Modern.az

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

18 Sentyabr 2021, 09:38

Bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 136-cı ildönümü tamam olur.

 

Modern.az xəbər verir ki, görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır.

 

Bu gündən başlayaraq sentyabrın 24-dək davam edəcək Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının zəngin proqramında Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş musiqiçilərin də çıxışları yer alıb.

 

Bundan əlavə, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində tarixi ədalət bərpa edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması nəzərə alınaraq, bu ilki festivalın ilk konsertlərindən biri də Şuşa şəhərində keçiriləcək.

 

Belə ki, sentyabrın 18-də Üzeyir musiqi günündə Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə Şuşada açıq havada konsert təşkil olunacaq.

 

Eyni zamanda, festivalın proqramında Gəncə və Ağdamda tədbirlərin təşkili planlaşdırılıb. Bu ilki festival çərçivəsində həmçinin ilk dəfə olaraq “Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqrama start veriləcək və gənclərə böyük səhnədə özlərini nümayiş etdirməyə şans yaradılacaq.

 

Xatırladaq ki, 18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir