bilməyəcəyini vurğulayan ekspertin sözlərinə görə, inspektor dərs demədiyi şagirdi tanıya da bilməz:

 

“Məktəb-valideyn münasibətlərini gücləndirmək artıq sinif rəhbərinin, müəllimin səlahiyyətlərinə daxil olmaqdır. Məktəbdə uşaq birliyi rəhbəri, psixoloq ştatı və s. var. Onlar bunu təmin edə bilərlər.

 

Məktəb inspektoru orta məktəblərdə yaradılmamalıdır. Rayon və şəhər təhsil şöbələrindəki mövcud ştat mütəmadi gedib yoxlama apara bilər. Tədrisin keyfiyyətinin yüksəldilməsini onlardan gözləmək mümkün deyil. Tədris birbaşa pedaqoqun səlahiyyətinə aid prosesdir və bunu pedaqoq yerinə yetirməyəcəksə, heç kim bacarmayacaq. Məktəbdə ştat yaratmaq xatirinə yenilik etmək lazım deyil. İnspektorun əməkhaqqını digər şəxslərə verib, daha keyfiyyətli xidməti təmin etmək önəmlidir”.

 

Aysel Aslan

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda dərc olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu