Modern.az

Yaddan çıxmış sənətkarlar: Heydər Əliyevi Bakıya çağıran Əlfəddin doktor

Yaddan çıxmış sənətkarlar: Heydər Əliyevi Bakıya çağıran Əlfəddin doktor

Reportaj

7 Sentyabr 2021, 11:58

Sovet dönəmində AzTV-də “Sağlamlıq” adlı populyar bir veriliş vardı… Elə verilşin aparıcısı da populyar sima idi - doktor Əlfəddin Abdullayev...

Ötən həftə onun anım günüydü… 7 il öncə - 4 sentyabr tarixində 85 yaşında vəfat etmişdi…

“Görəsən Əlfəddin həkim sağ olsaydı, koronavirusla bağlı indi hansı məsləhətləri verərdi?”.

Həmkarımız Xaqani Səfəroğlunun bu günlərdə sosial şəbəkədə yazdığı sual çoxlarının unutduğu mərhum Əlfəddin Abdullayevi yenidən yada saldı…


Yeniyetməliyi, gəncliyi keçmiş SSRİ dövrünə düşənlər şübhəsiz ki, Əlfəddin doktoru hələ də yaxşı xatırlayırlar.

Onda "Sağlamlıq" verilişinə necə də həvəslə baxırdıq… Bu verilişə görə Əlfəddin Abdullayevin milyonlarla tamaşaçısı vardı…

Ola bilsin ki, kimsə bu yazını “Yaddan çıxmış sənətkarlar” layihəsində təqdim etməyimizə irad tutsun. Amma istisnalar həmişə olub… Digər yandan, Əlfəddin doktoru duzlu-məzəli söhbətləri, ibrətamiz kəlamları, mahir aparıcılıq qabiliyyəti, yaxşı ünsiyyət bacarığına görə hardasa sənətkar da adlandırmaq olar. Yəni, həkim peşəsini şərəflə daşıyan Əlfəddin Abdullayev həm də sənətkar idi, deyə bilərik…

Azərbaycanın tanınmış həkimi, tibb elmləri namizədi Əlfəddin Abdullayev 2 aprel 1929-cu il tarixində Oğuz rayonunun Xalxal kəndində anadan olub. İlk təhsilini rayon məktəbində almış, 1946-cı ildə sənədlərini Tibb İnstitutuna vermiş, müalicə-profilaktika fakultəsinə daxil olmuşdu.

Əlfəddin Abdullayevin təhsil illəri çətin zamanlara təsadüf edib. Onda İkinci Dünya Müharibəsi yenicə başa çatmışdı. Özü müsahibələrinin birində bu haqda demişdi:

“Həkimlik peşəsinə həmişə böyük hörmətim və həvəsim olub. Digər tərəfdən doğulub, boya-başa çatdığım kənddə həkim yox idi. Bu amil də mənim tibb sahəsini seçməyimdə rol oynayıb. Ona görə də orta məktəbi əla qiymətlərlə oxuduğum üçün tərəddüd etmədən 1946-cı ildə sənədlərimi Tibb İnstitutuna verdim. Elə həmin il ali məktəbə qəbul olundum. Onu da xatırladım ki, həmin illərdə oxumaq çox çətin idi. Ölkədə ərzaq qıtlığı hökm sürürdü. Hətta iş o yerə çatmışdı ki, bizə gündəlik yemək talonu da verirdilər”.

1950-ci ildə institutu bitirən Ə.Abdullayev təyinatla Cənubi Qazaxıstan vilayətinin Bostandq rayonuna işə göndərilmişdi. Əvvəllər həmin rayonun Xocakənd kənd xəstəxanasında baş həkim, sonra rayon mərkəzində həkim-terapevt işləmişdi.

Üç il Qazaxıstanda çalışdıqdan sonra, 1955-ci ildə Azərbaycana - doğma rayonu Oğuza qayıtmışdı. Bir il rayon xəstəxanasında həkim-terapevt, 1956-cı ildən 1962-ci ilə qədər baş həkim işləmişdi.

Həkim işləməklə yanaşı, Elmlər Akademiyasının aspiranturasına daxil olmuş və elmi iş müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsi almışdı.

Ə.Abdullayev 1965-ci ildən 1968-ci ilə kimi Səhiyyə Nazirliyinin dördüncü idarəsinin birinci poliklinikasında təxirəsalınmaz xidmət üzrə baş həkimin müavini və həkim endokrinoloq işləyib. Eyni zamanda, 1968-ci ilə qədər Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ənvər Əlixanovun şəxsi həkimi olub. 

1965-ci ildən 1969-cu ilə qədər Azərbaycan Tibb Universitetinin mətbu orqanı olan "Tibb kadrları" qəzetinin redaktoru olub. 1968-ci ildən 1970-ci ilə qədər Tibb İnstitutunun daxili xəstəliklər kafedrasının assistenti işləyib, tələbələrə dərs deyib. 

1970-ci il iyulun 1-də Bakı şəhərindəki Fuad Əfəndiyev adına 4 saylı Klinik Xəstəxanasının baş həkimi təyin olunub. Düz 29 ilə burada baş həkim vəzifəsində çalışıb.

Uzun illər AzTV-dəki “Sağlamlıq" verilişinə aparıcılıq edib.

2014-cü ildə 85 yaşında Bakı şəhərində dünyasını dəyişib və 4 sentyabr tarixində doğulduğu Oğuz rayonunun Xalxal kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Əlfəddin Abdullayev keçmiş SSRİ dövründə Ali Sovetin deputatı da olub.

Yeri gəlmişkən, Ə.Abdullayev 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atan 91 nəfər ziyalıdan biridir. Amma digər “91-lər”dən fərqli olaraq, Əlfəddin Abdullayev Heydər Əliyev hakimiyyətə gələndən sonra aktiv siyasətə qoşulmayaraq, həkimlik fəaliyyətini davam etdirməyi üstün tutub.

Onu tanıyanlar deyirlər ki, doktor Əlfəddin Abdullayev yüksək insanpərvərliyi, dərin elmi təfəkkürü, sadəliyi və alicənablığı, mehribanlığı və qayğıkeşliyi ilə özünə dərin hörmət və məhəbbət qazanmışdı.

Əlfəddin Abdullayevdən söz düşəndə çoxları onu vaxtilə “Sağlamlıq" verilişində səsləndirdiyi ibrətamiz kəlamları ilə xatırlayır. Onun həmin verilişdə səsləndirdiyi sağlamlıq məsləhətləri atalar sözləri, zərb məsəllərlə müşayiət olunardı. Ən məşhur kəlamı isə bu idi: "Sağlamsansa  xoşbəxtsən, borcun yoxdursa varlısan".

Onun tamaşaçı suallarına özünəməxsus cavabları olurdu. Məsələn, "Almanı nə vaxt yemək məsləhətdir" sualına "varlı acanda, kasıb tapanda" cavabını vermişdi.

Düzgün qidalanma vaxtları barədə cavabı da yaddaqalan olmuşdu: “Səhər yeməyini bərkit, günortanı ləngit, axşamı tərgit”.

Əlfəddin həkim təkcə tibbi məsləhətləri ilə deyil, ürəyəyatım danışıq tərzi, həlim səs tonu, maraqlı ifadələri ilə də sanki insanlara şəfa bəxş edir, ümid verirdi. O zaman bəlkə də bütün Azərbaycan ekran qarşısına cəm olub onun tibbi məsləhətlərini diqqətlə izləyirdi…

Əlfəddin Abdullayev bu verilişə necə hazırlaşdığı barədə öz xatirələrində deyirdi:

““Sağlamlıq” proqramını hazırlayarkən çalışırdım ki, maraqlı, hikmətli sözlər, insan əhval-ruhiyyəsini qaldıran kəlmələr işlədim, bu vasitə ilə insanlara ümid verim, onların itən ümidlərini bərpa edim. Çünki insanı yaşadan, sağaldan ümiddir. Həyatın yarısı arzudur, yarısı ümid. İnsanda ümid olduqda, ən ağır xəstəliyin belə öhdəsindən gələ bilir. Ümid insan orqanizmində onun şəfa tapmasına kömək edən maddələr əmələ gətirir”.

O, xeyirxahlığı, təmənnasız xidməti əsl həkim üçün vacib formul hesab edirdi:

“Əsl həkimlər yanar şam kimi olmalıdırlar. Xəstəni sağaltmaq, ona şəfa vermək üçün sidq ürəklə çalışmalı, xəstə üçün yanmağı bacarmalıdırlar. Məşhur filosof, həkim İbn-Sina deyir ki, özünü təbabətə həsr edən adam mərhəmətli, sadə, təmənnasız, pak, açıqürəkli və təmkinli olmalıdır. Onun zahiri görkəmi abırlı, sözü-söhbəti yığcam, baxışı açıq-aydın, geyimi səliqə-səhmanlı, həm də sadəliyi ilə seçilməlidir. Bütün siması etimad və rəğbət doğurmalıdır. Həkimin səmimiliyi, ünsiyyət qabiliyyəti müalicə vasitələrindən biri olmalıdır”.

Bəziləri onu məşhur fransız komediya aktyoru Lui de Fünese də bənzədirdi. Elə buna görə mərhum doktor “Sağlamlıq" verilişi ilə efirə çıxanda çoxlarının üzündə həm də təbəssüm yaranırdı. Amma bu sadəcə zahiri bənzərlik deyildi… O, maraqlı söhbətləri ilə həm də insanları güldürməyi bacarırdı.

Ona hamı inanırdı. Bu inamı-etibarı necə qazandığını Əlfəddin həkim belə izah etmişdi:

“İnsan ətrafdakıların inamını, etibarını tədricən qazanmalıdır. Bunun üçünsə həmişə yaxşılıq eləməlisən... Ümumiyyətlə, insanların inamını qazanmaq çətin bir işdir. Bunun üçün gərək hər an çalışasan. Həkim olub, inam, etibar, etimad qazanmaq isə daha çətindir. Yaxşı həkim olmaq üçün insanda saf istək, saf niyyət olmalıdır. Mənim istək və niyyətim isə həmişə xeyirxahlıqdan ibarət olub. Qocalıq yaşına çoxdan çatmışam, amma indi də hər axşam yatmazdan əvvəl öz-özümə hesabat verirəm ki, bu gün hansı yaxşı bir işi görə bildim… Zənnimcə, insanlar xeyirxahlıq eləməyə tələsməlidirlər”.


Əlfəddin həkimin sağlam həyat tərzi üçün düsturu beləydi:

“Səhərlər yataqdan vaxtında durmaq, vaxtında yemək, yemək yeyərkən tələsməmək. Sağlam insan 8 saat, hər hansı xəstəliyi olan adam isə 10 saat yatmalıdır. Bundan başqa, hərəkət eləmək…
Mən ayda 130 kilometr piyada yol gedirəm. Bundan başqa sinir sistemlərini sakit saxlamaq lazımdır. Çünki bir çox xəstəliklərin yaranmasına əksər hallarda əsəb gərginliyi səbəb olur. Belə ki, əsəb və stress qanda adrenalinin miqdarını artıraraq, digər orqanlara mənfi təsir göstərir. Qanda adrenalinin miqdarı qalxdıqda isə şəkərin miqdarı artır, qan təzyiqi yüksəlir, qanda laxtalanma əmələ gəlir. Belə hallarda hərəkət etmək, piyada yol getmək məsləhət görülür. Çox yemək, çox yatmaq, hətta çox danışmaq da məsləhət deyil. Ən əsası isə düzgün qidalanmaq lazımdır.
Bu gün insanların əksəriyyəti normal qidalanmaya bir o qədər də əhəmiyyət vermirlər. Hətta bir çoxları səhər yemək yemir. Nəzərinizə çatdırım ki, bu çox yalnış bir vərdişdir. Keçmişdə deyərdilər: “Səhər yeməyini bərkit, günortanı ləngit, axşamı tərgit”. Bizdə isə əksinə edirlər. Bunun nəticəsi olaraq insanda piylənmə əmələ gəlir. Xüsüsi ilə də çox şəkər yemək olmaz. Çünki 25 qr şəkər 15 qr piy əmələ gətirir. Piy qatı isə qaraciyərin və ürəyin üstünə yığılaraq, orqanların funksiyasını pozur”.

Mərhum doktor verilişlərində daim stressi müasir dövrün bəlası adlandırırdı:

“Müasir dönəmdə insanın düçar olduğu xəstəliklərin kökündə əsasən stress durur. Xüsusilə də ürəyin işini çətinləşdirən amil stressdir. Ona görə də gündəlik həyatımızda stressdən uzaq olmağa çalışmalıyıq…
Stressdən, ətraf təsirlərdən qidalanmaya fikir verməklə qorunmaq olar. Çoxlu meyvə-tərəvəz yemək lazımdır. Məsələn, Yaponiyada əhalinin cəmi 1 faizi stressdən əziyyət çəkir. Çünki onlar ildə 500 kq tərəvəz yeyirlər. Şirniyyatdan, duzdan az istifadə etmək lazımdır. İnsan orqanizmi üçün 12 qr duz lazımdır ki, bu da müxtəlif qidaların tərkibində orqanizmə daxil olur. Artıq duz isə damar divarlarına yığılır, təzyiqi artırır, qanı laxtalandırır. Bir sözlə “Dədə Qorqud” dastanında deyildiyi kimi, dünya gəlimli, gedimli, bir ucu da ölümlüdür. Heç kim dünyanı tutub, duran deyil. Lakin sağlam həyat tərzi keçirmək lazımdır. Çünki bu dünyada bir gün artıq yaşamaq özü böyük xoşbəxtlikdir…
…Qan təzyiqi, şəkərli diabet geniş yayılıb. Yaşı 60-a qədər olanlar arasında hər 3 nəfərdən birində, yaşı 60-dan yuxarı olanlar arasında isə hər 2 nəfərdən birində qan təzyiqi xəstəliyi var. Səkkiz nəfərdən biri isə şəkərli diabet xəstəliyindən əziyyət çəkir.
Bunların da səbəbi qeyd etdiyim kimi, stress, əsəbdir. İnsan qorxduqda, stress keçirdikdə, qanda adrenalin çoxalır, ürəyin fəaliyyəti zəifləyir, bu da müxtəlif xəstəliklərə səbəb olur. Ona görə də özümüzü qorumalıyıq. İndiki zamanda hər kəs özünün həkimi olmağı bacarmalıdır”.

O, insanları daim sabaha nikbin ruhda baxmağa çağırıdı. Doğrudur, həmin dövrlər üçün bu çağırış yerinə düşürdü…

“…Həyata nikbin ruhla baxmaq, ümidlə yaşamaq lazımdır. Şair Əmir Xosrov Dəhləvi deyir ki, "su, arpa çörəyi, bir də otaq küncü qismətim olsa, bəxtiyaram mən". Monqollar isə deyirlər ki, "sağlamsansa xoşbəxtsən, borcun yoxdursa varlısan"...”.

Görəsən, doktor indi həyatda olsaydı, bu çətin zəmanədə hansı çağırış edərdi, bu haqda mühakimə yürütmək çətindir.

“Ailə sağlam təməl üzərində qurulmalıdır” deyən Əlfəddin həkimin yeni evlənənlərə də öz məsləhəti vardı:

“Biri-birini başa düşmək, yola vermək ailənin daimi olmasını şərtləndirir. Zənnimcə, yaxşı ailə qurmaq ustalıq olsa da, onu qorumaq böyük məharət tələb edir. Ailə həyatı özü bir məktəbdir. Burada ər-arvad bir-birilərini öyrənir, uşaqları tərbiyə edirlər. Ailə üzvlərinin sağlam olması ailənin ən ümdə xoşbəxtliyidir. Bu xoşbəxtliyi isə hər kəs qorumalıdır. Çünki sağlamlığa göstərilən qayğı ən yaxşı dərmandır. İnsan ona məxsus digər var-dövləti gizlətməyə çalışsa da, sağlamlıq kimi əvəzedilməz xəzinəni həmişə özü ilə gəzdirir. Nə qədər ki, sağlamlıq kimi bir xoşbəxtliyi var, insan onu hiss etmir. Onu yalnız xəstəlik tapanda duyur. Yaxşı olar ki, hər bir gənc nikahın, ailə xoşbəxtliyinin əhəmiyyətini öyrənərək, dədə-baba məsləhəti olan "tez duranla tez evlənən uduzmaz" kəlamına əməl etsinlər”.

Yazının əvvəlində Əlfəddin Abdullayevlə bağlı sosial şəbəkədəki bir qeyddən bəhs etmişdik. Həmin qeydə yazılan şərhlərin hamısında o, rəhmətlə xatırlanır.

Mərhuma rəhmət oxuyanlar sırasında tanınmış jurnalistləri də görmək olar. Sovet dövrünü görmüş jurnalistlər Əlfəddin Abdullayev haqqındakı qısa şərhlərində onun maraqlı ifadələrindən də sitatlar gətiriblər:


Xalid Kazımlı (Musavat.com-un redaktoru): “Deyirdi ki, ölümdən qorxmayın. Nə qədər ki, həyat var, ölüm yoxdur. O vaxt ki, ölüm var, demək həyat yoxdur...”.

Samir Mustafayev (Media Təhlil Mərkəzi): “Yorucu olmayan danışıq tonu var idi”.


Samir Əliyev (İqtisadçı jurnalist): “Deyirdi ki, hamı yaddaşından şikayətlənir, amma heç kim ağlından şikayət etmir”.


İlkin İzzət Bağırov (“Baku Steel Company” Şirkətinin İctimai Kommunikasiyalar şöbəsinin rəisi): “Onun elə təkcə səsi şəfa, dərman, məlhəm demək idi”.


Ülkər Abdullayeva (“Sputkin Azərbaycan”ın redaktoru): “Məşhur deyimi ondan eşitmişəm: “Qrip dərmansız 1 həftəyə, dərmanla 7 günə sağalır...”


Araz Zeynalov (Yeniçağ.az saytı):Rəhmətliyə masajın faydası haqda sual yazıb göndərmişdilər. Cavabı belə olmuşdu ki, masajın etdirənə yox, edənə faydası var...”


Nicat Sadıqlı (jurnalist): “Rəhmətlik hər efirdə gündəlik 6 min addım gəzməyi təbliğ edirdi”.


Elməddin Behbud (jurnalist): “Əlfəddin həkimin axıcı, rəvan nitqi, özünəməxsus səsi tamaşaçılar üçün sanki məlhəm idi. Fikirlərini hikmətli sözlərə, həyat nümunələrinə söykənərək izah etməsi də auditoriyaya nüfuzetməsini daha da artırırdı. Hər çıxışında sağlam həyat tərzini təbliğ edirdi. Onu unutmaq mümkün deyil. Ruhu şad olsun”


Ləman Ələşrəfqızı:Bizim rayondan idi - Oğuzdan. Ləhcəsini də dəyişməmişdi. Təbii dağ adamı idi. Allah rəhmət eləsin”.


İttifaq Mirzəbəyli (“Xalq qəzeti”): “Özündən aforizmlər, atalar sözü düzüb-qoşurdu. Məsələn, bir verilişdə demişdi ki, armudu soyub yeyərlər, almanı sayıb. İzah etmişdi ki, insan mədəsi armudun qabığını çətin əridir. Almanı isə nə qədər çox yesən, yenə də azdır”.


İlhamiyyə Rza (telejurnalist):Əlfəddin doktor bir komediya ustası qədər pozitiv, müsbət və dərin insan idi. Onun verdiyi məsləhətlərin arxasından bir xeyirxahlıq, həqiqətən də bizim sağlam olmağımız istəyi aydın hiss olunurdu. Tanıyanlar onun nurlu və gülər üzünü hələ çox xatırlayacaqlar.
29 il 4 nömrəli xəstəxananın baş həkimi olaraq çalışıb, uzun illər “Sağlamlıq” verilişini hazırlayıb, amma nə yazıq ki, “Əməkdar həkim” adına belə layiq görülməyib. Səbəb heç vaxt ad-san arxasınca düşməməsi idi.
Vaxtilə ABA telekanalında çalışdığım zaman Əlfəddin doktor  da orda veriliş aparırdı. Hamımız onu istər ekranda, istərsə də ABA dəhlizlərində rastlaşanda heyranlıqla, sevgiylə izləyərdik...”.


Xaqani Səfəroğlu (Azpost.info saytı): “Hamı onu rəhmətlə xatırlayır... İnsan üçün bundan yaxşı xatirə olmaz”.

Qeyd edək ki, Əlfəddin həkimin yolunu oğlu Nazim Abdullayev davam etdirir. Tibb elmləri doktoru Nazim Abdullayev hazırda Elmi-Tədqiat Kardiologiya İnstitutunun Ürək qan-damar sistemi xəstələrinin reabilitasiyası bölməsinin rəhbəridir.



A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi