Modern.az

Mirvari suyunun müalicəsi varmı?

Mirvari suyunun müalicəsi varmı?

İqtisadiyyat

12 Noyabr 2012, 12:52

İnsanın görmə qabiliyyəti və görmə itiliyi gözün optik mühitlərinin şəffaflığından, torlu qişanın sinir aparatının və beynin görmə mərkəzinə informasiya daşıyan sinirlərin vəziyyətindən asılıdır. Bu zəncirin hər hansı bir həlqəsində baş verən patoloji dəyişiklik görmə itiliyinin zəifləməsi ilə nəticələnir. Belə patologiyalardan biri katarakta və ya el arasında deyildiyi kimi “mirvari suyudur”.

Katarakta – göz büllurunun və ya onun kapsulunun bulanıqlaşması və görmə itiliyinin zəifləməsi ilə müşayiət olunan göz xəstəliyidir.

Yunan dilindən tərcümədə “katarakta” – şəlalə deməkdir. Qədim yunanlar belə hesab edirdilər ki, katarakta zamanı bəbəyin bulanıq boz rəngi onun üzərinə şəlalə kimi düşən və görməni zəiflədən pərdə ilə bağlıdır.

Katarakta ən çox yayılmış göz xəstəliklərindən biridir. Statistika göstərir ki, əhalinin hər 1000 nəfərindən 33-ü bu xəstəliyə tutulur. 70-80 yaşlı əhali arasında bu rəqəmlər dəyişərək hər 1000 nəfərə 250-450 nəfər təşkil edir.

Hazırda bütün dünyada qazanılma (senil) kataraktanın yaranmasının səbəb və mexanizmləri araşdırırlır. Bu məsələnin aktuallığının əsas səbəblərindən biri də odur ki, katarakta geridönən korluğun əsas səbəblərindən biridir.

Məsələ burasındadır ki, senil katarakta zamanı ilk növbədə büllurun kimyəvi tərkibi dəyişir. İlk mərhələdə suyun miqdarı artır, ionların, amin turşuların disbalansı yaranır, eyni zamanda suda həll olan zülal və vitaminlərin miqdarı azalır, metabolizmdə iştirak edən bir sıra fermentlərin aktivliyi zəifləyir.

Katarakta zamanı yaranan bulanıqlığın səbəblərindən biri də antioksidant təsirli fermentlərin azalması nəticəsində büllurda sərbəst radikalların miqdarının çoxalmasıdır ki, bunlar da öz növbəsində hüceyrə membranlarını zədələyir və hüceyrələrin məhvinə səbəb olur.

Bütün kataraktalar anadangəlmə və qazanılma olmaqla iki qrupa bölünür. Anadangəlmə kataraktada büllürda olan bulanıqlıqlar məhdud  sahədə yerləşir və bütün ömrü boyu eyni ölçüdə qalır, qazanılma katarktalar isə getdikcə proqressivləşməyə meyilli olur.

Yaranma səbəblərinə görə qazanılma kataraktalar bir neçə qrupa bölünür:

-Yaşla əlaqədar (qocalıq, senil) kataraktalar

-Travmatik (göz almasının küt və iti yaralanmaları nəticəsində yaranan) kataraktalar

-Ağırlaşmış kataraktalar (gözün torlu qişasının iltihabı, ağır yaxındangörmə, qlaukoma və s. zamanı)

-Şüa kataraktaları (büllurun şüa enerjisi – infraqırmızı, rentgen, radiasion şüalar ilə zədələnməsi nəticəsində yaranan)

-Toksik (kortikosteroidlərin, malyariya əleyhinə preparatların qəbulu zamanı) kataraktalar

-Orqanizmin ümumi xəstəlikləri – şəkərli diabet, hipotireoz və s. ilə bağlı yaranan kataraktalar

Yetişmə dərəcəsinə görə erkən, yetişməmiş, yetişmiş və ifrat yetişmiş kataraktalar ayırd olunur.

Kataraktalı xəstələr üzərində illərlə aparılan müşahidələr xəstəliyin üç inkişaf formasını ayırmağa imkan vermişdir:

-Tez proqressivləşən katarakta – bulanıqlığın yaranmasından cərrahi əməliyyat tələb edən mərhələyə qədər 4-6 il vaxt keçir. Bütün xəstələrin 12 faizində rast gəlinir

-Yavaş proqressivləşən katarakta – 10-15 il ərzində inkişaf edir. 15 faiz hallarda rast gəlinir.

-Orta sürətlə proqressivləşən katarakta – cərrahi müalicəyə qədər 6-10 il vaxt keçir. 70 faiz xəstələrdə rast gəlinir.

Xəstəliyin ilk əlamətləri gözlərdə ikiləşmə, göz önündə qaraltı və ləkələr, görünən təsvirin sarımtıl rəng alması, oxuma zamanı çətinliyin yaranması və hərflərin qarışmasıdır. Kataraktanın erkən mərhələsində görmə itiliyi demək olar ki, zəifləmir. Katarakta yetişdikcə göstərilən əlamətlər proqressivləşir, xəstələr görmə itiliyinin zəifləməsini hiss etməyə başlayır. Tam yetişmiş mərhələdə əşyaları görmə qabiliyyəti tamamilə sıradan çıxır və xəstələr yalnız işığı seçə bilir.

Bulanıqlığın büllurun hansı hissəsindən başlanmasından asılı olaraq klinikada bəzi dəyişikliklər ola bilər. Belə ki, bulanıqlıq büllurun mərkəzində yerləşdikdə (nüvə kataraktası) uzağı görmə zəifləyir, əşyalar dumanlı görünür. Belə xəstələr axşamlar gündüzə nisbətən daha yaxşı görür.

Bulanıqlıq büllurun qabığında lokalizasiya olunursa (kortikal katarakta), görmə zəifliyi demək olar ki, dəyişmir. Belə halda xəstəlik çox gec proqressivləşir.

Kataraktanın diaqnozunu qoymaq üçün oftalmoloji müayinənin standart metodlarından (görmə itiliyinin, görmə sahəsinin, gözdaxili təzyiqin, göz dibinin müayinəsi) və əlavə metodlardan (refraktometriya, oftalmometriya, densiometriya və s.) istifadə olunur.

Kataraktanın cərrahi müalicəsi yanız yetişmə və ifrat yetişmə mərhələlərində aparılır. Bu müddətə qədər xəstəliyin inkişafını ləngitmək və xəstənin görmə itiliyini saxlamaq üçün xalq təbabəti bir neçə üsul təklif edir.

I resept:

Büllurun metabolizmini yaxşılaşdırmaq üçün gözlərə gündə 1-2 dəfə 2-3 damcıdan çəmən yoncasının təzə, pasterizə olunmuş şirəsini tökmək lazımdır. Şirəni pasterizə etmək üçün onu 85-900-yə qədər qızdırmaq lazımdır. Alınan şirə 2-3 gün müddətində soyuducuda saxlanıla bilər.

II resept:

3 xörək qaşığı quru qoz yarpaqları, 1 çay qaşığı itburnu kökü, 2 çay qaşığı itburnu çiçəkləri və kiçik bir hissə əzvay kökü xırdalanaraq qarışdırılır, üzərinə 0,5 litr qaynar su tökülür, dəmləndikdən sonra süzülür və gecə yatmaqzdan qabaq içilir. Bunu hər 3 gündən bir 12 dəfə təkrar etmək lazımdır.

III resept:

Hərəsindən bir ovuc itburnu çiçəkləri və çobanyastığı çiçəkləri, bir yarpaq at pıtrağı götürülür, üzərinə bir litr su əlavə olunur və ağzı qapaqla bağlanır. Qaynadıqca qapağın altına buxar damcıları yığılır. Bunlar yığılır və 1-2 damcıdan gözlərə damcıladılır. Prosedur həftədə iki dəfə təkrar olunur.

 İbn Sinadan məsləhət:

“Kataraktanı müalicə etməyə başlayanda xəstə ilk növbədə rejimə əməl etməlidir – az-az və tez-tez yeməlidir, balıqdan, kobud ətdən, duzlu və acı qidadan, kələmdən, soğandan, noxuddan və sarımsaqdan imtina etməlidir. Bundan əlavə dolu mədəyə yatmaq və uzun müddət ayıq qalmaq, isti hamamda çimmək və qusma yolu ilə mədəni boşaltmaq da göz xəstələri üçün çox zərərlidir. Göz xəstələri üçün ən faydalı olan isə gözləri təmiz su ilə yumaq, su altında açıb-yummaq və cirə dəmləməsi ilə mütəmadi silməkdir.

 

AZƏR Salehli,

Azərbaycan Tibb Universitetinin tələbəsi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər