Modern.az

Dövlət Baxçalı İlyas İsmayılovun fəaliyyətini izləyirmiş

Dövlət Baxçalı İlyas İsmayılovun fəaliyyətini izləyirmiş

8 Noyabr 2012, 17:09

Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı  İlyas İsmayılov noyabrın 3-dən 7-dək Türkiyədə səfərdə olub. O, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının dəvəti ilə dost partiyanın noyabrın 4-də keçirilən 10-cu qurultayında iştirak edib.

Ədalət-in mətbuat xidmətindən verilən məlumata görə, İ.İsmayılov qurultayın ertəsi günü Milliyyətçi Hərəkat Partiyasının qərargahında D.Baxçalı ilə görüşüb. İlyas İsmayılov Dövlət Baxçalını yenidən sədr seçilməsi münasibəti ilə təbrik edib. Ədalət sədri həmçinin bildirib ki, MHN-nin və onun rəhbərinin indiyə qədərki fəaliyyətlərini daim izləyir və təqdir edirlər. Qurultayda iştirakına və təbrik sözlərinə görə təşəkkürünü bildirən Dövlət Baxçalı da Ədalət Partiyasının sədri və Azərbaycan Milli Məclisinin üzvü kimi İlyas İsmayılovun fəaliyyətini yaxından izlədiyini vurğulayıb və Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı üçün göstərdiyi səylərə görə  ona minnətdarlığını çatdırıb.
Görüşdə iki dost partiya arasında əlaqələrin gücləndirilməsi zəruriliyinə də toxunulub. Partiya sədrləri sonda xatirə şəkli çəkdiriblər. Görüşdə Ədalət Partiyası sədrinin müavinləri Ayaz Əfəndiyev və Etimad İsmayılov də iştirak ediblər.

Noyabrın 5-də İlyas İsmayılov həmçinin Türkiyə Böyük Millət Məclisində Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, parlamentin Plan və Büdcə Komissiyasının üzvü, AKP-dən Adana millət vəkili, professor Necdet Ünüvarla görüşüb. Görüş zamanı əsasən Azərbaycan-Türkiyə münasibətlərinin indiki durumu və parlamentlərarası əlaqələr müzakirə edilib. Söhbət əsnasında İ.İsmayılov türkiyəli deputat həmkarına rəhbəri olduğu Ədalət Partiyası haqda da bilgilər verib. Tərəflər Türkiyə-Azərbaycan münasibətlərinin daha da yaxşılaşdırılması üçün səylərin artırılmasının vacibliyi məsələsində həmrəy olduqlarını bildiriblər.

Oxşar məsələlər İlyas İsmayılovun Türkiyə Böyük Millət Məclisində AKP-dən qrup başqanı vəkili, İstanbulu təmsil edən xanım  millət vəkili Ayşe Nur Baxçekapılı ilə noyabrın 6-da keçirilən görüşündə də müzakirə olunub. Bundan başqa tərəflər istər partiyalar, istərsə də parlamentlər arasındakı əlaqələrin intensivləşdirilməsinə tərəfdar olduqlarını da bildiriblər.

Türkiyə səfəri ilə bağlı təəssüratlarını Bakıda jurnalistlərlə bölüşən İ.İsmayılov Türkiyənin önəmli müxalifət partiyası hesab olunan, Azərbaycana daim sayğı ilə yanaşan, onun maraq və mənafelərini müdafiə edən dost Milliyyətçi Hərəkat Partiyasının qurultayında iştirakdan, köhnə dostları və tanışları ilə görüşməkdən məmnunluq duyduğunu bildirib. Partiya sədri vurğulayıb ki, tədbirin möhtəşəmliyi ona xüsusi zövq verib: “Çox istərdim ki, Azərbaycanın heç olmasa tanınan, üzdə olan partiyaları da öz ali tədbirlərini bu cür coşqu və qürur hissi ilə keçirsinlər”.


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi