Modern.az

Bakıda AİDS-lə mübarizəyə dair beynəlxalq konfrans keçirilib

Bakıda AİDS-lə mübarizəyə dair beynəlxalq konfrans keçirilib

8 Noyabr 2012, 18:40

Bakıdakı “JW Marriott Absheron” otelinin “Xırdalan” zalında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyi ilə “NUR” Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən təşkil olunan HİV/AİDS-lə mübarizəyə həsr olunmuş beynəlxalq gənclər konfransının açılış mərasimi keçirilib.

Konfransın açılış mərasimində “NUR” Uşaq və Gənclərin İctimai Birliyinin sədri Sevinc Muradova, gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkilləri İlham Məmmədov, Sevinc Hüseynova, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Hervard və Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxış edibllər.

Daha sonra “HİV/AİDS: qlobal vəziyyət, təşəbbüslər, nailiyyətlər və çətinliklər” adlı I Sessiyada BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin ölkə meneceri Arzu Quliyeva, millət vəkili Məlahət İbrahimqızı, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Cəvahir Süleymanova, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşı Şahin Xasıyev, Nigeriya və Azərbaycandan iştirakçı gənclər çıxış ediblər.

Günün ikinci yarısında keçirilmiş “HİV/AİDS-in önlənməsində gənclərin iştirakı” mövzusunda keçirilmiş Sessiyada Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nərmin Bağırova, Azərbaycan Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov və UNİCEF-in əməkdaşı Natiq Umarov çıxış edibllər. 

Konfransda Azərbaycan və dünyanın 10 müxtəlif ölkəsindən  (Rumınya, Misir, Almaniya, Nigeriya, Türkiyə, Litva, Estoniya, Yunanıstan, Ukrayna, Sudan) 40 nəfər gənc  iştirak edib. Tədbirin keçirilməsində başlıca məqsəd gənclər təşkilatları və ictimai fəal gənclər üçün sağlam həyat tərzinin təbliği, HİV/AİDS-lə mübarizə və yeni təşəbbüslərin yaranması mövzusunda müzakirələr aparmaq üçün imkan yaratmaq və bununla da, bu sahədə ən yaxşı təcrübələrin öyrənilməsi, mübadiləsi və gələcək əməkdaşlıqların yaradılmasına vasitəçi olmaqdan ibarətdir.


Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir