Modern.az

“Bir bayraq altında birləşdir bizi....” – BAYRAM

“Bir bayraq altında birləşdir bizi....” – BAYRAM

9 Noyabr 2012, 12:36


Bayraq hər bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan tikilən dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi qurumların binalarının qarşısında dirəyə asılan, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlər atributudur. Bayrağın simvol və anlamlı rəngləri dəyişilməzdir. Hər rəng və simvol bir özəl məna daşıyır. Bayraq hər bir ölkənin vətəndaşı üçün müqəddəsdir. Dünyada təşkil olunan beynəlxalq idman, musiqi və s. yarışmalarda hər kəs öz bayrağının daha yükəskdə olması üçün çalışır.
Bu gün Azərbaycan Respublikasının dövlət bayrağının yaranmasının 94-cü ili tamam olur. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının dövründə yaranan bayrağımız, 2 ildən sonra ADR-in süqutu ilə sıxışdırıldı. Üçrəngli Azərbaycan bayrağı 71 il sonra - Sovet Sosialist Resublikaları İttifaqının (SSRİ) dağılması nəticəsində - 1991-ci ildə müstəqil dövlətimizin rəsmi atributu elan edildi. Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda qəbul edilmiş Konstitusiyasına görə, Azərbaycanın dövlət bayrağı, gerbi və himni milli atributlar hesab edilir.

Azərbaycan Respublikasının üçrəngli bayrağının yaranması...

Azərbaycan Respublikasının dövlət bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərarla qəbul edilən Azərbaycan bayrağı qırmızı parçanın üstündə ağ rənli aypara və səkkiz guşəli ulduzun təsvirindən ibarət idi. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi.
Göründüyü kimi ilk dövlət bayrağı qırmızı rəngdə, Türkiyənin dövlət bayrağına oxşar  formada olub. Azərbaycan Xalq Cumhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi.
Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış: Eşidildi –Nazirlər Şurası sədrinin milli bayraq haqqında məruzəsi. Qərara alındı – mavi, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin.
Beləliklə Azərbaycan Respublikasının bayrağı 1918-ci il 9 noyabr tarixində, Azərbaycan Demokratik Respublikasının (1918-1920) dövründə yaradılıb.

Azərbaycan bayrağındakı rənglərin mənası...

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır. Türklərin mavi-göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy-mavi rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir.
Qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafı istəyini ifadə edir. Məlum olduğu kimi XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Ə.Hüseynzadə yazırdı: "Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə deyil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!".
Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib.
Yaşıl rəng – islam sivilizasiyasına , islam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar" əsərində yaşıl rəngin geniş izahını verib.
Bayrağımızın üzərindəki ay-ulduzun mənası nədir? Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Hətta alim və tədqiqatçıların da bu məsələdə fikirləri üst-üstə düşmür. Bir sıra izahlarda ayparanın türk dövlətlərinə məxsusu simvol, səkkizguşənin əbədiyyət olduğu bildirilir. Digər izahlarda aypara və ulduz xoşbəxtlik və səadət rəmzi kimi göstərilir.

“Milli Bayraq günü iş günü sayılmır...

Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncamlar imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd edilir. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı günü elan olunub və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Ginnesin rekordlar kitabına düşən Azərbaycan bayrağı…

Azərbaycan bayrağının ən hündürdə dalğalandığı yer Bakı şəhərinin Bayıl qəsəbinsdə yerləşən Bayraq Meydanıdır. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetrdir. İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. «Ginnes» dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Paytaxt Bakıdan sonra respublikamızda ən hündür bayraq Bərdədə ucaldılıb. 85 metr hündürlüyü olan bayraq (eni 10, uzunluğu isə 20 metrdir) şəhərin bütün əraziləri ilə bərabər, qonşu Tərtər və Yevlax rayonlarından da görünür. Bundan başqa Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şəki şəhərində, Quba, Şəmkir, Qazax, Siyəzən, Göygöl rayonunda da Bayraq meydanı yaradılıb.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi