Modern.az

Dövlət Komitəsi torpaq sahəsi zəbt olunmuş mərhum şairin varislərini get-gələ salıb

Dövlət Komitəsi torpaq sahəsi zəbt olunmuş mərhum şairin varislərini get-gələ salıb

10 Noyabr 2012, 15:56

“Biz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəsmi cavab ala bilməmişik”. Bu sözləri Modern.az-a açıqlamasında mərhum şair Ağa Laçınlının oğlu, “Mediaforum” saytının baş redaktoru Azər Qaraçənli deyib.

A. Qaraçənlinin sözlərinə görə, oktyabrın 24-də keçirilən sonuncu məhkəmə iclasında hakim ekspert seçilməsinə qərar verib. “Bu günlərdə öyrəndik ki, hakim ekspertiza keçirilməsini noyabrın 20-də olmasına qərar verib. Biz qərarın sürətini də götürmüşük. Noyabrın 20-də Ədliyyə Nazirliyinin ekspertiza mərkəzinin nümayəndələri Badamdarda torpaq sahəsinə baxış keçirməli və bununla bağlı sonda məhkəməyə rəy verməlidir. Nümayəndələr hansı torpaq sahəsinin nə qədər zəbt olunduğunu araşdırıb, bu barədə məhkəməyə məlumat verməlidir”.

Baş redaktor sonuncu iclasdan əvvəl artıq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etdiklərini bildirib.
“Komitədən əraziyə gəlib, peyk vasitəsilə torpaq sahələrinin bizə məxsus olan və qarşı tərəfin torpaq sahəsini yoxlayıb, müəyyən eləmişdi. Bizə məxsus torpaq sahəsinin zəbt olunmasını göstərmişdi. Komitə bizə rəsmi bir cavab verməlidir ki, biz yoxladıq və nəticə filan oldu. Lakin biz Komitənin araşdırmasının nəticəsinə dair cavabı ala bilməmişik. Biz cavab ala bilmədiyimiz üçün komitə sədrinə şikayət eləmişik. Hələ bu şikayətimizdən də bir cavab almamışıq. Hazırda məhkəmənin təyin etdiyi ekspertizanın keçirilməsini, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin araşdırmasına dair rəsmi cavab gözləyirik”, –deyə A. Qaraçənli əlavə edib.

Qeyd edək ki, 1995-ci il yanvarın 27-də Səbail Rayon İcra Hakimiyyətinin 373 saylı sərəncamına əsasən, Ağa Laçınlıya fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılıb. Ağa Laçınlı vəfat etdikdən sonra da həmin torpaq sahəsi ailənin mülkiyyətində qalıb. Lakin 2011-ci ildə həmin torpaq sahəsi zəbt edilib. Torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədovun icra başçısı işlədiyi zaman, 1995-ci il martın 15-də anası Biliy Məmmədovanın adına verdiyi 885 saylı sərəncam əsasında zəbt olunub.

Sentyabrın 6-da Ağa Laçınlının həyat yoldaşı Mələk Əliyeva Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyevə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə müraciət edərək Cinayət Məcəlləsinin 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 188-ci (Torpaq üzərində mülkiyyət hüququnu pozma) maddələrinə uyğun olaraq sabiq icra başçısı Rüstəm Məmmədovun məsuliyyətinin müəyyənləşdirilməsini istəyib.

Sevinc İltifatqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu