Modern.az

Şerimin vəzninə bənzər Xəzərin dalğaları...

Şerimin vəzninə bənzər Xəzərin dalğaları...

Ədəbi̇yyat

16 Sentyabr 2021, 11:55

Qayğısız uşaqlıq illərindən tez-tez doğma Xəzərin sahilini gəzməkdən, pıçıldaşan dalğaların, ləpələrin və üzərində qıy vuran qağayıların səsinin seyrinə dalmaqdan xüsusi zövq alıram. Bu dəfə Xəzərin sahilində var-gəl edərkən, nədənsə könlümdən gözəl müğənnimiz Nərminə Məmmədovanın ifasında Ənvər Əlibəylinin sözlərinə İbrahim Topçubaşovun yazdığı “Xəzərim” mahnısı keçdi. Onu dinlədim, bir daha Xəzərin gözəlliyinə, möhtəşəmliyinə heyran oldum. Fikirləşdim, əcəba Xəzərə hansı ədiblərimiz müaricət edib. Sonralar araşdırmalar apardım. Ən çox Xəzərə şer həsr edən, onu dənizlər şahzadəsi kimi vəsf edən ədib, xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm olmuşdur.

Gəlin, Süleyman Rüstəm qələmindən qaynaqlanan misralardan oxucu qəlbinə yol tapan, onları Xəzərin sehrinə aparan şer nümunələrinə nəzər salaq...

S.Rüstəm Bakıda doğulmuşdur. Yaşadığı evlə Xəzər dənizi arasında məsafə az idi. Hələ kiçik yaşlarından dəniz sahilinə gələr, Xəzəri seyr etməkdən doymazdı. O, sanki, şerlərinin ilhamını Xəzərdən, onun qırçın ləpələrinin səsindən alırdı. O, həyatının bir anını belə Xəzərsiz təsəvvür etmirdi. Sanki, damarlarından axan qan Xəzərin sularından mayalanmışdı. O, Xəzərə o qədər vurğun idi ki, son məzarını da Xəzərdə görürdü:

 

Deyirəm Xəzərin sahillərində

Mənim milyon-milyon səhərim olsun.

Ürək dostlarımın ürəklərindən,

Keçən arzulardan xəbərim olsun.

 

Eşqi var, qanı var mənim canımda,

Dalğası dillənir həyəcanımda.

Xəzərsiz keçməyib bircə anım da,

Öləndə məzarım Xəzərim olsun.

 

Şair “Xəzərim” şerində özünün həyat gerçəkliklərinin Xəzərin əsən gilavar və xəzrilərindən, pıçıldaşan, oynaşan, coşan ləpələrindən, köpürən, aşan-daşan dalğalarından öyrənməsinə işarə edir:

 

Bəzən köpürürsən, bəzən daşırsan,

Sahilin başına oyun açırsan.

Öpüb ayağımı, sonra qaçırsan,

Xəzərim, belə şıltaqlığı səndən öyrəndim.

 

Olanda xəzrilər sənlə əlbəyaxa,

Hər dalğan çevrilir uca bir dağa.

Nəhayət xəzrini çıxarır yoxa

Yenə qoçaqlığı səndən öyrəndim.

 

Sonralar nəğməyə dönən, özünün dediyi kimi şerlərinin, mahnılarının sözlərinin ilhamına çevrilən, doğma paytaxtımız Bakı haqqında şerlər yazan S.Rüstəm şəhərə yaraşıq, gözəllik, nəfəs verən, mavi ayna kimi səciyyələndirdiyi doğma Xəzəri xüsusi olaraq vurğulayır:

 

Vurğunusan günəş gözlü səhərin,

Bəxtin gülür aynasında Xəzərin...

Odlar yurdu, ana vətən, canımsan,

Gözəl Bakı, ürəyimsən, qanımsan.

Babalardan yadigarsan, ellərə,

Adın düşüb mahnı kimi dillərə.

 

Və ya

 

Şerimsən, mahnımsan, sözümsən Bakı,

Mənim uzaq görən gözümsən Bakı.

Canım, ciyərimsən, özümsən Bakı,

Sayıq keşikçindir nəzərim Bakı.

Öz mavi aynamdır Xəzərim mənim.

 

Sən gözümün işığısan, mavi Xəzər,

Günəşlə bir oyanırsan səhər-səhər.

Gözəl Bakı, göz bəbəyim, paytaxtımsan,

Öz şəhərim, öz zəfərim, öz baxtımsan.

 

Şair həyatda Xəzərə rəğbətini özünün saf, ülvi məhəbbətində, sevgisində görürdü. O, Xəzər sahilində dünyaya göz açmasından, həyatının xoş keçməsindən, Xəzərin dosta açıq, yadlara amansız, sahillərinin isə  cənnətməkan olmasından, könül nəğmələrinin ünvanının məhz, bu doğma dənizin olmasından, böyük iftixarla söz açırdı:

 

Könlümdə şirin nəğmələrin var,

Xoş keçdi bu yerlərdə həyatım.

Sahilləri cənnət Xəzərim var.

 

Hər dosta geniş bağrı açıqdır,

Bir yad üzə bilməz sularında

Üstündə günəştək nəzərim var.

 

Xəzərə sevgi, sədaqət şairi ömrünün sonuna kimi müşayiət edib. Məhəbbət şairi kimi sevgili cananına həsr etdiyi eşq misralarında belə böyük məsuliyyətlə, ciddiyyətlə sevgilisinin gözlərinin məhz, mavi Xəzərdən rəng almasını poetik boyalarla, ustalıqla təsvir edir:

 

Gözləri cananımın dilbər Xəzərdən rəng alıb,

Eşqinə sadiq bahar sözlü nigarım yoldadır.

Ötməsin bağçamda bülbül bir daha gül eşqinə,

Öz gülüm, öz bülbülüm, öz nəğməkarim yoldadır.

 

Şair həyatı boyu çox ölkədə yaradıcılıq ezamiyyətlərində, istirahətlərdə olub. Bəzi hallarda səyahəti ayrı-ayrı dənizlərdə üzən gəmilərdə baş tutub. Hər dəfə üzdüyü bu dənizlərdən söz açarkən, onlardan xoş təəssüratla ayrılsa belə doğma Xəzərinin füsünkarlığından, onun sözün əsl mənasında dənizlər şahzadəsi olduğunu dilə gətirərkən, daim digərlərinin gözəllikdə Xəzərə bənzəmədiyini qürur hissi ilə poetik şəkildə ifadə edir:

 

Hamı bilsin, bu sirri mən çoxlarına açmışam,

Şair kimi dövranıma min bir mahnı qoşmuşam.

Səfər vaxtı dənizlərdən, ümmanlardan aşmışam,

Heç bir dəniz, heç bir ümman Xəzərimə bənzəməz.

 

Maraqlı cəhətlərdən biri də odur ki, məhəbbət şairi, gözəllik vurğunu olan S.Rüstəm hələ gəncliyində vurulduğu qızı belə gözəllik simvolu kimi Xəzərə bənzədir, ilk məhəbbətini izhar edir:

 

Vuruldum gəncliyimdə Xəzər gözlü bir qıza,

Səhər gözlü bir qıza!

Könlümdə dil açanda mənim ilk məhəbbətim,

Yadımdadır o qızla lala-piti söhbətim.

Kəlməni kəlbətinlə qəlbindən çıxardığım,

Ayağım əsə-əsə qapısına vardığım.

 

Adətən, insanlar təzə ilin, yeni ilin gəlişini səbirsizliklə gözləyir, özlərinin qəlbinə yaxın olan arzu və diləklərlə qarşılamağa hazırlaşır, onun ruzi-bərəkətli, uğurlu, qədəmi mübarək, zəfərlərlə dolu keçməsi üçün dualar edirlər. Şair Süleyman da təzə ilin gəlişi ilə bağlı diləklərində, hər zaman olduğu kimi Xəzəri də unutmur:

 

Təzə il, yanıma əliboş gəlmə,

Könlümə xoş gələn xəbərlərlə gəl.

Alnın açıq olsun, üzün ağ olsun,

Aləmə səs salan zəfərlərlə gəl.

 

Vətən torpağına can gəlsin deyə,

Bollu yağışla gəl, bollu qarla gəl.

Mahnım pərdə-pərdə yüksəlsin deyə,

Aynam Xəzərdəki dalğalarla gəl.

 

Bu səpkidə olan şerlər sırasında xoş ətirli, güllü-çiçəkli, düzləri laləli baharın gəlişini sevinclə qarşılayan şair burada da Xəzəri yada salır:

 

Könül necə sevinməsin,

Bahar gəlib, bahar gəlib,

Gəzib diyar-diyar gəlib.

Gəlib əlində lalələr,

Şəfəq dolu piyalələr.

Gəlib ətir səpə-səpə,

Vətənimin torpağını öpə-öpə,

Vəcdə gəlsin mavi Xəzər,

Səhər-səhər.

 

Uşaqlıqdan Xəzərə sıx tellərlə bağlı olan şair hər zaman dəniz sahilini gəzir, sakitcə Xəzəri seyr edir, düşüncələrə qərq olurdu. Beynində yazacaq yeni şerlərin konturlarını cızır və hərdən özü-özünə sual verir: “Görəsən Xəzər nəyə bənzəyir?”:

 

Məndən soruşursunuz:- De görək səhər-səhər

Nəyə bənzəyir Xəzər?

-Xəzər göyə bənzəyir, göy Xəzərə bənzəyir,

Xəzər qızıl həşyəli göy məxmərə bənzəyir.

 

İtirmişəm sayını həftələrin, ayların,

Ətrafı seyr edirəm üstündən qayaların:

Mənim ayna Xəzərim, şair qağayıların

Mahnı şer yazdığı bir dəftərə bənzəyir.

 

Şair “Şəhər gəzintisi” adlı şerində isə Xəzərə tamam başqa prizmadan baxır, onu səciyyələndirir, sözlə dolu sinəsini şairanə açır:

 

Bakının aşıqıyəm, mən Bakının şairiyəm,

Doludur sözlə sinəm.

Gəzirəm sahili diqqətlə baxıb mən Xəzərə,

Günəş altında onun varlığı çarpır nəzərə.

Ləpələr, körpə uşaqdır sanki,

Yüyürüb sahili birdən aşacaqdır sanki.

Azca yel əsdimi, şirlər kimi qalxır ayağa,

Dalğalar cuşə gəlib hərbə girir əlbəyaxa.

Deyirəm, seyr edərək mən o sərin dalğaları,

Şerimin vəzninə bənzər Xəzərin dalğaları.

 

Şair “Olmasaydı” şerində bir mənalı olaraq şerlərindəki ilhamı, ahəngi yalnız Xəzərdə görürdü:

 

Gənclər sahil boyunca xəyala dalardımı

Mənim şerlərimdə bu ahəng olardımı?!

Gözəllərin gözləri maviyə çalardımı –

Şəhərimin aynası Xəzərim olmasaydı?!

 

“Coşmağı şerimdən öyrənib Xəzər” – deyib özünü xoşbəxtlər xoşbəxti sayan, şad xəbəri də, sinəsində səslənən nəğmələri də, qızaran gözləri ilə Xəzər üstdən hər səhər süzən şair “Xəzəri vəsf etməkdən” yorulmur:

Ellər bilir vurğunuyam günəş gözlü səhərin,

Məhəbbətim nəfəs alır sularından Xəzərin:

Cəlalını yeni-yeni şəhərlərin, kəndlərin

Vətənimin xəritəsin-ürəyimdə görürəm,

Torpağımın şirəsini çörəyimdə görürəm.

 

Şair yorulmadan gənclik həvəsi, gənclik sövqü ilə yazıb yaradırdı. Qələmini ədəbiyyatımızın demək olar ki, bütütn janrlarında sınayır, yorulmaq bilmədəm həvəslə sənət inciləri yaradırdı. Kimsə ondan” şair yorulmusan?”- deyə soruşanda yenə də şahid kimi Xəzəri göstərirdi:

 

Gah tufan, gah boran görsəm də yolda,

Soruşun Xəzərdən, yorulmamışam.

Döyüş meydanının ön səngərində,

Özümü görməkdən yorulmamışam.

 

Durnalarla həmsöhbət olan şair ənənəsinə sadiq qalaraq, ilhamının yenə də Xəzərin pıçıldaşan ləpələrindən qaynaqlandığına və bu səbəbdən şerini durnaların lələyilə qəlbinin hərarətilə yazmasına eyham vurur:

 

Üzürəm mən yelkənimlə yenə Xəzər sularında

Bahar ətri gəlir mənə pıçıldaşan ləpələrdən:-

İlhamıma qanad verən Xəzər kimi dənizim var,

Cibimdə nə qələmim var, nə bir parça kağızım var.

Bəs nə edim? Gördüyümü nəylə yazım, hara yazım?

Durnaların qulağına çatdı yəqin bu avazım,

Onlar mənə mavi göydən lələk atdı dənizə.

 

                   Kim inanmaz bu sözə!

                   İftixarla, məhəbbətlə,

                   Qəlbimdəki hərarətlə.

                   Canlı mavi dəftərimin –

                   Sinəsinə Xəzərimin.

 

Bircə anda şer yazdım lələyilə durnaların,

Bahar mahnım tamamlandı köməyilə durnaların.

 

Uşaqlıqdan atasının dəmirçixanasındakı zindan səsləri ilə şıltaq mavi Xəzərin sərt dalğalarının qoşduğu nəğmələrdə, dəniz üzərində qıy vuraraq dənizin sakitliyini pozan qağayıların çəh-çəhləri arasında sanki bir vəhdət, həmahənglilik görən şair Süleyman vətən təranələrini, könül duyğularını qələmə almaq üçün də xəyalının qanadlarında Xəzərin sehrinə dalır:

 

Yelkən kimi ağardıqca qağayılar göy sularda,

Dalğalara təmas edir xəyalımın qanadları.

Şıltaq Xəzər sevincindən coşa gəlir ilk baharda,

Şahə qalxan dalğalardır yəhərlənmiş ağ atları.

 

Körpəlikdən bu sahilə bağlamışam ürəyimi,

Ürəyimdə bu sahildən canlı, əziz xatirəm var.

Səhər, axşam Xəzərin göy sularına şair kimi

Qələmlə yox, qanadıyla şer yazır qağayılar.

 

Şair Xəzərə o qədər bağlı idi ki, o həm səhərlər, həm də gecələr Xəzər sahilinə gələr həm sübh çağı Günəşin doğmasını qarşılayar, qızıl rəngə boyanmış Xəzər sularına, üzərində çığırışan, dənizi salamlayan qağayılara hey baxar, könül təranələrinin notlarını xəyalında cızardı. Təbiətindəki qaynarlıqlığını Xəzərə bənzədər, könül duyğularını misralara köçürərdi.

 

Günəş doğur, bürünür Xəzər qızıl rənginə,

Qağayılar çığrışıb salamlayır günəşi...

Arzum, diləyim Xəzər, canım, ciyərim Xəzər,

Hamıdan çox mən sənin şıltaqlığına dözdüm.

Mən olmasaydım əgər, sən olmasaydın əgər,

Sən mənə bənzəməzdim, mən sənə bənzəməzdim.

 

Mənə elə gəlir ki, günəş də insan kimi

Əl-üzünü bizimtək yuyur mavi Xəzərdə.

Xəzər üstdən buludlar yol keçir karvan kimi,

Könlümün təranəsi yüksəlir pərdə-pərdə.

 

S.Rüstəm Xəzəri gecələr seyr etməkdən xüsusi zövq alardı. Gecələr Xəzərin sakitliyi, şəhərdən, buruqlardan sayrışan işıqlar, Ayın dəniz sularında əks olunan parıltılı işıqları,səma ulduzlarının sayrışan parlaqlığı, insanların dənizkənarı bulvarda var- gəl eləmələri isə bir özgə aləm idi şair üçün. Hər dəfə gecələr dənizə tamaşa edəndə nədənsə vaxtilə, rus yazıçısı Maksim Qorkinin söylədiyi: “Bakı gecələri Neapol gecələrindən daha möhtəşəmdir” ifadəsini dilə gətirər, onu misralarında təsdiqləyərdi. Həqiqətən də Bakıya gözəllik verən Xəzər şəhəri gecələr daha çox füsünkar edir, şairə yeni ruh, yeni ilham verirdi:

 

Gecədir, şəhər yatıb, sahildəyəm bayaqdan,

Mənəm öz Xəzərimçin gedən əldən-ayaqdan.

Gecənin bu çağında

Bir şer sorağında

Gözlərimi yenidən Xəzərə zilləyirəm.

Mən nə görsəm yaxşıdır –

Şairlərə nələrdən xəbər versəm yaxşıdır?

Xəzərdə toy-busat var,

Şerə layiq həyat var.

Sarışın gözəlləri, şux qızları göylərin,

Ulduzları göylərin.

Sularda üryan çimir,

Gözlərdən pünhan çimir.

Aysa qara sulara nur səpir ətək-ətək,

Qızlarına göz qoyur balacanlı anatək.

 

Xəzər Vətənimizin baş tacı olan doğma Bakımıza xüsusi yaraşıq, gözəllik verir. Xəzər ölkəmizin bir parçası, milli sərvətidir. Xəzər öz füsünkarlığı, gözəlliyi, möhtəşəmliyi ilə insanlara xüsusi zövq verir. Hərə bu dənizə öz baxış bucağından qiymət verir. Sənət adamları Xəzərin gözəlliyinə valeh olaraq, ona neçə-neçə sənət əsəri həsr edir. Necə ki, Süleyman Rüstəm şerlərilə Xəzəri daim vəsf edib, ona öz məhəbbətini, sədaqətini nümayiş etdirib. Əsrlər, qərinələr keçəcək, gələcək nəsil hələ uzun illər Xəzəri vəsf edən sənət əsərləri yaradacaq. Yəqin ki, Xalq şairi Süleyman Rüstəm də yad olunacaq, adı Xəzər sularında daim əbədi yaşayacaqdır.

 

 

Qafar Əsgərzadə

Əməkdar jurnalist, pedaqogika

üzrə fəlsəfə doktoru, dosent

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi