Modern.az

ABŞ səfiri cəhənnəmə göndərilən “status”u axtarır

ABŞ səfiri cəhənnəmə göndərilən “status”u axtarır

Analitika

12 Sentyabr 2021, 13:31

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Qarabağla bağlı qərəzli açıqlama ilə gündəmə gəlib. Ötən ilin payızında Qarabağ münaqişəsi həll olunsa da, amerikalı diplomat hesab edir ki, status məsələsi hələ də gündəmdədir:

 

“Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə keçirilən danışıqların gündəmində qalır. Ancaq bizim üçün vacib olan fundamental məsələlər var. Biz Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğuna inanmırıq. Minsk qrupunun gündəliyində olan bu məsələ hələ də həll olunmamış qalır”.

 

Linn Treysin fikirlərinə Azərbaycan Xarici İşlər Nazirliyi dərhal reaksiya verdi. Bildirildi ki, münaqişə keçmişdə qalıb, bundan sonra hər hansı statusdan söhbət belə gedə bilməz:

 

“ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz”.

 

 

Həmçinin qeyd olundu ki, hazırda ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyəti müzakirə olunduğu bir vaxtda həmsədr ölkə nümayəndəsinin belə bir açıqlama ilə çıxış etməsi, məhz Minsk Qrupunun gələcək fəaliyyətinə xələl gətirir.

 

Cənubi Qafqaz regionunda müharibədən sonra yeni geosiyasi vəziyyətin yaranmasına baxmayaraq, ABŞ niyə hələ də separatçılar üçün status axtarır?

 

Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, Qarabağ məsələsində Qərbə güvənmək olmaz:

 

“ABŞ-ın İrəvandakı səfiri bundan əvvəl qeyd etmişdi ki, status məsələsi həllini tapmalıdır. Həm Zəngəzura, həm də Azərbaycan-Ermənistan sərhədinə gedərək statusla bağlı mənasız bəyanatlar verirdi. Onun dünənki bəyanatı da təbii ki, xoşagəlməzdir. Bir daha onu deməyə əsas verir ki, nə Qərbə, nə də Rusiyaya Qarabağ məsələsində güvənə bilərik. Qərb guya ki, hüquq və ədalətin yanındadır, əslində ədaləti pozanlar elə özləridir. Sülhməramlıların təkcə Rusiya ilə məhdudlaşması da ABŞ və Fransa tərəfindən normal qarşılanır. ABŞ öz qoşunlarını Qarabağa gətirmək niyyətində deyildi. Tamamilə Qarabağı Rusiyaya həvalə ediblər. MDB ölkələrinə nəzər salsaq görərik ki, münaqişə yerlərində separatizm ABŞ tərəfindən dəstəklənir”.

 

 

Politoloq hesab edir ki, Minsk qrupunun həmsədr üzvləri Qarabağda ermənilərin kompakt yaşadığı ərazilərdə Azərbaycan bayrağının dalğalanmasını istəmirlər. Onlar vəziyyətin dondurulmuş halda qalmasında maraqlıdır:

 

“Biz burdan belə bir nəticəyə gələ bilərik ki, Azərbaycan Türkiyə, Pakistan, İsrail kimi ölkələrlə əlaqələrini daha da gücləndirməlidir. Əks təqdirdə görürük ki, digər ölkələrin məqsədi separatçılığı qorumaqdır. Bu, birmənalı olaraq vəziyyətin daha da qaynarlaşacağını göstərir. Çünki Azərbaycan heç vaxt öz torpaqlarında kimsənin olması ilə barışmayacaq. Qərb də düzgün siyasət yürütməlidir, əks halda bütünlükdə Cənubi Qafqazda proseslərə təsir etmə imkanları sıfıra bərabər olacaq”.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev müharibədən sonra çıxışlarında dəfələrlə status məsələsinə toxunaraq, qətiyyətli mövqe nümayiş etdirib.

 

“Status gorbagor oldu, cəhənnəmə getdi”, - deyən dövlət başçısı bu məsələyə birdəfəlik nöqtə qoyub:

 

“Mən müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz”. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir