Modern.az

Krediti alanda sevinək, qaytaranda?

Krediti alanda sevinək, qaytaranda?

10 Noyabr 2012, 19:17

“Maşın kreditini bir ay gecikdirmişdim. Evə gəlib pulu tələb etdilər. Dedim ki, 1-2 gün də gözləyin, verəcəyəm. Onda da kredit müqaviləsini əsas gətirərək, evimin qapısından maşını evakuatora qoyub apardılar. Müqaviləni hara atdığımı bilmirəm, ona görə cavab verə bilmədim, amma dəqiq bilirəm ki, müqavilədə elə bir bənd yox idi. 102-yə zəng etdim, dedilər ki, iş cinayət xarakterli deyil, məhkəməyə get”.

Həmsöhbətim Mübariz Rəsulov  məhkəməyə gedib, amma elə qapının ağzından geri qayıdıb. Çünki məhkəmədə oturan vəkillər izah ediblər ki, heç nə qazanmayacaq, əksinə vaxt, əsəb itirəcək və daha da artıq xərci çıxacaq. Vəkilə ödəyəcək məbləğdənsə, elə faiz pulunu toplayıb banka getsə yaxşıdır. Mübariz Rəsulov da borcunu ödəyəndən sonra maşını geri qaytarıb.

1 ay gecikməyə görə müsadirə etmək olmaz

Banklardan birində işləyən hüquqşünas Elmir Hüseynov deyir ki, özünə hörmət edən bank cəmi bir ay gecikdirməyə görə nə maşını, nə də evi müsadirə edər: “Görünür, müştəri də məsuliyyətsizlik edib, ödəməni çox gecikdirib. Çünki adətən kredit ödəməsini gecikdirəndə, cərimə sanksiyaları tətbiq olunur, kreditin faizi artır, bəzən lap son məqamda girov müsadirə olunur. Amma bu, yenə də kreditin şərtlərindən asılıdır”. 
Hüquqşünas bu məsələdə bəzən vətəndaşların da məsuliyyətsizliyə yol verdiklərini deyir. Deyir ki, bəzi müştərilər krediti tez almaq üçün bankın şərtləri ilə razılaşırlar, öz imkanlarını nəzərə almırlar, heç müqavilənin bəndləri ilə tanış olmurlar:
 “Elə hallar da olur ki, bank əməkdaşları ilə sövdələşməyə gedir, növbədənkənar kredit almaq üçün hər cür qanunsuz əməllərə razı olurlar. Sonradan da ziyan özlərinə dəyir”.

Bir kəndin 1000-ə yaxın sakinini sıxan kredit

Azərbaycanda kommersiya bankları müxtəlif çeşid kreditlər təklif edirlər. İşləyən də, evdə oturan da, hətta tələbə olan da özünə uyğun kredit ala bilər. Bəzən peşələrə görə kredit verilir – müəllimlər, həkimlər, yanğınsöndürənlər müxtəlif şərtlərlə borc götürə bilirlər. Bölgələrdə isə əhali əsasən kənd təsərrüfatının inkişafına yönəldilən kreditləri almağa üstünlük verilir. Lənkəranda belə mikrokreditlər ucbatından bütöv bir kəndin 1000-ə yaxın borcalanı ilə bank arasında ciddi problem yaşanıb.

Belə ki, “Nikoil” İKB-nin yerli filialında “kənd təsərrüfatının mikrokreditləşməsi” məhsulu üzrə Boladi kəndinin xeyli sakini 600-1200 manat arasında kreditlər götürüb. Bu kredit kəndlilərə torpağı əkib-becərmək üçün verilir. Borcun əsas hissəsinin ödənilməsinə 6 aydan sonra başlanılır. Məbləğ kiçik olduğundan, bu növ kredit üçün girov da istənilmir. Sadəcə krediti götürən şəxslərdən 20-25 nəfərlik qrup düzəldilir, qrupa rəhbərlik edən məsləhətçilər kreditin faizlərini yığıb aybaay banka qaytarırlar.

Boladi kənd sakini Qəhrəman Hüseynov da belə məsləhətçilərdən biri olub. 2009-cu ildən etibarən “Nikoil” Lənkəran filialı ilə müqaviləsi olub. İlk müddət işlər normal gedib. Amma 2010-cu ilin sonlarında bankda aparılan yoxlamalar göstərib ki, 1000-ə yaxın kənd sakini kredit alsa da, onu qaytarmır. Araşdırmadan görünüb ki,  bankdan götürülən 475 min manatlıq kredit ortada yoxdur. Kənd sakinlərinin bəziləri ümumiyyətlə kredit götürmədiklərini deyiblər, bəziləri isə faizi qrup rəhbərinə qaytardıqlarını iddia ediblər. Ona görə də bu qruplara rəhbərlik edən məsləhətçi Qəhrəman Hüseynov məhkəməyə verilib. Məhkəmə belə qərara gəlib ki, Q.Hüseynov həmin adamların adına kredit sənədlərini saxtalaşdırıb, onların əvəzinə kredit götürüb və geri qaytarmayıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onu 11 il müddətinə azadlıqdan məhrum ediblər. Sonradan məsələyə yüksək instansiyalarda da baxılıb. Amma qərar dəyişməyib.

Bank möhürü olmadan pulu necə almaq olardı?

Lakin Q.Hüseynovun vəkili Xalid Bağırov deyir ki, bankdan çıxarılan məxaric və mədaxil sənədlərinə yalnız bankın əməkdaşları imza ata bilər, bank möhürü, blankı olmadan pul çıxarmaq mümkün deyil. Elə məhkəmə prosesində bankın əməkdaşlarından biri məhz filial direktorunun göstərişi ilə imzaları saxtalaşdırdığını etiraf edib. Lakin hələlik Q.Hüseynovdan başqa heç kim məsuliyyətə cəlb olunmayıb – nə bank mühasibi, nə filial direktoru, nə də xəzinədarı.

“Nikoil” mərkəzi ofisindən bildirirlər ki, bank rəhbərliyi məsələnin ədalətli araşdırılmasının tərəfdarıdır. Bankın hüquq departamentinin müdiri Zaur Abıyev söyləyir ki, bu işdə bankın özü zərərçəkmiş tərəfdir. Bu məsələdə bank əməkdaşlarının əlinin olmasına gəlincə, Z.Abıyevin dediyinə görə, məsələnin həmin hissəsi ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Komissiyasında  cinayət işi açılıb. Lakin işin birinci hissəsi ilə bağlı yekun məhkəmə qərarı olmadığından, idarə cinayət işini yekunlaşdıra bilmir: “Biz tam həqiqətin üzə çıxmasının tərəfdarıyıq. “Nikoil” rəhbərliyi hesab edir ki, bu hadisə nəinki banka maddi ziyan vurub, ümumilikdə vətəndaşların bank sektoruna inamına böyük zərbə olub. Ona görə biz də işdə əli olan hər kəsin cəzalandırılmasının tərəfdarıyıq”.

Keçmiş millət vəkili, iqtisadçı Nazim Məmmədov bu cür problemlərin kökünü insanların maddi rifahını yaxşı olmaması ilə əlaqələndirir. Belə olanda, daşınar və ya daşınmaz əmlak almaq istəyən şəxslər kreditə üz  tutmalı olur. Banklar da bundan istifadə edərək yüksək kredit faizləri təyin edirlər: “Sonra da vətəndaşlar krediti qaytara bilmirlər. Çünki istehlak kreditləri 27-30 faiz, biznes kreditləri isə 18-20 faizlə verilir. Ödəmələrdə problem yarananda, faizlər üçqat qalxır. İş hüquqi müstəviyə çıxanda da əksər hallarda uduzan vətəndaş olur. Çünki vətəndaşların keyfiyyətli hüquqi yardım almaq üçün kifayət qədər vəsaiti yoxdur. Zatən, imkanı olsaydı, kredit üçün banka getməzdi. Bankların isə resursları çoxdur, onların vətəndaşı udmaq imkanları var”.

Borcu verə bilməyəni ölkədən çıxmağa qoymurlar

Nazim Məmmədov deyir ki, banklarla istehlakçılar arasında münasibətlər Mülki Məcəllənin tələbləri ilə tənzimlənir. Amma nədənsə banklar onlara borcu gecikdirən şəxsləri cinayət təqibinə məruz qoyurlar: “Məsələn, vətəndaşın ölkədən çıxmasına qanunsuz olaraq qadağan qoyulur. Bəzi banklar arxasındakı məmurun patronajlığından istifadə edərək borclu müştərilərin siyahısını hüquq-mühafizə orqanlarına ötürür, onlar da krediti olan şəxsin ölkədən kənara çıxmasına imkan vermir. Bu cür hallar əsasən biznes kreditləri ilə bağlı baş verir”.

Eks-deputatın sözlərinə görə,  krediti verən də, götürən də risk altındadır. Və qanunlar hər iki tərəfin hüquqlarını qorumalı, tərəfləri riskdən maksimum qorumağa çalışmalıdır. Amma Azərbaycan qanunları əsasən krediti verənlərin hüququnu qoruyur. Kredit faizini gecikdirən insan elə ilk gündən təhdidlərlə üzləşir: “İndi hər 3-4 şəxsdən birinin bankda krediti var. Lombardların da sayı günü-gündən artır. Bu da o deməkdir ki, əhalinin böyük hissəsi müflisləşir, bəzi hallarda onlar krediti qaytara bilmədiklərinə görə ciddi problemlərlə üzləşirlər”.

Bank da uduzur, müştəri də

Hazırda Azərbaycanda 43 kommersiya bankı fəaliyyət göstərir. Mərkəzi Bankın 2012-ci ilin 9 ayının göstəricilərinə görə, onlardan 10-u zərərlə işləyir. Yəni, təxminən hər dörd bankdan biri gəlir götürmür. Ekspertlərin iddiasına görə, banklar məhz kreditləri qaytara bilmədiklərindən ziyana düşürlər. Azərbaycan bankları müştərinin krediti qaytarmayacağı təqdirdə ziyana düşməməyin yolunu faiz dərəcəsini artırmaqda görür. Avropada kreditlər üçün illik 5-6 faiz, Mərkəzi Avropada 10 faizdən çox  olmayan dərəcələr seçilir. Amerikada bu göstərici ümumiyyətlə 4 faiz civarındadır. Azərbaycanda isə kreditlər orta hesabla 17-18 faiz, bəzən 35-36 faizlə verilir. İqtisadçılar iddia edir ki, nə qədər yerli banklar belə yüksək faizlə kredit verəcəksə, daha çox ziyana düşəcəklər. Onda da həm bank, həm də müştəri uduzacaq.

Fərəh Sabirqızı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir