Modern.az

Təhsilimiz yenidən karonaya “yoluxa” bilər?!

Təhsilimiz yenidən karonaya “yoluxa” bilər?!

22 Sentyabr 2021, 17:46

Bu gündən etibarən ümumi təhsil müəssisələrinin I-IV sinifləri üzrə əyani dərslərə start verilib. Rəsmi məlumata görə, 643 333 nəfər şagird ənənəvi tədrisə başlayıb. 

 

Sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılacaq.

 

2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.

 

Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.

 

Pandemiya dövründə məktəblərin açılmasının əhəmiyyəti və koronavirus təhlükəsi barədə Modern.az-a danışan deputat Ceyhun Məmmədov əyani tədrisin bərpasını doğru qərar hesab edir. Deputat düşünür ki, bütün hallarda distant təhsil ənənəvi təhsili əvəz edə bilməz:

 

“Pandemiya dövründə təhsil prosesinin təşkili ilə bağlı çox problemlər oldu. Təhsil Nazirliyi və digər aidiyyəti qurumlar operativ reaksiya verərək, mənfi təsirlərin qarşısını almağa çalışdı.

 

Hamı nəzərə almalıdır ki, pandemiya hələ bilməyib. Biz bilmirik ki, nə ilə qarşılaşacağıq. Yenidən kütləvi yoluxmalar olarsa, müəyyən addımlar atıla bilər, qadağalar gündəmə gələr. Vaksinasiya prosesinin sürətləndiyini nəzərə alsaq, yoluxmanın kütləvi artması təhlükəsi nisbətən azdır. İstənilən halda həm valideynlər, həm müəllimlər qaydalara ciddi riayət edərək, yoluxmanın artmasının qarşısını almalıdırlar”.

 

 

Pandemiya ilə əlaqədar təhsil sahəsində ciddi itkilərin olduğunu vurğulayan Ceyhun Məmmədov hesab edir ki, təhsildəki geriləməni bu il maksimum dərəcədə bərpa etmək mütləqdir:

 

“Təhsil Nazirliyi müəyyən addımlar atır, vacib tədbirlər görür. Qarşımızda duran vəzifələrdən biri təhsilimizi arzuolunan səviyyədə qurmaq, itkilərimizi bərpa etmək, təhsilin irəliləməsinə nail olmaqdır. Şagirdlərimizin uzun müddət əyani tədrisdən uzaq olması onların yenidən məktəbə adaptasiyasını çətinləşdirir. Çalışmaq lazımdır ki, şagirdlər məktəbə öyrəşmək, daha keyfiyyətli təhsil almaqla birlikdə, həm də yoluxmadan özlərini qorusunlar”.

 

 

Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru Elçin Süleymanov isə Modern.az-a bildirib ki, vaksinasiya prosesinin sürətlənməsi, peyvənd olunanların sayının artması təhsilin əyani formada bərpasına zərurəti bir daha gündəmə gətirdi:

 

“Təhsil sahəsi pandemiyadan ən çox ziyan çəkən sahələrdən biri oldu. Təhsil prosesinin birdən-birə onlayn formaya keçməsi təhsilalanlara psixoloji təsirlər göstərdi. Təhsil Nazirliyi və müəllimlərin ciddi səyləri pandemiyanın təhsilə olan fəsadlarını minimuma endirdi. Amma bu ildən artıq fərqli durum hökm sürür. Təhsil Nazirliyi bütün şərtləri, pandemiya qaydalarını aydın açıqlayıb. Bunlara ciddi riayət edilərsə, problem olacağını düşünmürəm.

 

Pandemiya dövründə Dövlət İmtahan Mərkəzi imtahanların keçirilməsini davam etdirdi. Son iki ildə imtahanlarda yoluxma faktı demək olar ki, qeydə alınmadı. Bu o deməkdir ki, qaydalara ciddi riayət olunsa, həm təhsil alanlar, həm də təhsil verənlər üçün yoluxma təhlükəsi minimuma enə bilər”.

 

“Adi günlərdə şagirdlərin həyətdə, küçədə oynayarkən virusa yoluxması riski məktəbdən daha çox olurdu. Çünki burada nəzarət yox idi. Dolayısı ilə əyani tədrisin bərpasının təhsil prosesinə faydalı olacağını düşünürəm. İstənilən halda müəllimlər, təhsil işçiləri, şagirdlər və valideynlər son dərəcədə diqqətli olmalıdırlar. Əyani tədrisin bərpasının həm psixoloji, həm də təhsil sahəsində yaranmış boşluqların aradan qaldırılması baxımından müsbət olacağını düşünürəm”, - deyə ekspert vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...