Modern.az

Azərbaycanlı deputatlar Türkiyədə görüş keçirib

Azərbaycanlı deputatlar Türkiyədə görüş keçirib

8 Noyabr 2012, 16:16

Azərbaycanın millət vəkilləri Qənirə Paşayeva, Jalə Əliyeva və Xanhüseyn Kazımlı Ankara Universitetinin rektoru professor Erkan İbişlə  görüşüblər

Modern.az-ın məlumatına görə, görüşdə Ankara Universitetin rektoru professor Erkan İbiş qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edib.
Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən rektor iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib. O, rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu da bildirib.

Görüşdə azərbaycanlı deputatlar Qənirə Paşayeva, Jalə Əliyeva və Xanhüseyn Kazımlı Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd ediblər və Ankara Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmini bildiriblər. Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də sıx əməkdaşlığın olduğu qeyd edilmişdi. Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün istiqamətlərində olduğu kimi təhsil sahəsində də ildən-ilə əlaqələrin genişləndiyini vurğulayan millət vəkilləri hər iki ölkənin orta və ali məktəblərində ortaq türk tarixinin, mədəniyyətinin tədrisinin vacibliyini də qeyd ediblər.

Millət vəkilləri Ankara Universitetinin rektoruna Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə məlumat veriblər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi də aparılıb. Ankara Universitetinin rektoruna Azərbaycan həqiqətlərinə,  mədəniyyətinə,  tarixinə dair materiallar təqdim edilib.

 Görüşün sonunda Ankara Universitetin rektoru Azərbaycana səfər etməyə dəvət edilib.  Azərbaycanı çox sevdiyini bildirən Ankara Universitetinin rektoru professor Erkan İbiş dəvəti məmnuniyyətlə qəbul edib, yaxın zamanlarda ölkəmizə səfər edəcəyini və bu səfərin rəhbərlik etdiyi Ankara Universiteti ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişafına təkan verəcəyinə inamını ifadə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır