Modern.az

Yaza bilmədiyim şeirlər

Yaza bilmədiyim şeirlər

10 Noyabr 2012, 11:38

Bu yazımı bağça uşaqlarına həsr edirəm

Baxça uşaqlarının saf,  təmiz,  süd  qoxulu dünyası gələcəyimizin ilk səhifəsi və bəlkə də təbiətin həyata ən gözəl epiqrafıdır. “Ailə  kiçik bir dövlətdir, onun Konistitusiyası məhəbbətdir,  dövlət himni isə körpə qığıltılarıdır”.  
Kiminsə, nə vaxtsa   dediyi bu   fikri  qabaqlar sevməsəm də,  indi nədənsə daha çox xatırlayıram.  Bu mətn  həyatın başlığı kimi  doğum evlərinin qarşısına yazılıb vurulsaydı, bəlkə də   ailəyə, uşaqlara laqeydlik  hissi bir qədər  azalardı.  Sevdiyim  bir şeirin birinci misrası  həmişə məni həyacanlandırıb:  “Mən demədimmi ki, uşaq bağçalarının yanında türmə tikməyin”. Məncə, bu, o  deməkdir ki, uşaq səsləri türmədəkiləri öldürə bilər.

Düşünürəm ki, uşaq hərəkətlərinin şəklini çəkə bilsən və səsini lente yazsan, ən gözəl  şeiridir, daha sənə qələm-zad, düzəliş- filan lazım deyil, sadəcə qələmi kənara tut, uşaq düşüncəsini yaralaya bilərsən.

Qabaq harda uşaq görsəm, danışdırsam, sözlərini şeirə çevirərdim. Ya da heç bir düzəliş etmədən yadımda saxlayardım, nə vaxtsa yazacağam deyirdim.

Nə qədər uşaq şeirləri çıxdı qarşıma. Yazmadım, sabahdan-sabaha saxladım. Amma yadımda saxladım.., kağıza köçürə bilmədim,   yadımda  qalanlarının  bəzilərini Modern.az saytının səhifəsinə yazıram indi.

Balaca oğlum uşaq vaxtı (3 yaşında) bizi qorxudurdu həmişə. “Deyirdi  mənə şirni verməsəniz, gözümü yumub sizi  qaranlıqda qoyacağam”. Elə bilirdi ki, gözünü yumanda hamı qaranlıqda qalır.

Bir dəfə də dedi: “Ata, külək əsəndə ağaclar niyə dalaşır”...

Yas  yerində demişdi: ”Ata, arvadları kim döyüb, niyə ağlayırlar?”...

Sonra Bakıya gələndə soruşdu: “Ata, dənizi kim qazıb?” və yaxud “gəmilərin ayağı yerə çatır?”.

Qarlı qış günlərinin birində  gəlib gördüm ki, pəncərələri açıb, sobanın xodunu verib. Soruşdum: ”Nnyə belə edirsən?”. Dedi ki, “ata, çölü qızdırıram ki, gedib çöldə oynaya bilim”.

Kənddə olanda həmişə deyirdi:
- Ata, hində bir yumurta var, ikisi də yanında var” yəni üç. Bir yumurta fal demək idi, yanında olan iki yumurtanı isə götürmək olardı.

Birinci sinfə gedəndə deyirdi:
- Ata, mənə türmə dəftəri al, yəni riyaziyyat dəftəri - dama-dama.

Qışda tez-tez ağlayırdı, səbəbini soruşurdum. Cavabı da belə  olardı: “Soyuq ayağımı dişləyir”. Bir dəfə də soruşdu:
- Ata, nənə sənin nəyindi?
Öz dilində dedim: - Mamam
O isə dedi: “Yalan deyirsən, böyüklərin maması olmur”.
O elə bilirdi ki, böyüklərin anası olmaz. Niyə belə deyirdi, bilmirdim, bəlkə də bunun bir elmi izahı da var: bəlkə uşaqlar həddi-buluq dövrünə çatanda ata-ana himayəsindən ayrılırlar, özündən asılı olmayaraq, uşaq həqiqəti  deyir.

Onun “şeirlərinin” çoxunu unutmuşam.

İndi nəvəmin üç yaşı var. Dilindən şeir tökülür. O günü deyir:
- Baba, mənim əlimdən bərk tut, birdən maşının altına düşə bilərəm.
Həmişə televizorun pultunu sındırır. Bilir ki, biz bu məsələndən narazıyıq. Ona görə hər dəfə pultu gətirib mənə verdi və dedi:
-  Baba, bu pultu elə yer qoy, mənim əlim çatmasın , yoxsa sındıracam.

O günü balaca bacısına layla çalır: “Layla, layla, bacımın gözü yatsın”.
O elə bilir ki, adam yatanda gözləri yatır.

Nənəsi ona  layla çalanda bir dəfə  dedi: “Nənə, səs salma, qoy yatım”...

Nəvəmin  “şeirləri” çoxdu. Yazsam, qurtarmaz. Hamının evində belə şeirlər var. Gör nə qədər şeirlərimiz ölür. Uşaq ədəbiyyatımız tükənir. Bu şeirlər evdən şölə çıxa bilmir, beləcə öz beşiyində unudulur.

Yazımı Türkiyəli şair  İsmayıl Uyaroğlunun aşağıdakı şeiri ilə bitirirəm:

Hər silah ayrı bir səslə partlar:
Tapança: dann,
Tüfəng: bumm,
Top: gumm,
Bomba: bomm…
Amma öldürdükləri körpələr
Harasında olursa dünyanın
Eyni ağrıyla bağırar:
– Ah…


Gəlin bu «ah»ların qeydinə qalaq…

[email protected]

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər