Modern.az

Putinlə yola getməyən “Avropa Kraliçası”nın sirli yüksəlişi 

Putinlə yola getməyən “Avropa Kraliçası”nın sirli yüksəlişi 

Analitika

16 Sentyabr 2021, 15:30

Bəzən siyasətçilər və fikir adamları tərəfindən “Avropanın Kraliçası” adlandırılan Angela Merkel sentyabrın 26-da keçiriləcək parlament seçkilərdən sonra siyasətlə vidalaşacaq. O, tarixdə həm parlaq qələbələri və nailiyyətləri, eləcə də bəzi uğursuzluqları ilə yadda qalacaq.

 

Angela Merkel hazırda Avropa İttifaqı (Aİ) liderləri arasında ən uzun müddət hakimiyyətdə qala bilən siyasətçidir. Təxminən 100 dəfə liderlər zirvəsinə qatılıb. Praqmatik baxışları ilə Almaniya kansleri Aİ-nin miqrant böhranı, avro böhranı, COVID-19 böhranı və müəyyən dərəcədə Britaniyanın İttifaqdan ayrılmasını nəzərdə tutulan “Brexit” böhranının öhdəsindən gəlməsində önəmli rol oynayıb.

 

1954-cü ildə anadan olan Merkel Almaniyanın şərqində yerləşən Templin adlı kiçik şəhərdə meşə ilə əhatə olunmuş bir evdə böyüyüb. “Waldhof” kompleksi adlanan bu ev atası Horst tərəfindən idarə olunan protestant seminariyası idi. Amma gənc Angela üçün bu ev Şərqi Almaniyada (Almaniya Demokratik Respublikası) yerləşən azadlıq və təhlükəsizlik bölgəsi idi.

 

Orta məktəbdə oxuduğu vaxt gələcək kanslerin ən çox sevdiyi fənnlərdən biri də rus dili olub. 1968-ci ildə 14 yaşlı Angela Almaniya Demokratik Respublikasında rus dili üzrə keçirilən ümummilli olimpiadada qalib gəldiyi üçün Moskvaya gəlmək şansı qazanıb.

 

Leypsiq Universitetinin fizika fakültəsində oxuyan zaman Angela Merkel tələbə yoldaşı Ulrix Merkel ilə evlənib. Amma bu evlilik uzun müddət davam etməyib və 4 il sonra boşanıblar.

 

Şərqi Almaniya Elmlər Akademiyasında işləyərkən doktorluq dərəcəsi alan Merkel nəzəri kimya bölməsində işləyən yeganə qadın idi. Almaniya Demokratik Respublikasının təhlükəsizlik və kəşfiyyat təşkilatı olan Ştazi Angelanı əməkdaşlığa cəlb etmək istəsə də, o, uğurlu casus olmaq üçün sirr saxlaya bilməyəcəyini deyərək, bundan imtina edib.

 

9 noyabr 1989-cu ildə Berlin Divarı yıxılanda Merkel bacısı ilə birlikdə Qərbi Almaniyaya keçib. Sonra Xristian Demokratlar İttifaqı (CDU) partiyasının sıralarına qoşulub və partiyada sürətlə yüksəlməyə başlayıb. Bu, Qərbi Almaniyanın yaşlı, katolik kişilərinin üstünlük təşkil etdiyi partiyada Şərqi Almaniyadan olan gənc, protestant qadın üçün olduqca böyük uğur idi.

 

2005-ci ildə Almaniyanın kansleri seçilən Angela Merkel Bundestaq kürsüsündən ilk siyasi nitqini səsləndirdi. “Həyatımın ən böyük sürprizi azadlıqdır. Çox şey gözləyirdim, amma pensiya yaşımdan əvvəl azadlıq hədiyyəsi yox idi”, - deyə o deputatlar qarşısındakı çıxışnda qeyd edib.

 

Tezliklə dünya liderindən birinə çevrilən Merkelin keçmiş həyat təcrübəsi böhranlarla və güclü kişilərlə üzləşməsinə kömək edib. 1995-ci ildə velosiped gəzintisindən qayıdarkən kansleri qonşunun ov iti dişləyib. Bundan sonra o, itlərdən qorxmağa başlayıb.

 

2007-ci ildə Merkelin bu qorxusunu bilən Rusiya Prezidenti Vladimir Putin onunla görüşə “Koni” adlı itini gətirmişdi. Putin narahat olub-olmadığını soruşanda Merkel rus dilində istehza ilə cavab verdi: “O, jurnalistləri yemir”.

 

İllər ərzində Merkel Krımı ilhaq etməsinə, bir çox münaqişə bölgələrində Almaniyanın maraqlarına təhlükə yaratmasına baxmayaraq, Putinlə ünsiyyət qurmağa davam etdi.

 

Merkel 2015-ci ildə Yaxın Şərqdəki müharibə və çətinliklərdən qaçan təxminən 1 milyon miqranta Almaniyanın sərhədlərini açma qərarı verdi. Məsləhətçilərinin dediyinə görə, qaçılmaz humanitar fəlakətin qarşısının alınmasına şəxsən liderlik edirdi. Almaniya qapılarının miqrantlara açılması ölkədə radikal sağçı partiyanın yüksəlməsinə səbəb oldu və İkinci Dünya müharibəsindən sonra radikal millətçilər ilk dəfə parlamentə seçildi.

 

Ancaq almanların əksəriyyəti üçün millətçilik hissi Merkel dövründə daha çox mədəni anlayışa çevrildi. Qərbi Almaniya 1990-cı ildə futbol üzrə Dünya Kubokunu əsasən avropalılardan ibarət komanda ilə qazandı. 2014-cü ildə qələbə qazanan Almaniya yığmasının heyətində qanalı mühacirin oğlu Jerom Boatenq, tunisli Sami Xedira və türk Mesut Özil təmsil olunurdu.

 

Karyerasının bu nöqtəsində bir çoxları Merkelin dünyanın ən nüfuzlu adamlarından biri olduğunu deyir. Merkeli “Avropa İttifaqının de-fakto lideri” olaraq xarakterizə edən “Time” jurnalı 2015-ci ildə onu ilin adamı seçdi. “Forbes” xanım kansleri dünyanın 100 ən nüfuzlu insanlarının siyahısında ikinci sıraya yazdı.

 

2017-ci ildə Donald Tramp Ağ Evdə Barak Obamanı əvəz edəndə, Merkel Qərbin liberal demokratiya üçün ümid yeri hesab edilirdi. Obama 2016-cı ilin noyabrında Berlinə vida səfərində Merkelə bunları dedi: “Kaş ki, yükünü bir qədər yüngülləşdirmək üçün orda (Ağ Ev – red.) olaydım, amma o (Tramp – red.) sərtdir”.

 

Merkelin işi sadəcə uğurlardan ibarət deyil. Bu gün Almaniyada antisemitizm artmaqdadır, Ölkənin iqtisadiyyatı yavaşlayır, “Dəmir Pərdə”nin aradan qaldırılmasından 30 ildən artıq bir müddət keçsə də, şərq-qərb bölünmələri davam edir.

 

Avropa İttifaqında Merkelin hakimiyyətdən getməsini gözləyən bir çox siyasətçi var. Fransa Prezidenti Emmanuel Makron bu siyahıda ən öndədir. Makron Merkelin getməsindən sonra “Avropanın Kralı” olmaq iddiasındadır.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi