Modern.az

Şəhid ailəsinə 21 ildir niyə ev verilmir? – Rəsmi AÇIQLAMA

Şəhid ailəsinə 21 ildir niyə ev verilmir? – Rəsmi AÇIQLAMA

20 Sentyabr 2021, 15:06

Avqustun 16-da Birinci Qarabağ müharibəsində şəhid olmuş Elçin Şükürovun həyat yoldaşı Çimnaz Baxşıyeva Modern.az saytına müraciət edərək, 21 ildir növbədə olmasına baxmayaraq, dövlətin şəhid ailələri üçün ayırdığı binalardan mənzil ala bilməməsindən şikayətlənmişdi.  

 

Həmin müraciətin saytımızda dərc olunmasından bir ay keçsə də, Çimnaz xanımın problemi həll olunmayıb.

 

Modern.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əlaqə saxlayıb.

 

Qurumun mətbuat katibi Murad Həşimov saytımıza açıqlamasında şəhid ailəsinə niyə ev verilməməsinin səbəbini belə əsaslandırıb:

 

“Müraciətlə əlaqədar məlumat verim ki, sözügedən vətəndaş Çimnaz Tofiq qızı Baxşiyeva şəhid ailəsi üzvü kimi mənzil növbəsinə dayansa da, mənzillə təmin olunması üçün təqdim etdiyi sənədlərə baxılarkən onun İsmayıl Hidayətzadə küçəsi, ev 51A ünvanında mənzilinin olması aşkar edilib. Vətəndaş adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə onun mənzillə təmin edilməsi qanunvericiliyə uyğun deyil. Bu barədə vətəndaşa da məlumat verilib”.

 

Xatırladaq ki, Şükürov Elçin Siyavuş oğlu 1962-ci il sentyabrın 6-da Bakı şəhərində anadan olub. O, 1992-ci ildə könüllü olaraq döyüşə qatılıb. Ağdərə istiqamətində gedən döyüşlər zamanı Qozlu kəndində şəhid olub. Birinci Fəxri Xiyabanda dəfn olunub.

 

Humay İsgəndərova

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi