Modern.az

İran səfirini Hikmət Hacıyevlə görüşdürən SƏBƏB - Tehran diplomatını pis vəziyyətdə qoyub

İran səfirini Hikmət Hacıyevlə görüşdürən SƏBƏB - Tehran diplomatını pis vəziyyətdə qoyub

16 Sentyabr 2021, 15:27

Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev son 3 gün ərzində İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə ikinci dəfə görüşüb.


Böyük ehtimalla birinci görüşün təşəbbüskarı səfir olub. Yəqin səfir Azərbaycan XİN-in növbəti notasını almaqdansa, Hikmət Hacıyevin iradlarını dinləməyə üstünlük verib.


Maraqldır, səfir “İran maşınları niyə Ermənistan üzərindən Azərbaycan ərazisinə qanunsuz yüklər daşıyırlar” sualına necə cavab verib?

Modern.az-ın məlumatına görə, məsələni şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, əslində səfir ona verilən birinci notadan sonra rəsmi Bakının narahatlığını Tehrana çatdırıb. Rəsmi Tehran isə notanı qulaqardına vuraraq, Qarabağa yanacaq daşımağı davam etdirməklə Azərbaycandakı səfirini pis vəziyyətdə qoyub.


Görəsən səfir bu dəfə Tehrandan hansı təlimatı və ya cavabı alıb ki, yenidən Hikmət Hacıyevlə görüşmək istəyib?

“Müsbət xəbər o olardı ki, Tehran Ermənistan üzərindən Qarabağa yük daşımayacağını vəd etsin və səfir bu xəbəri Hikmət Hacıyevə çatdırsın. Tehran bunun qarşılığında İran yüklərinin Gorus-Qafan yolundan rahat keçməsini Bakıdan xahiş edə bilərdi.

Birincisi, təminat yoxdur ki, hər hansı vəddən sonra da İrandakı mərkəzlər Qarabağ separatçılarına yanacaq daşımaqdan imtina etsinlər. Əks halda, Tehran səfirə Bakıda verilən birinci notadan sonra bu əməlindən çəkinməliydi. O ki qaldı, İran yük maşınlarından alınan gömrük rüsumuna, burda da qeyri-adi heç nə yoxdur. Azərbaycan gömrükçüləri Azərbaycan ərazisində xarici yük maşınlarından rüsum alırlar. Əlbəttə, bu Ermənistana keçən İranın yük maşınları üçün qeyri-adi haldır, illər boyu istədiklərini Ermənistana və Qarabağa daşıyıblar”,- E.Şahinoğlu deyib.


Siyasi şərhçinin sözlərinə görə, İran rəsmiləri və şirkətləri müharibədən sonra durumun dəyişdiyini anlamalı idilər:

“İrəvanın bu vəziyyətdən yeganə çıxış yolu ya Ermənistanı İranla birləşdirən alternativ yol tikməkdir, ancaq ona xeyli maliyyə və zaman lazımdır, ya da Azərbaycan ərazisinə iddialardan əl çəkib, sülh sazşini imzalamağa hazır olduğunu bəyan etməkdir”.


Siyasi analitik Asif Nərimanlı deyir ki, baş verənlər fonunda Bakının tələbi, Tehranın xahişi var:


“Bakı Tehrandan Xankəndiyə qanunsuz daşımanı dayandırmağı tələb edir və yalnız bu halda İran sürücülərinin işi asanlaşdırıla bilər: Xankəndinə yük aparan iki sürücünün sənədlərlə Gorus-Qafan yolunda saxlanılması Bakının tələbində əlini gücləndirdi.

Tehran yolda yük maşınlarının keçidinin asanlaşdırılması xahişini edir və istisna deyil ki, bunun üçün Xankəndiyə yük daşınmasını dayandırmaq sözünü verib: İranın problemi həll etməsi üçün indi belə vəd verməsi gözləniləndir. Paşinyan “yaxasını kənara çəkməklə” məsələnin Bakı və Tehran arasında həll edilməsinə çalışır. Hazırda İran TIR-ları Gorus-Qafan yolu istiqamətində qalıb və erməni tərəfi yalnız keçilməz olan alternativ yol təklif edə bilir”.

A.Nərimanlının sözlərinə görə, Gorus-Qafan yolunda “yumşalmanın” olması mümkündür, lakin Bakı anlayır ki, verilən sözlər eyni addımın atılmayacağının zəmanəti deyil:

“İran Xankəndiyə göndərdiyi yükləri bərbad vəziyyətdə olsa da, alternativ yolla Ermənistana, oradan Qarabağa keçirə bilər.

Təbii ki, Azərbaycan məsələni nəzarətdə saxlayacaq: Laçın dəhlizində vizual nəzarət imkanları analoji addımın müəyyən edilməsinə imkan verir.

O şübhəsizdir ki, artıq İranın Ermənistana və Qarabağa yük daşıması əvvəlki qədər asan olmayacaq və bu, Xankəndidəki ermənilərin təminatında da problemlər yaradacaq”.




A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır