Modern.az

Elçibəyin zəhərlənməsi ilə bağlı istintaqın ŞOK təfərrüatları...

Elçibəyin zəhərlənməsi ilə bağlı istintaqın ŞOK təfərrüatları...

12 Noyabr 2012, 10:11

Siyasətdə gözlənilməz hadisə yoxdur. Eks-prezident Əbülfəz Elçibəyin ölümüylə bağlı istintaq işinin başlanması bu deyimi bir daha təsdiq etdi. Xüsusilə də bu işin keçmiş prezidentin ailə üzvlərindən və ya silahdaşlarından birinin deyil,  onun dövründə vəzifədə olmuş, sonradan isə onunla isti münasibətləri ilə diqqəti çəkməyən Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin iddiası ilə açılması qəribə göründü. Ən maraqlısı isə odur ki, Hafiz Hacıyevin Baş Prokurorluğa müraciətindən cəmi bir ay keçməmiş bu barədə cinayət işi açılaraq, istintaq başlayıb. Düzdür, cinayət işinin açılması barədə xəbər mediaya bir qədər gec sızmışdı, amma əlimizdə olan məlumata görə, bu cinayət işi iyulun sonlarında, yəni müraciətdən bir neçə həftə sonra  başlayıb.
Modern.az Azərbaycan ictimaiyyəti üçün maraqlı hadisələrdən olan bu işin istintaqı ilə bağlı özəl məlumatlar əldə edib.

İstintaqa Bakı şəhər Prokurorluğunun müstəntiqi Vaqif Süleymanov rəhbərlik edir. V.Süleymanov indiyədək bu cür siyasi çalarlı işlərlə məşğul olmamış bir müstəntiqdir. Digər tərəfdən o uzun müddət Rusiyada yaşayıb işlədiyi üçün Azərbaycanın siyasi mühitindən o qədər də xəbərdar deyil. Belə olan halda əldə kiçicik belə ipucu olmayan və iştimaiyyətin, o cümlədən  siyasi dairələrin də diqqətdə caxlayacağı səsli-küylü bir cinayət işinin ona tapşırılması qəribə görünür. Bununla belə, əldə etdiyimiz məlumata görə, Vaqif Süleymanov istintaqa çox ciddi yanaşır. Məsələ ilə bağlı ən xırda detalları belə, öyrənməyə çalışır.

İnsaf naminə qeyd etmək lazımdır ki, Elçibəyin zəhərlənməsi kimi heç bir sübut və dəlili olmayan bir cinayət işinin araşdırılması qaranlıq otaqda pişik axtarmaq kimi bir şeydir. O otaqda pişiyin olub-olmadığı isə, necə deyərlər, böyük sual altındadır.
Belə olan halda müstəntiq çox haqlı olaraq bu məsələdə mətbuatın köməyindən yararlanıb. Bunun üçün hələ 10 il əvvəl, Əbülfəz Elçibəyin ölümündən cəmi bir il sonra Vüsalə Mahirqızının rəhbərlik etdiyi “Xalq Cəbhəsi” qəzetində dərc edilmiş araşdırma yazı istintaq üçün cığır rolunu oynayıb. Qeyd edək ki, həmin araşdırmada bir neçə adam Əbülfəz Elçibəyin zəhərlənmə ehtimalından danışmışdı.

Beləliklə, istintaqa şahid qismində ilk ifadə verənlərdən biri də məhz yazının müəllifi Qızılgül Abdinova olub. Q.Abdinova bir neçə saatlıq dindirilmə prosesində istintaqa ifadə verərək, araşdırma zamanı əldə etdiyi məlumatların hamısını yazıda qeyd etdiyini, bundan başqa bir şey bilmədiyini deyib.

Bundan sonra istintaqa Əbülfəz Elçibəyin yaxın dostu Adil Minbaşı ifadə verib. A.Minbaşı Əbülfəz Elçibəyin zəhərlənməsindən şübhələrinin olduğu barədə fikirlərini istintaqa da bildirib. Daha sonra Əbülfəz bəyin köməkçisi Əli Mürsəloğludan ifadə alınıb. Ə. Mürsəloğlu birmənalı şəkildə zəhərlənmə versiyasını rədd edib.

İstintaqa daha bir jurnalist – “Elçi" qəzetinin baş redaktoru Əli Həziquliyev də çağrılıb. Ə.Həziquliyev isə özündən əvvəl istintaqa ifadə verənlərdən çox-çox ötkəm danışaraq, Əli Kərimlinin Əbülfəz Elçibəyi zəhərlədiyinə inandığını deyib. O bildirib ki, buna cox ciddi əsaslar olub. Və 1999-cu ildə AXCP-də hər bir kəsin Əli Kərimlinin Elçibəyə nifrət etdiyini açıq bildiyini, Ə.Kərimlinin partiyaya sədr olması ehtirası ilə alışıb-yandığını və nəhayət, həmin günlərdə - Elçibəy xəstələnib işdən qaldığı ilk günlərdə - “Bəy zəhərlənib” deyə bir xəbərin yayıldığını xatırladıb.

Bu versiyaları istintaqa daha qəti şəkildə açıqlayanlardan biri də bayraqdar Elman Türkoğlu olub. E.Türkoğlu Əli Həziquliyevin də qeyd etdiyi zəhərlənmə olayının tarixini bir qədər də dəqiqləşdirib. Onun dediyinə görə, bu tarix Əli Kərimlinin öz evində keçirdiyi ad günündən bir gün sonraya, daha dəqiq desək, həmin günə təsadüf edir. Ə.Kərimlinin ad günü aprelin 28-i olub. Həmin ad gününə qatılacaq qədər ayaqda olan Əbülfəz bəy səhhətində yaranan problemlər səbəbindən aprelin 29-da keçirilən mitinqə gələ bilməyib. Türkoğlu bildirib ki, bu, zəhərlənmə məsələsini təsdiq edən ciddi fakt sayıla bilər.  

Bundan sonra istintaqa ifadə verənlərdən Almurad Əliyev zəhərlənmə versiyanı qətiyyətlə rədd etsə də, onun da Əbülfəz bəyin də yaxın qohumu olan Mərdan Əliyev əks mövqe tutaraq, Adil Minbaşı kimi, zəhərlənmə ehtimalına inandığını deyib.

Yeri gəlmişkən, bu arada Hafiz Hacıyev də istintaqa kömək məqsədilə Türkiyəyə səfər edərək, orada əvvəlcə qeyri-rəsmi surətdə Elçibəyin zəhərlənmə ehtimalını araşdırıb. Onu da deyək ki, Türkiyədə bu təşəbbüsə isti yanaşılmayıb və Hafiz Haçıyev demək olar ki, oradan əliboş qayıdıb.

Yeri gəlmişkən, istintaqın başlamasının ikinci ayında daha bir mətbuat nümayəndəsi də istintaqa dəvət olunub. Əldə etdiyimiz məlumata görə, həmin adam APA-nın baş direktoru Vüsalə Mahirqızıdır. Amma V.Mahirqızı bu cinayət işi ilə bağlı deyəcəyi bir şey olmadığını bildirərək, prokurorluğa getməyib.

Son günlərdə isə istintaqa Mirmahmud Mirəlioğlu dəvət olunub. M.Mirəlioğlu da bəzi qəzetlərin yazdığının əksinə olaraq, hec bir zəhərlənmədən söhbət gedə bilməyəcəyini deyib.

Maraqlı olan daha bir məqam isə odur ki, ifadə verənlərin dediyinə görə, müstəntiq hər bir detala qədər maraqlanır, suallar verir. Məsələn, dindirilənlərdən ilk öncə Hafiz Hacıyevin Əbülfəz bəylə nə dərəcədə yaxın olması, belə bir vəsiyyətin ona edilməsinin nə dərəcədə inandırıcı olması kimi məsələlər soruşulur. Eyni zamanda, istintaqa dair suallardan əlavə müstəntiq Əli Kərimlinin Elçibəylə münasibətlərinin belə bir dəhşətli cinayətə səbəb ola biləcək qədər kəskin olması barədə də onların fikirlərini öyrənir. 

Nəhayət, bütün bu məlumatları bizimlə bölüşən mənbə fikirlərinə belə sonluq verir: “Beləliklə, hazırda Əli Kərimlinin Əbülfəz Elçibəyi zəhərləyə bilməsi ehtimalının ssenarisi nəzəri çəhətdən istintaqın əlindədir. Bu ssenaridəki hadisələr bir-biri ilə uzlaşdırılıb, tutuşdurulub, kimin hansı addımı nə vaxt, niyə atdığı qeyd olunmaqla ardıçıllıq əldə olunub. Onu da deyim ki, bu “ehtimal ssenarisi”ndə aktyorların sayı teleseriallardakılardan belə, çoxdur. Əlbəttə ki, istintaq ancaq Əbülfəz bəylə təmasda olan beş-on nəfəri dindirməklə yekunlaşmayıb. Bununçün Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edilib və o dövrdə baş verən bəzi olaylara aydınlıq gətirilib. O cümlədən də ölkələr arası münasibətlərlə bağlı bəzi faktlar barədə istintaq məlumatlandırılıb. Əgər Əbülfəz bəyin zəhərlənməsi təsdiq olunsa, çox maskalar yırtılacaq. Kimlərin Bəyə həqiqi yandığı, kimlərin yalandan canfəşanlıq etdiyi, əslində isə əqidəsini pula satdığı  qəflətən şok effektilə cəmiyyətə bəlli olacaq”.

Lakin biz bu ssenarinin yalnız nəzəri çəhətdən təsdiq olunduğunun fərqindəyik. Bu nəzəriyyəni isbat üçün isə hazırda istintaqın bircə yolu var: Əbülfəz Elçibəyin qəbrinin eksqumasiya olunması. Çünki, hadisələrin üstündə illər keçməsi başqa vasitələrlə cinayətin təsdiq olunmasını imkansız  edir. Eksqumasiya olacaqmı, olmayacaqmı...?       

H.Əlyarov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir