Modern.az

Sərbəst toplaşmaq azadlığı ilə bağlı hüquqi disbalans aradan qaldırılmalıdır - Deputat yazır

Sərbəst toplaşmaq azadlığı ilə bağlı hüquqi disbalans aradan qaldırılmalıdır - Deputat yazır

Aktual

7 Noyabr 2012, 09:20

Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı

Sərbəst toplaşmaq azadlığı tarix boyu insan hüquqları uğrunda mübarizənin əsas leytmotivini təşkil etmiş, ayrı-ayrı cəmiyyətlərdə demokratiyanın mühüm göstəricisi kimi dəyərləndirilmişdir. İnsanlar onları narahat edən, qayğılandıran məsələləri ictimailəşdirərək mərkəzi hakimiyyətin diqqətinə çatdırmaq, eləcə də hər hansı məsələyə sivil qaydada etiraz etmək baxımından sərbəst toplaşmaq azadlığına yüksək dəyər vermiş, fundamental hüquq kimi təminatını vacib saymışlar. Müasir dövrdə də sərbəst toplaşmaq azadlığı vətəndaş fəallığının və təşəbbüskarlığının mühüm vasitəsi kimi nəzərdən keçirilir. İnsanların qarşılaşdıqları problemlərin həlli məqsədilə bir araya gəlməsi, ortaq görüş və düşüncələrini paylaşması, istənilən məsələ ilə bağlı mövqelərini ortaya qoyması sərbəst toplaşmaq azadlığının ictimai əhəmiyyətini şərtləndirən mühüm amillərdir.

Sərbəst toplaşmaq azadlığı demokratiyanın vacib ünsürü olan vətəndaş cəmiyyətinin formalaşması və inkişafı baxımından zəruri hüquq hesab olunur. Məhz bu azadlıq vasitəsilə insanlar hər cür zorakılıqdan, vandalizmdən kənar, sivil çərçivədə etirazlarını ifadə edir, özünütəsdiq imkanı əldə edirlər. Sərbəst toplaşmaq azadlığı sivil siyasi mübarizənin vacib elementi kimi çox əsrlər bundan əvvəl formalaşsa da, onunla bağlı ilk mükəmməl nəzəriyyələr XIX əsrdə yaranmağa başlamışdır. Dövrünün böyük filosofları Jan Jak Russo, Con Lokk və digərlərinin əsərlərində sərbəst toplaşmaq azadlığı demokratik inkişaf baxımından təminatı vacib olan hüquq kimi dəyərləndirilmişdir. Hesab olunurdu ki, sərbəst toplaşmaq azadlığı mahiyyəti etibarilə çox zəngin bir haqq olub, söz, fikir, məlumat azadlıqlarından heç də az əhəmiyyət daşımır. Azad fikirli insanlar öz düşüncələrini, mövqelərini bildirmək, etiraz etmək məqsədilə bir yerdə toplaşmaq istəklərini piketlər, yürüşlər, mitinqlər vasitəsilə reallaşdırırlar. Bu azadlıqlar bir-birini şərtləndirir və bir-birindən doğur. Plüralist demokratiya üçün vacib şərt təkcə müxtəlif fikirlilik deyil, həm də bu fikirləri çatdırmaq üçün müxtəlif alətlərin, mexanizmlərin formalaşdırılmasıdır. Bu mənada, sərbəst toplaşmaq azadlığı insanlara söz və fikir azadlığından bir addım irəliyə getməyə imkan verir. Eyni düşüncələri paylaşan insanların bir araya gələrək təşkilatlanması isə bu düşüncələrin cəmiyyətə çatdırılmasına və həyata keçirilməsinə imkan verir.

Sərbəst toplaşmaq azadlığı əsas insan hüquqlarından biri kimi müxtəlif milli və beynəlxalq aktlarda öz dolğun əksini tapmışdır. Müasir qanunvericilik aktlarında vətəndaşların siyasi və ictimai fəallığının formaları kimi toplaşmaq azadlığının mitinq, yığıncaq, nümayiş, piket və digər üsullarla həyata keçirilməsi öz əksini tapmışdır. İnsanların bir yerə toplaşaraq öz fikirlərini açıq ifadə etməsi heç də həmişə siyasi maraqlarla bağlı olmasa da, bir sıra hüquq ədəbiyyatlarında dinc toplaşmaq azadlığı siyasi hüquq və azadlıqların tərkib hissəsi kimi nəzərdən keçirilir. Sərbəst toplaşmaq azadlığı ən müxtəlif məsələlər üzrə fikir ifadə etmə və fikir mübadiləsi üçün əlverişli üsullardan biridir. Sərbəst toplaşmaq azadlığı yalnız dinc və silahsız yığıncaqları nəzərdə tutur. Yəni, insanların hər hansı məsələ ilə bağlı keçirdikləri toplantılar dinc xarakterli olmalı, həmin toplantını təşkil edənlər tərəfindən heç bir qanun pozuntusuna yol verilməməli, ictimai asayiş pozulmamalıdır.

Sərbəst toplaşmaq azadlığı vasitəsilə siyasi, ictimai və mədəni həyatın inkişafı təmin edilir. Sərbəst toplaşmaq azadlığının reallaşdırılması vasitələri müəyyən bir kütlənin, azlığın və ya çoxluğun iradəsini oprtaya qoymaq baxımından da əhəmiyyətlidir. Bu vasitələrlə eyni baxışlara sahib olan ayrı-ayrı fərdlər özlərini təqdim etmək üçün daha geniş resurs və imkanlara malik qruplarda təmsil olunurlar. Fikirlər bir insana yox, insanlar qrupuna aid olduqda isə onların eşidilmək, qarşı fikirlərlə rəqabət aparmaq, müzakirə olunmaq, qərarlar verilərkən nəzərə alınmaq imkanları daha çox olur. Sərbəst toplaşmaq azadlığının bütün şərtlərinin təminat altına alınmadığı şəraitdə plüralist demokratiyadan danışmaq mümkün deyildir.

BMT tərəfindən qəbul edilmiş 1948-ci il 10 dekabr tarixli "İnsan hüquqları haqqında ümumi bəyannamə"də deyilir ki, "Hər bir şəxs dinc yığıncaqlar və assosiasiyalar azadlığı hüququna malikdir".

BMT-nin 1966-cı il 16 dekabr tarixli "Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt"ının 21-ci maddəsində göstərilir ki, "Dinc yığıncaqlar keçirmək hüququ qəbul edilir. Bu hüquqdan istifadəyə qanuna müvafiq surətdə qoyulan və demokratik cəmiyyətdə dövlətin və ictimaiyyətin təhlükəsizliyi, ictimai asayiş, əhalinin sağlamlığının və mənəviyyatının və yaxud başqa şəxslərin hüquq və azadlıqlarının qorunması mənafeləri üçün zəruri olan məhdudiyyətlərdən başqa, heç bir məhdudiyyət qoyula bilməz".

Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsində göstərilir ki, "1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla başqaları ilə birləşmək azadlığı hüququ var. 2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və  ictimai asayiş maraqları naminə, iğtişaşın və  cinayətin qarşısını almaq üçün, sağlamlığın və  mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz".

Beynəlxalq hüquqa həssaslıqla yanaşan, milli qanunvericiliyini dünya standartlarına uyğunlaşdıran Azərbaycanda insanların sərbəst toplaşmaq azadlığının maksimum səviyyədə təminatı üçün bütün zəruri tədbirlər görülür. Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr tarixli Konstitusiyasının 49-cu maddəsində bu azadlıq təsbit olunmuşdur. Həmin maddədə deyilir ki, "Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azdalığı vardır. II. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır".

"Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu 1998-ci ilin 13 noyabrında qəbul edilmişdir. Avropa Şurası Venesiya Komissiyasının müsbət rəyini almış bu qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara uyğun olaraq qəbul edilmişdir.  Toplantıların keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanından icazə alınmaması qanunun əsas xarakterik cəhətidir. Kütləvi aksiyaların keçirilməsi üçün xəbərdarlıq prosedurları, yerin müəyyənləşdirilməsi, toplantıların məhdudlaşdırılması və ya dayandırılması əsasları qanunda dəqiq təsbit edilmişdir. İctimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması, ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və ya cinayətlərin baş verməməsi, əhalinin sağlamlığının mühafizəsi, əxlaq normalarının və mənəviyyatın mühafizəsi, habelə başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması hüquqi əsaslar kimi qanunun 7-ci maddəsində öz əksini tapmışdır.

"Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə bu gün qüvvədə olan Azərbaycan qanunvericiliyi ilə inzibati və cinayət məsuliyyətləri müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində məsuliyyət müəyyən edən maddələrin dispozisiya və sanksiya hissələrində hüquqi uyğunsuzluq mövcuddur.

İnzibati Xətalar Məcəlləsinin bu gün qüvvədə olan 298-ci maddəsi bir hissədən ibarətdir və maddənin dispozisiyasında "Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilnin və keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasının pozulmasına görə" inzibati-hüquqi məsuliyyət müəyyən edilir.

Göründüyü kimi, toplantıların təşkili və keçirilməsi qaydalarının pozulmasına görə yalnız təşkilatçılar üçün inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin belə toplantıların iştirakçılarının məsuliyyətindən isə söhbət getmir. Qanunsuz toplantıların bilavasitə iştirakçılarının inzibati məsuliyyətinin istisna olunması bu qəbildən olan qanun pozuntuları ilə inzibati-hüquqi mübarizənin effektliyini azaldır. Qanunsuz toplantıların hərəkətverici qüvvəsi olan iştirakçıların inzibati məsuliyyətdən kənarda qalması həmin maddənin hüquqi natamamlığını daha da qabardır. Nəzərə alsaq ki qanunsuz toplantıların əsas hərəkətverici qüvvəsi iştirakçılardır, iştirakçıların hərəkətlərinə təşkilatçının tam nəzarət imkanları məhduddur, qanunsuz toplantılar ictimai asayişin kütləvi şəkildə pozulması və digər insanların hüquqlarının əhəmiyyətli dərəcədə pozulması təhlükəsi yaradır, onda qanunsuz toplantıların ictimai təhlükəlilik dərəcəsinin yüksək olduğu aşkar görünür. İctimai təhlükəlilik dərəcəsi yüksək olan xətalarda təşkilatçı ilə yanaşı, iştirakçı üçün də inzibati məsuliyyətin müəyyən edilməsi zəruridir.

Qanunvericiliyin tələblərini pozaraq təşkil edilib keçirilən toplantılar zamanı təşkilatçı ilə yanaşı iştirakçı üçün də inzibati məsuliyyətin müəyyən edilməsi dünya təcrübəsinə uyğundur. Belə ki Belarus, Moldova, Qazaxıstan, Rusiya, Tacikistan, İtaliya, Almaniya, Böyük Britaniya, Fransa və s. ölkələrin analoji qanunlarında qanunsuz toplantıların iştirakçıları üçün də inzibati məsuliyyət müəyyən edilmişdir.

Qanun pozuntusuna qarşı hüquqi mübarizənin effektliyinin ən vacib şərtlərindən biri qanun pozuntusu ilə bu pozuntuya görə tətbiq edilən inzibati tənbeh tədbiri və ya cinayət cəzası arasında hüquqi uyğunluğun olmasıdır. Konkret halda inzibati xəta ilə bu xətaya görə nəzərdə tutulmuş inzibati tənbeh tədbiri arasında hüquqi disbalansın olması faktiki olaraq inzibati tənbeh tədbirinin öz məqsədinə nail ola bilməməsini sərgiləyir. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh tədbirinin məqsədi, "...inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq"dır. "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsinin sanksiya hissəsində xəbərdarlıq və çox cüzi məbləğdə cərimənin (7 manatdan 13 manatadək) nəzərdə tutulması həmin məcəllənin 22-ci maddəsində təsbit olunan inzibati tənbeh tədbirinin məqsədlərinə ziddir. Çünki qanunsuz toplantıların təşkili və keçirilməsinə görə xəbərdarlıq və ya 7 manatdan 13 manata qədər cüzi inzibati cərimə inzibati xəta törədən şəxsi nə tərbiyələndirə, nə də  onu və digərlərini yeni xətalar törətməkdən çəkindirə bilər. Xəbərdarlıq inzibati tənbeh tədbirləri sistemində ən yüngül tənbeh tədbiridir. Xəbərdarlıq və ya 7 manatdan 13 manatadək cərimə kimi çox yüngül inzibati tənbeh tədbirləri törədilən inzibati xətanın (qanunsuz yığıncaq, nümayiş, küçə yürüşü, piket) ictimai təhlükəlilik dərəcəsi ilə hüquqi uyğunluq təşkil etmir. Törədilən əməllərlə tətbiq edilən tənbeh tədbirləri arasında mövcud hüquqi disbalans Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət qurulması və ictimai asayişin etibarlı qorunması arzusunda olan şəxsi qane etdiyini düşünmürəm. Bu gün qüvvədə olan qanunvericiliyə görə qanunsuz toplantıların təşkili və keçirilməsində təkrarlıq cinayət məsuliyyətinə səbəb olmur. Biz belə bir müddəanı bu maddəyə gətirmək fikrində deyilik. Amma Qazaxıstan, Tacikistan, Belarus, Ukrayna, Türkmənistan və s. ölkələrin analoji məcəllələrində inzibati xətanın il ərzində təkrar törədilməsi cinayət məsuliyyətinə səbəb olur.   

Qanun statik bir təsisat olduğu üçün cəmiyyətin dinamik inkişafı ilə ayaqlaşmır. Bu, təbii bir haldır. Qanunun, cəmiyyətin inkişaf səviyyəsinə, formalaşmış və ya formalaşmaqda olan ictimai münasibətləri tənzimləyə biləcək vəziyyətə gətirilməsi  qanun yaradıcılığı fəaliyyətinin əsas elementlərindəndir. Burada hüquqi çevikliyin nümayiş etdirilməsi vacib məsələdir. Çünki cəmiyyətin inkişaf səviyyəsinə uyğun gəlməyən qanun çox çevik şəkildə dəyişdirilməsə və ya yeni qanunla əvəzlənməsə, ictimai münasibətlərin həmin sferası ya tənzimlənməyəcək, ya da qüsurlu şəkildə tənzimlənəcək. Bu da hər bir halda daha böyük qanunsuzluqlara yol açır. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi yeni redaksiyada verilməli və qanunsuz toplantıların təşkilatçıları ilə yanaşı, iştirakçıları üçün də inzibati məsuliyyətin müəyyən edilməsi bu sahədə hüquqi tənzimlənməni daha da dəqiqləşdirər. İctimai təhlükəlilik baxımından təşkilatçının əməlinin iştirakçının əməlinə nisbətən daha təhlükəli olması nəzərə alınmaqla təşkilatçıya tətbiq ediləcək inzibati tənbeh tədbiri də iştirakçı üçün nəzərdə tutulacaq inzibati tənbeh tədbirindən ağır olmalıdır.

Tərəfimdən 298-ci maddənin sanksiya hissəsinə ictimai işlər adlı yeni bir tənbeh növünün də daxil edilməsi təklif edilmişdir. İctimai işlər bu gün Cinayət Məsəlləsində cinayət cəzasıdır. Bu cəza növünün İnzibati Xətalar Məcəlləsinə inzibati tənbeh növü kimi daxil edilərək 298-ci maddənin də sanksiya hissəsində nəzərdə tutulması məhkəməni tənbeh növünü təyin edərkən inzibati cərimə, yoxsa inzibati həbs kimi "primitiv dilemma" qarşısında qalmaqdan xilas edər. Çünki bu gün İnzibati Xətalar Məcəlləsində əsas və işlək tənbeh növləri kimi inzibati cərimə və inzibati həbsdən istifadə edilir ki, bu da hüquqi məqsədəuyğunluq baxımından düzgün hesab edilə bilməz. İctimai işlərin İnzibati Xətalar Məcəlləsinə daxil edilməsi məhkəmələrin əməlin ictimai təhlükəlilik dərəcəsinə daha çox uyğun olan ədalətli tənbeh növünü seçmək imkanlarını genişləndirər.  

Qanunsuz toplantıların iştirakçıları üçün üç yüz manatdan altı yüz manatadək inzibati cərimə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya on beş günədək inzibati həbs tənbeh tədbirlərinin müəyyən edilməsi daha məqsədəuyğun olar. Təşkilatçı fiziki şəxslər üçün isə min beş yüz manatdan üç min manatadək cərimə və ya iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya on beş günədək inzibati həbs, təşkilatçı vəzifəli şəxslər üçün üç min manatdan altı min manatadək cərimə, təşkilatçı hüquqi şəxslər üçün isə on beş min manatdan otuz min manatadək cərimə müəyyən edilməsi həmin əməlin ictimai təhlükəlilik dərəcəsinə daha çox uyğundur.

Qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantıların təşkilatçıları ilə yanaşı, iştirakçıları üçün də inzibati məsuliyyətin müəyyən edilməsi, habelə sanksiyaların sərtləşdirilməsi qanunauyğun şəkildə təşkil edilmiş toplantıların keçirilməsinə mane olmağa görə inzibati məsuliyyət nəzərdə tutan 49-cu maddəyə də yenidən baxılması zərurətini yaratdı. Amma bu maddəyə edilən dəyişikliklərlə bağlı ümumiyyətlə, maraqlanan yoxdur. Çünki bu maddə, obrazlı desək, "siyasi şou düzəltmək üçün yararsız" maddədir. Həmin maddədə "Qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilən yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin keçirilməsinə mane olmağa görə" inzibati məsuliyyət müəyyən edilmişdir. Fiziki şəxslər üçün beş manatdan otuz manatadək, vəzifəli şəxslər üçün isə əlli manatdan yetmiş manatadək miqdarda cərimələr nəzərdə tutulmuşdur. Əməlin ictimai təhlükəlilik dərəcəsi ilə nəzərdə tutulmuş cüzi cərimələr arasında hüquqi uyğunluğun olmaması burada da özünü aydın göstərir. Ona görə də cərimələrin artırılaraq əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğunlaşdırılması zərurəti kəskin şəkildə görünür. Qanunla müəyyən edilmiş qaydada təşkil edilən toplantıların keçirilməsinə mane olmağa görə fiziki şəxslər üçün min beş yüz manatdan üç min manatadək, vəzifəli şəxslər üçün üç min manatdan altı min manatadək, hüquqi şəxslər üçün isə on beş min manatdan otuz min manatadək miqdarda cərimə təklif edilmişdir. Göründüyü kimi, 49-cu maddənin təsir dairəsi genişləndirilmişdir. Bu gün qüvvədə olan redaksiyada maddənin subyekti yalnız fiziki və vəzifəli şəxslər hesab edilir. Lakin belə toplantıların keçirilməsinə hüquqi şəxslərin də mane ola biləcəyini nəzərə alaraq hüquqi şəxslərin də subyektlər sırasına daxil edilməsi təklif edilmişdir. Fikrimizcə, subyektlərin dairəsinin genişləndirilməsi və sanksiyanın sərtləşdirilməsi qanuni toplantıların keçirilməsinə mane olan şəxslərlə mübarizənin kəskinliyini artırmış olar. Başqa bir cəhətə də fikir vermək lazımdır. Qanunsuz toplantıların təşkilatçılıarı üçün və qanuni toplantıların keçirilməsinə mane olan şəxslər üçün eyni məbləğdə cərimələr təklif edilmişdir. Çünki qanunla müəyyən edilmiş qaydada təşkil edilən toplantıların keçirilməsinə mane olan şəxslərlə kəskin mübarizənin aparılması da dövlətin maraqları daxilindədir.   

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə qanunsuz toplantılar "vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda" 169-cu maddənin 1-ci hissəsi ilə cinayət məsuliyyəti meydana çıxır. "Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirmə" isə həmin maddənin 2-ci hissəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Maddənin 1-ci hissəsində cərimənin məbləği üç yüz manatadək, 2-ci hissəsində isə yüz manatdan beş yüz manatadəkdir. Fikrimcə, bu məbləğdə cərimələr həmin maddədə nəzərdə tutulmuş iki-üç il azadlıqdan məhrumetmə cəzasının alternativi ola bilməz. Burada da nəzərdə tutulmuş cərimələr cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil. Bu səbəb üzündən də bu maddənin hər iki hissəsində cərimənin beş min manatdan səkkiz min manatadək müəyyən edilməsi təklif edilmişdir.

Qanun dövlətin hüquq siyasətinə uyğun olmaqla yanaşı, cəmiyyətdə ictimai münasibətləri daha dəqiq, dolğun və çevik şəkildə tənzimləmək kimi mühüm bir funksiyanı icra edir. Hüquqi məsələlərə "tipik müxalifətçi" mövqeyindən yanaşmaq, mənsub olduğu siyasi partiyaya siyasi "dividendlər" qazandırmaq, özünü və partiyasını xalqa "sevdirmək" yolunu tutan bəzi soydaşlarımız qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantıların iştirakçıları üçün də inzibati məsuliyyətin təklif edilməsinin dünya təcrübəsinə uyğun olmadığını söyləməklə bunu az qala, "hüqüqi sensasiya" kimi qələmə verməyə çalışırlar. Qanunsuz toplantıların iştirakçılarının da inzibati məsuliyyətə cəlb edilməsi dünya təcrübəsinə uyğundur.

Təklif edilən inzibati cərimələrin orta aylıq əməkhaqqına uyğun olmadığını söyləməklə yuxarıda qeyd edilən "məqsəd"lərə nail olmaq istəyən bəzi soydaşlarımızın bu arqumenti də əsassızdır. İstər inzibati tənbeh kimi, istərsə də cinayət cəzası kimi cərimə qanun pozuntusu törətmiş şəxsin aylıq əməkhaqqına və aylıq gəlirlərinə deyil, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Nəzərdən qaçırmaq olmaz ki, cərimə inzibati qanunvericiliyə görə tənbeh, cinayət qanunvericiliyində isə cəza tədbiridir. O, vergi növü deyil ki, şəxsin gəlirlərinə uyğunlaşdırılsın. Cərimə tərbiyələndirici və çəkindirici məqsədləri güdən inzibati tənbeh tədbiri və cinayət cəzasıdir! Tənbeh və cəza tədbirini qanun pozuntusu törədənin gəlirlərinə "uyğunlaşdırmaq" düzgün hesab edilə bilməz! Bu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 22-ci, Cinayət Məcəlləsinin isə 41-ci maddəsinə zidd olardı. Bu maddələrin tələblərinə görə cərimənin məqsədlərindən biri də həm qanun pozuntusu törədən şəxsi, həm də digərlərini yenidən belə əməllər törətməkdən çəkindirməkdir. Odur ki, cüzi cərimə belə bir məqsədə nail ola bilməz. Cərimənin fəlsəfəsi də qanun pozuntusu törədənin maliyyə vəziyyətinə zərbə vurmaqdan ibarətdir. Azərbaycan Respublikası CM-in 44.2-ci maddəsinə əsasən məhkəmə yalnız cəza təyin edərkən məhkumun əmlak vəziyyətini nəzər alır ki, bu da maddənin sanksiya hissəsində nəzərdə tutulmuş alternativ cəzaların və cərimənin minimum və maksimum hədləri daxilində edilir. Yəni, təyin ediləcək cəriməni ödəyə bilməyəcək şəxsə başqa tənbeh və yə cəza təyin edilir.   

Qanunsuz toplantıların keçirilməsinə görə Avropa ölkələrinin əksəriyyətində daha sərt məsuliyyətlər müəyyən edilmişdir. 

İtaliyanın 1931-ci ildə qəbul edilmiş "Mitinqlərin keçirilməsinin tənzimlənməsi qaydaları" adlı qanununa görə əyalət polisi ofisinin direktoru (kvestor) tərəfindən icazə verilməmiş mitinqin təşkilatçısı 6 ay müddətinə həbs və 103 avrodan 413 avroyadək cərimə ilə cəzalandırılır. Əgər toplantı kvestor tərəfindən qadağan edilmişdirsə, onda tabe olmayan hər kəs 1 ilədək həbs və 206 avrodan 413 avroyadək cərimə ilə cəzalandırılır. Mitinqin dayandırılması qaydasına riayət etməyənlər isə 1 aydan 1 ilədək həbs və 30 avrodan 413 avroyadək cərimə ilə cəzalandırılırlar.

Almaniyanın 1978-ci il redaksiyasında olan "Toplantılar və küçə yürüşləri haqqında" qanununa görə təşkilatçıların icazə alması zəruridir. Əgər toplantıya icazə verilməmişdirsə, toplantını keçirməyə cəhd edən hər kəs polis tərəfindən tutulur və 1 aylıq əməkhaqqı qədər cərimə edilir. İctimai qayda kobud şəkildə pozularsa və ya zorakılıq hərəkətləri edilərsə, bu, cinayət məsuliyyətinə səbəb olur. İcazə verilməyən mitinqlərin təşkilatçıları 1 ilədək həbs ilə cəzalandırılırlar. Toplantının məqsədinə uyğun olmayan şüarların səsləndirilməsi qadağandır və toplantının dağıdılmasına səbəb olur.

Böyuk Britaniyada bu məsələlər "İctimai qayda haqqında" aktla tənzimlənir. Təşkilatçılar hakimiyyəti 6 gün əvvəl yazılı xəbərdar edirlər. Bu tələbin pozulması 1000 funt cərimə ilə cəzalandırılır. İcazə verilməmiş toplantının keçirilməsinə görə təşkilatçılar 3 aya qədər həbs və ya 2500 funt, iştirakçılar isə 1000 funt cərimə ilə cəzalandırılırlar.

ABŞ-da toplantılarla bağlı hər ştatın öz qanunu var. Nyu-Yorkda 45 gün, Los-Ancelesdə 40 gün, Vaşinqtonda 15 gün (Azərbaycanda bu müddət 5 gündür) əvvəl toplantı keçiriləcəyi barədə hakimiyyət xəbərdar edilir. Toplantılar zamanı qanun pozuntularına görə cərimə 3000 dollaradəkdir. Texas ştatında isə 6 ayadək həbs də mövcuddur. İllinoys ştatında isə cərimə 2500 dollar və ya 1 ilədək həbs nəzərdə tutulur.

Fransada toplantıların keçrilməsinə icazəni şəhər və ya ərazi polisinin prefekti verir. Polisin 2 dəfə "dağılışın" əmrinə tabe olmayan iştirakçılar tutulur və 1 ilədək həbs və ya 15 min avro cərimə edilir. Əgər toplantı iştirakçısı tanınmamaq üçün sifətini tam və ya qismən örtərək gizlədərsə, 3 ilədək həbs və ya 45 min avro cərimə edilir. Toplantı iştirakçıları silah gəzdirərsə də, həmin cəza ilə cəzalandırılırlar. Toplantının icazəsiz olması barədə xəbərdarlıqdan sonra isə hərəkətlərini davam etdirən həmin şəxslər 5 ilədək həbs və ya 75 min avroyadək cəriməyə məruz qalırlar. Əgər izacə verilməmiş toplantıda əcnəbi şəxslər iştirak edirsə, onlar ya ömürlük, ya da 10 il müddətinə Fransaya gəlmək hüququndan məhrum edilirlər.

"Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər və bu dəyişikliklərlə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrinə əlavə və dəyişikliklər edlilməsi insanların sərbəst toplaşmaq azadlığı, habelə dinc toplantılar keçirilməsi əleyhinə deyildir. Məqsəd ictimai asayişin daha etibarlı şəkildə qorunması, qanunauyğun və dinc toplantıların keçirilməsi təcrubəsinin formalaşdırılması, hüquqi tənzimlənmənin dəqiqləşdirilməsi, əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun tənbeh və cəzanın tətbiq edilməsi, qanunsuz əməllərdən çəkindirmək, Azərbaycan Respublikası qanunvericiliyinin dünya standartlarına uyğunlaşdırılması, habelə bu sferada ictimai münasibətlərin daha mükəmməl tənzimlənməsini təmin etməkdir.

Noyabr ayının 2-də Milli Məclis plenar iclasında bu qanun layihələrini müzakirə edərək qəbul etmişdir.

Bu qanun layihələri hazırlanarkən dünyanın 30-dan artıq ölkəsinin təcrübələri öyrənilmişdir. Amma heç bir ölkənin analoji qanunu etalon kimi götürlməmişdir. Çünki ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, biz heç kimi təqlid etmirik, Azərbaycan xalqının və dövlətinin mənafelərinə, inkişaf xüsusiyyətlərinə uyğun olan qabaqcıl təcrübədən istifadə edirik.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar