Modern.az

İdman yarışı təşkil edənlər saxlanıldı

İdman yarışı təşkil edənlər saxlanıldı

Aktual

20 Sentyabr 2021, 11:22

Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları şəhər ərazisində koronavirusa qarşı aparılan mübarizə tədbirlərini davam etdirir.

 

Modern.az-ın məlumatına görə, şəhərin 12-ci mikrorayon ərazisində keçirilən reyd zamanı karantin qaydalarının kobud şəkildə pozulması faktı aşkarlanıb. 

 

Belə ki, yaşayış binalarından birinin zirzəmisində fəaliyyət göstərən idman zalında qanunvericiliyin tələblərinə əməl edilməyib. Həmin idman zalında Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara zidd olaraq kütləvi idman yarışının keçirildiyi məlum olub.

 

Boksla məşğul olan 80-ə yaxın idmançının cəlb edildiyi yarış polis əməkdaşlarının müdaxiləsi nəticəsində yarımçıq dayandırılıb. Yarışın təşkilatçıları, 1977-ci il təvəllüdlü Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin boks müəllimi, “Əməkdar məşqçi” Anar Baxışov və şəhərin 11-ci mikrorayonunda fəaliyyət göstərən “Rafael” idman klubunun boks müəllimi Valeh Əliyev Sumqayıt polisi tərəfindən inzibati məsuliyyətə cəlb olunublar.

 

Sumqayıt şəhər Polis İdarəsinə gətirilən yarışın hər iki təşkilatçısı barədə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati cəza tədbirləri görülüb.

 

Saxlanılan şəxslərlə maarifləndirici söhbətlər aparılıb və onlar karantin qaydalarına zidd olaraq yarış təşkil etdiklərini etiraf ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı