Modern.az

Şəhid məzarları… Düşmən qənimi

Şəhid məzarları… Düşmən qənimi

8 Noyabr 2012, 13:31

Modern.az Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən Ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndiilməsinə xidmət edən deputat-tələbə layihəsinə yenidən start verdi. Bu layihə çərçivəsində deputat Rövşən Rzayevin təqdim etdiyi “Qarabağın Azərbaycanlı və erməni icmaları arasında danışıqların bərpası torpaqların azad edilməsinə necə təsir edə bilər?” mövzusu ilə bağlı daxil olan tələbə yazılarını təqdim edirik.

«Qarabağın Azərbaycanlı və Erməni icmaları arasında danışıqların bərpası, torpaqlarımızın işğaldan azad edilməsinə necə təsir edə bilər»?

Dünyada müxtəlif milliyyətə, irqə, görünüşə, düşüncəyə malik olan insanlar var. Onların hər birini birləşdirən bir ad var: - «İnsan». Onları fərqləndirən bir çox xüsusiyyətlər olsa da, birləşdirən önəmli bir xüsusiyyət də var: - «Torpaq» və «Vətən» anlayışları. Hər bir insan öz irsinin, öz keçmişinin, bu günüdür. Hər bir vətəndaş mənsub olduğu xalqın, millətin yaşadığı dünəninin kiçik bir hissəsi və elə həmin xalqın özüdür. Hər bir vətəndaş onun vətəninin başına dünən gətirilənlərdən yoğurulan, anasının südündən, atasının «Vətən ağrısı» ilə yanan qəlbindən, nənəsinin «Yurd həsrəti» ilə yanan ürəyindən, babasının ayaqlarının itirib gəldiyi «Ana torpaq»dan, «Vətən»dən bir parçadır. Hər bir vətəndaş itirilmişlərin sayəsində qazanılan «Bu gün» və bu günün sayəsində qazanılacaq «sabahlar»dır...

Biz «Azərbaycanlıyıq» və dilimiz də, torpağımız da, milli mənsubluğumuz da bu adı daşıyır. Bəs, biz, yalnız bunlara görə mi Azərbaycanlıyıq?! Biz bu torpağın çörəyini yeyib və suyunu içirik, bu torpaqda boya-başa çatırıq deyə mi Azərbaycanlıyıq?!

Özünü azəri hesab edən çoxlarının nə bu xalqın bu günündən, nə də dünənindən heç xəbərləri belə yoxdur. Ancaq, çox heyf ki, onlar da bəziləri kimi bu millətin adından çıxış edirlər. Mübariz kimi neçə-neçə oğullarımız öz vətəni yolunda canlarını fəda ediblər. Bu torpaq neçə-neçə şir ürəkli oğullarımızın, kişi qeyrətli qız-gəlinlərimizin qanı ilə yuyulub, nənə-babalarımızın, hələ heç bir günahı olmayan körpələrin göz yaşları ilə təmizlənmişdir. Bu torpağın suyu, daşı, havası o insanlara haram olar ki, bu torpaqda yaşasa da, bu millətin bir nümayəndəsi olsa da, bu xalqın keçmişini və tarixini bilməsin.

Necə ki, bu barədə ümummilli liderimiz və tanınmış siyasətçi Heydər Əliyev bildirmişdir: «İndi Müstəqil Azərbaycanın hər bir gənci məktəbdə milli təhsil alaraq, öz xalqının, öz millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə, o, həqiqi vətəndaş ola bilməz. Əgər bunu bilməsə, o, millətini qiymətləndirə bilməz. Əgər bunu bilməsə, o, millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz». Hər bir gənc, hər bir vətəndaş öz şüurunda bir inqilab etməli və baxdığı hər bir yerdə yalnız bir yazını görüb, oxuduğu hər bir mahnıda bu sözləri qəlbinə yazmalıdır: «Mən Azərbaycanlıyam və mən fəxr edirəm ki, mən bu xalqın övladıyam. Mən Qarabağlı, mən Azərbaycanlıyam! Mən keçmişdə axıdılan nahaq qanların yerdə qalmaması üçün, keçmişimizin bu günə göndərdiyi bir keşikçiyəm. Mən dünənimizin, tariximizin, kimliyimizin, mənliyimizin keşikçisiyəm. Mən adını tarixə yazmış olan bir xalqın keşikçisiyəm. Mən elə bu tarixi «Qələbə bizimdir» deyə yazacaq olanlardan lap birincisiyəm»!

Bu torpağın hər bir vətəndaşının düşüncəsində, Qarabağ dedikdə, ancaq, nə vaxtsa qayıdacaq olan bir torpaq yox, həm də nə vaxtsa qayıdacaq olan keçmişimizin bir parçası canlanmalıdır.

Bu gün bizim susmuş vicdan kimi susmağa məhkum olunmuş, ancaq, rahatlıq tapa bilməyən «Güllələnmiş heykəllər»imiz onların köksündə yaralar açan qəlpələrin yerinin nə vaxt sağalacağını gözləyir. Bu heykəllər, onları güllələyənlərin bir heykələ atəş açacağı qədər aciz olduğunu göstərir, ancaq, bizlərə isə düşmənə daha da qəzəblə və iradə ilə mübarizə aparmağa yardımçı olan bir stimul olmalıdır. Bu gün biz öz müstəqilliyimizi dünyaya bəyan etsək də, bizim mənən tam və müstəqil olmadığımızı damarında «azərbaycanlı» qanı axan hər bir kəs bilir. Çünki, biz keçmişimizdən bizə yadigar qalan ata-baba yurdumuzun bir hissəsini itirmişik. Bizə qayıdacaq olan və bizim olan bu parçamıza qovuşmaq yolunda hər bir kəs öz qanı və canı bahasına olsa belə çalışmalıdır. Biz hər birimiz babalarımızın itirilən ayaqları, kor olan gözlərin işığı və bu torpağın döyünən ürəyi, lazım gəldikdə isə eyni bir hədəfə vura bilən qolu olmalıyıq.      

Bu günə kimi aparılan danışıq proseslərinin, yaradılan müxtəlif partiya və qrupların, müxtəlif icmaların bu yolda çalışması və atdığı addımların hələ də tam nəticə verə bilməməsinin müxtəlif səbəbləri ola bilər. Ancaq, ən böyük səbəb, məncə – birlikdir. Burada xalqın birliyi önəmli olsa da, lakin çoxlarının nəzərə almadığı bir fakt da budur ki, məhz bu partiyalar, icmalar da eyni fikirdə olmalı və eyni bir hədəfə vurmağı bacarmalıdır. «Yeddi nar çubuğu» nağılındakı kimi, ata-dövləti, övladlar isə - partiya və icmaların simasında birlikdə  olmalı, müxtəlif düşüncələrə malik olsalar da, nəticə etibarı ilə bu xalqın ümumi mənafeyini güdən qərarı ala bilməyi bacarmalıdırlar. Bu yolda nəinki, vəzifəli şəxslər müxtəlif tədbirlər həyata keçirməli, ən əsası isə bizim hər birimiz bu yolda özümüz-özümüzü vəzifələndirməliyik. Hər birimiz bu problemin həlli yolunda öz payımıza düşən addımları düşünərək və cəsarətlə atmalıyıq. Bu pay bizim «vətəndaşlıq borcu»muzdur.         

Müstəqil Azərbaycan dövləti bu yolda müxtəlif strategiyalardan istifadə etmiş və müxtəlif addımlar atmışdır. Bu problemin həlli yolunda müxtəlif qrupların və partiyaların da rolunu danmaq mümkün deyildir. Buna «Qarabağın azərbaycanlı və erməni icmaları arasında aparılan danışıqlar prosesi»ni misal göstərmək olar. Bu tip danışıqların məsələnin həllində müəyyən rolu olsa da, lakin, ən əsası iki ölkə başçısı tərəfindən hər iki xalq üçün ən yaxşı nəticə verə biləcək qərarın alınmasıdır.

Bu məsələnin taleyinin çoxlarının gözündə qaranlıq olması, onların məhz «uzaqgörən» olmamasından irəli gəlir. Çünki, bu problemin yalnız bir həlli vardır: - Bizim olan yenə bizim olacaq! Buna görə də, bu məsələnin öz həqiqətinə qovuşacağına, biz hər birimiz inanmalı, bu yolda lazım olan qəti addımları atmağı bacarmalıyıq. Bu nəticənin tezliklə gerçəkləşməsi üçün, bu xalqın hər bir nümayəndəsi bu yolda eyni fikrə, eyni düşüncəyə malik olmalı, lazım gəldikdə isə hər bir addımı cəsarətlə atmağı bacarmalıdır. Şüarımız isə yalnız belə olmalıdır: «Qarabağ bizimdir, bizim olub və bizim olacaq da!». Çünki, ermənilərin nə qədər qalib görkəmi olsa da, bu, elə ancaq bir görkəm olaraq qalacaq və içində qorxunun gizləndiyi süni cəsarət gülüşləri və cəsarət qabığı geyinmiş addımlar bir gün onların yadlarından çıxacaq, elə həmin zaman da, onların gizlənmiş əsl «aciz sima»ları özünü göstərəcəkdir.       

Gündən-günə inkişaf edən və güclənən Azərbaycanın hər bir millətə, hər bir irqə, hər bir xalqa qoymuş olduğu hörmət və dostluq münasibətləri artıq bütün dünyaya məlumdur. Eləcə də, ermənilərin apardığı «talançılıq siyasəti» də, var olmayanın üzərinə qurduqları və təməli belə olmayan, yalnız puç fikirlərdən ibarət olan düşüncələri, ən əsası isə mövqesizliyi də bütün dünyaya açıq-aydın şəkildə nümayiş olunur. Onlar heç vaxt qalib olmayıb və ola da bilməzlər! Çünki, qalibiyyət yalnız haqlı tərəfin qazancı və mənsub olan uğrunda aparılan bir mübarizədir. Çünki, əgər kimsə ona aid olmayan üçün mübarizə aparır və daha doğrusu aparmaq fikrindədirsə, o, əlində olanları da itirməyə məhkumdur. Necə ki, bu taleh erməniləri gözləyir!!! Onlar da, onların olmayanı mənimsəyir, çapıb-talayır və məhv edirlər. Ancaq, haqq-ədalətin bir gün yerini tapacağı və haqsızlıq edənlərin də öz cəzalarına çatacağı həqiqəti onların özlərini də qorxudur…            

Biz hər birimiz bu torpağın bağrından axan qanlı göz yaşlarını silmək və bu xalqın firavan yaşaması üçün əlimizdən gələni etməyə hazır olmalıyıq. Bizim bizə aid olanı unutmağımız mümkün deyildir..! Biz öz dinimizə, inanclarımıza, insanlığımıza bağlı olan bir xalq kimi, neçə-neçə günahsız insanların qanlarının tökülməsini istəməsək də, zamanı gəldikdə həqiqətdən doğan bu vacibliyə, müharibə yolu ilə olsa belə nail olmağa hazır olmalıyıq. Çünki, azad və firavan yaşamaq hər bir xalqın haqqıdır. Aparılan danışıqlar prosesinə böyük ümidlər bəsləyən «Azərbaycan xalqı» bizim qələbə marşımızın, himnimizin o torpaqlarda çalınacağı günü səbirsizliklə gözləyir. Bizim hər birimiz əlimizi ürəyimizin üstünə qoyub:

                                               Azərbaycan, Azərbaycan!

                                               Ey Qəhrəman övladın şanlı Vətəni!

deyərək, qürur hissi ilə «Ruhun sakit olsun Mübariz, bacı və qardaşlarına aid olan bu torpaqlar artıq düşmən tapdağı altında deyil. Sənin keçmişin bu gününə geri qayıtdı deyərək, bizim olana yenə qovuşacağıq». Bu gün bizim hər birimizin həm səbirsizliklə gözlədiyi, həm də bütün gücü ilə çalışdığı və cəsarətli addımlarla irəlilədiyi bir «Qələbə günü» olmalıdır.

Azərbaycan poeziyasında xalqımızın mili oyanışına xidmət edən, bütün yaradıcılığı boyu istiqlal, azadlıq, vətən ideyalarını yaşadıb və yaratmış Milli Azadlıq Hərəkatının öncüllərindən olan B.Vahabzadənin «Şəhid məzarları» şeirində, müstəqilliyə gedən yolun çətinlikləri barədə göstərdiyi kimi:

                        Şəhid məzarları… Düşmən qənimi.

            Vətənin köksündə vüqarla durub,

                        Mənim varlığımı bir təsdiq kimi

                        Yurdun sinəsinə möhürlər vurub!

Şəhidlər boylanır əsrlər üstdən,

Dolanır zəmanə,

Dönür qərinə.

Necə yaşamağın, necə ölməyin,

Təhrini öyrədir nəvələrinə.

 

Bu gün, bizim hər birimizin, öz vətəndaşlıq borcumuzu yerinə yetirdiyimiz və doğurdan da bir azərbaycanlı olaraq özümüzlə fəxr etməyə layiq olduğumuz bir gün olacaq… Allah bu günü, bu millətə tezliklə, ancaq, daha günahsız insanların qanı axmadan nəsib etsin. Mən arzu edirəm ki,  «Odlar yurdu»nun odu düşmənləri yandırıb kül etsin və bu millətin boş qalan yurd-yuvasına keçmişimizin, tariximizin, tarixdəkilərimizin isti nəfəsini gətirsin.

Vətənpərvərlik, xalqın xoşbəxtliyi üçün çalışmaq, təkcə bunun üçün vəzifələndirilənlər üçün yox, həm də sabahlarımızın bu günü olan və o sabahları daha da işıqlı etmək üçün tarixin özünün vəzifələndirdiyi biz-Azərbaycan gənclərinin amalı olmalıdır.

                                   Ucundadır dilimin, həqiqətin böyüyü,

                                   Nə qoydular deyəyim, nə kəsdilər dilimi,

                                   Bilirmisiz, cühəla nə etdilər vətənə?

                                   Nə qoydular uyuya, nə qoydular yürüyə.

                                   Nə başqa – başqalarız, nə ittihad edəriz.

Ayıltmadı qələmim, şu türk ilə əcəmi,

Nə qoydular yazayım, nə qırdılar qələmi.

 

«Bilirmisiz, cühəla nə etdilər vətənə?»

 

 

Bakı Slavyan Universitetinin  Pedaqoji fakültənin  II Kurs tələbəsi Şəhla Samir qızı

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI