Modern.az

Müharibə niyə qaçılmaz idi: 44 gündən əvvəlki vəziyyət – TƏHLİL

Müharibə niyə qaçılmaz idi: 44 gündən əvvəlki vəziyyət – TƏHLİL

Analitika

14 Sentyabr 2021, 08:29

Avropa və Asiyanın sərhədində yerləşən Cənubi Qafqaz ötən ilin payızında 44 günlük müharibəyə şahidlik etdi. Döyüşlər Ermənistan və Azərbaycan arasında 30 ilə yaxın davam edən münaqişənin dönüş nöqtəsi oldu.

 

Kökləri daha qədimlərə dayanan münaqişə 1988-ci ildə SSRİ-də yaranan özbaşınalıqdan istifadə edən ermənilərin separatçılıq fəaliyyəti ilə başladı və bir neçə il ərzində genişmiqyaslı müharibəyə çevrildi.

 

Müharibə nəticəsində Ermənistan ordusu Azərbaycan ərazilərinin 20%-ni işğal etdi və milyon nəfərə yaxın insanın evlərindən didərgin düşməsinə səbəb oldu. On minlərlə insanın həlak olduğu və qanlı cinayətlərin törədildiyi birinci Qarabağ müharibəsi 1994-cü ildə başa çatdı.

 

Münaqişənin həlli üçün ATƏT çərçivəsində yaradılan, ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi Minsk qrupu adlanan qurum tərəflər arasında uzun danışıqlar aparır, ara-sıra müxtəlif həll planları hazırlayırdı. Ancaq təşkilat mediasiya funksiyasını uğurla icra edə bilmədi. Minsk qrupunun uğursuzluğu Ermənistanın hələ hakimiyyətə yeni gələn Baş naziri Nikol Paşinyanı Xankəndinə gələrək “Qarabağ Ermənistandır” deməsi üçün cəsarətləndirdi. Bu ifadə artıq danışıqların mənasız olduğunu göstərirdi.

 

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəs olduqca kövrək idi, demək olar ki, hər gün pozulur və 2016-cı ilin aprel ayında olduğu kimi ara-sıra ciddi toqquşmalara gətirib çıxarırdı.

 

Sonuncu dəfə belə toqquşma İkinci Qarabağ müharibəsindən 2 ay əvvəl keçmiş təmas xəttindən bir qədər uzaqda, Ermənistan-Azərbaycan sərhədində yaşanmışdı. Düşmənin təxribatı nəticəsində general-mayor Polad Həşimov və polkovik İlqar Mirzəyev kimi yüksək rütbəli zabitlər də daxil olmaqla Azərbaycan ordusunun 12 hərbçisi və bir mülki şəxs şəhid olmuşdu.

 

İyul döyüşləri əvvəlki qısamüddətli toqquşmalardan bir neçə xüsusiyyətinə görə fərqlənirdi. Birincisi, döyüşlər ənənəvi təmas xəttində deyil, sərhəddə baş vermişdi. İkincisi, döyüşlərin baş verdiyi bölgə geosiyasi əhəmiyyətə malik boru kəmərlərinin və digər infrastrukturların yaxınlığında idi.

 

Tovuz toqquşmasından sonra Səudiyyə Ərəbistanının nüfuzlu “Arabnews” qəzetində amerikalı ekspert Lyuk Koffi yazırdı ki, döyüşlərin əksəriyyətinin baş verdiyi rayon Gəncəətrafı ərazinin ortasında yerləşir, Bakı-Tbilisi-Ceyhan boru kəməri, Bakı-Supsa boru kəməri və Cənub Qaz Dəhlizi, Qərbi Avropanı Xəzər regionu ilə birləşdirən fiber-optik kabellər, mühüm avtomobil və dəmir yolları sözügedən ərazidən keçir. Müəllif xatırladırdı ki, toqquşmalar Gəncəətrafı ərazilərin təhlükəsizliyini təhdid edə bilər.

 

Tovuz döyüşlərində Ermənistanın digəri məqsədi daxili vəziyyəti sakitləşdirmək idi. Pandemiya nəticəsində ölkə iqtisadiyyatı sürətlə geriləyir, erməni iqtisadçı ekspertlərin özlərinin də etiraf etdiyi kimi bir növ kripto böhran yaşanırdı. Bundan başqa, Paşinyan Rusiyaya yaxınlığı ilə tanınan siyasətçi və hərbçilərə qarşı siyasi təqibə başlamışdı. Ölkədə yaranan gərgin iqtisadi və siyasi vəziyyətdən fikri yayındırmaq üçün Paşinyanın Azərbaycana qarşı təxribatdan başqa yolu qalmamışdı.

 

Tovuz döyüşlərində Ermənistan, həmçinin üçüncü dövlətləri, şübhəsiz ki, Rusiyanı münaqişəyə cəlb etmək istəyirdi. Döyüşlərdən sonra Ermənistanın hərbi dəstək üçün “Putinin NATO”su adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi də onun bu məqsədindən xəbər verirdi. Ancaq məlum olduğu kimi, Ermənistan bu məqsədlərin heç birinə çata bilməzdi və bilmədi də...

 

Döyüşlərdən sonra Azərbaycanda vətəndaşlar orduya dəstək məqsədilə küçələrə axışdılar. Yüksək rütbəli zabitlər daxil olmaqla hərbçilərimizin şəhid olmasından qəzəblənən insanlar Ermənistana qarşı dərhal müharibəyə başlamağa çağırdılar. Bu çağırışın məntiqi davamı olaraq minlərlə vətəndaş hərbi komissarlıqlara könüllü yazılmağa tələsdi.

 

Avqust ayında növbəti təxribat yaşandı. Erməni diversiya qrupu təmas xəttini keçməyə çalışarkən Azərbaycan ordusunun hərbi qulluqçuları tərəfindən ələ keçirildi. Sonradan onlar terror aktları planlaşdırdıqlarını etiraf etmişdilər.

 

Təxribatçı hərəkətlər və bəyanatlar Ermənistanın yeni müharibəyə başlayacağına işarə edirdi. Artıq Ermənistanın ovaxtki müdafiə naziri David Tonoyan “yeni müharibə, yeni ərazilər” prinsipi ilə hərəkət edəcəklərini açıqlamışdı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev BMT-nin 75-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını bildirmişdi.

 

“Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik”, - dövlət başçısı dünya liderlərinə səslənmişdi.

 

Şübhəsiz ki, Ermənistanın təkbaşına müharibəyə hazırlaşması və belə bir avantüraya təkbaşına getməsi mümkün deyildi. Heç kimə sirr deyil ki, bu işdə ona Rusiya kömək edirdi. Müharibədən əvvəl Rusiya və Ermənistan orduları birlikdə hava hücumundan müdafiə təlimləri keçirdilər. Təlimlərdə Rusiya ordusu Ermənistana pilotsuz uçuş aparatlarından necə qorunacağını öyrədirdi. Lakin belə təlimlər də Ermənistanı xilas edə bilmədi.

 

Bundan başqa Rusiyadan Ermənistana ciddi miqyasda hərbi təyinatlı məhsullar göndərilirdi. Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən başlayaraq Moskva Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə edərək İrəvana yüzlərlə ton hərbi təyinatlı yüklər göndərmişdi. Bu məlumat əsasında Prezident İlham Əliyev rusiyalı həmkarına zəng edərək etirazını bildirmişdi.

 

Regionda iyul döyüşlərindən sonra keçirilən digər böyük təlimdə Türkiyə və Azərbaycan hərbçiləri bir araya gəldilər. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 döyüş təyyarələri daxil olmaqla müasir hərbi texnikaların cəlb edildiyi təlimlərdə iki ölkənin təyyarələri birgə uçuşlar həyata keçirməklə düşməni sözün əsl mənasında təşvişə saldılar.

 

Ümumilikdə isə iyul döyüşlərindən sonra regionda vəziyyət çox gərgin idi. Qərbdən olan müşahidəçilər həyəcanla yenidən qısamüddətli döyüşlərin olacağı barədə şərhlər verirdi. Birgə təlimlər, Ermənistan və Azərbaycan ordularının təlim toplanışları, İrəvanın danışıqlardan imtinası tezliklə müharibənin başlayacağına işarə idi.

 

Elə də oldu. Sentyabrın 27-də Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. Bununla da müzəffər Azərbaycan ordusu 30 illik Qarabağ döyününü cəmi 44 günə açmağa müvəffəq oldu.

 

Ardı var...

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər