Modern.az

Çöhrəqanlı: “Bakı üçün çox darıxmışam, nə olur-olsun, ora gedəcəyəm”

Çöhrəqanlı: “Bakı üçün çox darıxmışam, nə olur-olsun, ora gedəcəyəm”

Aktual

3 Noyabr 2012, 15:39

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) ABŞ-da yaşayan lideri Mahmudəli Çöhrəqanlı 6 ildən sonra ilk dəfə Türkiyəyə yola düşüb. O, müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının noyabrın 4-də keçiriləcək qurultayına dəvətlidir. Çöhrəqanlı noyabrın 2-də Vaşinqton hava limanında “Turan”a açıqlama verib.
GAMOH lideri Türkiyədən deportasiya olunmayacağına ümid etdiyini bildirib: “Ümidliyəm, güman edirəm Türkiyəm bu dəfə məni deportasiya etməz”.

GAMOH lideri deyib ki, 2006-ci ildən nə Azərbaycana, nə də Türkiyəyə gedə bilir: “Ötən həftə Vaşinqtondakı Türkiyə səfirliyi ilə əlaqə yaratdım, ancaq viza ala bilmədim. Ankarada MHP liderləri müvafiq qurumlarla əlaqə yaradaraq səfərinin leqallaşmasına çalışıdılar. Mənə deyildi ki, Amerika pasportunuz varsa, Ankaranın hava limanında viza ala bilərsiniz, problem yoxdur. Məni Ankaranın Esenboğa hava limanında dostlar və Azərbaycanı sevənlərdən ibarət izdiham qarşılayacaq”.

Çöhrəqanlı əlavə edib ki, Türkiyə səfərindən sonra Bakıya getmək üçün səylərini Vaşinqtonda davam etdirəcək: “Bakı üçün çox darıxmışam. Ən qısa zamanda ora gedəcəyəm. Nə olur-olsun, gedəcəyəm”.

1958-ci ildə Güney Azərbaycanda doğulan Çöhrəqanlı Təbriz Universitetinin dil-ədəbiyyat fakültəsini bitirib. Tehran Universitetində ümumi dilçilik üzrə namizədlik, Tehran Pedaqoji Universitetində doktorluq elmi dərəcəsi alıb. Təbriz və Tehran Universitetlərində dərs deyib. Azərbaycan Milli Elmlər Akademiyasında “Fars dilində türk sözləri” elmi əsərini müdafiə edərək professor olub. 1996-cı ildə Təbrizdən İran parlamentinə namizədliyini verib. Bundan sonra həbs olunub. Üç il sonra yenidən tutulub. 2001-ci ildə İranı tərk edib. 2003-cü ildə üç ay Azərbaycan Respublikasında yaşayıb. 2006-cı ilin iyun ayında əvvəl Türkiyədən, daha sonra Azərbaycandan deportasiya olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir