Modern.az

Allahdan intiqam

Allahdan intiqam

Təhsil

16 Fevral 2010, 13:25

Açığı bu məsələyə toxunmaq niyyətim yox idi. Hər gün yaşadığımız polis-vətəndaş “ünsiyyətinin” tərkib hissəsi sayıb üstündən keçmək fikrindəydim. Amma internetdə rastlaşdığım bir video material və orada müşahidə etdiyim olay vicdanımı sızlatdı. Bir daha əmin oldum ki, bura Azərbaycandır...

 

Məlum olduğu kimi, fevralın 13-də Bakıda Həzrət Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadəti ilə bağlı kiçik yürüş-mitinq keçirilməyə cəhd olunub. “Nizami ” metrostansiyasının qarşısına toplanan bir qrup dindar eyni zamanda Xocalı faciəsini anmaq məqsədilə Şəhidlər Xiyabanına yürüş edərək əklil qoymaq istəyib. Lakin polis onları öz istəklərinə çatmağa imkan verməyib.

 

Hətta mətbuatda gedən məlumatlara əsasən, polis əməkdaşları öncə dindarların qarşısını Nərimanov heykəli tərəfdə kəsərək, “Sovetski”nin qapalı guşələrindən birində döyüblər. Üstəlik əraziyə çevik polis alayı da çağırılıb. Növbəti hadisələr şəhərin mərkəzi hissəsində davam edib. Burada polislə qarşıdurmaya girdiyi iddia olunan onlarla insan həbs olunub və son məlumatlara görə, onlardan 8 nəfərinin barəsində polisə müqavimət və xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb. Həmin gün Biləcəri sakinləri də vəfat və şəhadəti qeyd etməyə çalışıb, həm də tam dinc formada. Çadır quraraq ehsan vermək istəyən bir qrup dindar polisin hücumuna məruz qalıb. Öncə “palatka”nı dağıdan polislərimiz daha sonra 5 nəfəri həbs ediblər.

 

Gələk mətləbə. İctimai asayişi pozmaq, vətəndaşların sərbəst yaşayışına əngəl törətmək, polislə qarşıdurmaya getmə, xəsarət yetirmə və sairin cinayət olduğu müzakirə predmetimiz deyil. Ona görə də bu kimi səbəblər adı ilə dindarların dinc aksiyasının dağıdılmasını tartışmırıq. Baxmayaraq burada saydığımız cinayətlərdən heç birinin əlamətləri görünmür. Lakin bizim dərdimiz başqadır.

 

Yenicə öyrənmişəm ki, polisi aksiyaçılara qarşı “sərt tədbir görməyə vadar edən” səbəb məhz “Allahu Əkbər” olub. Yəni, polis dindarlara “xəbərdarlıq” edib ki, adam balası kimi, sakitcə gedin əklilinizi qoyun, sonra da insan balası kimi dinməz-söyləməz dağılın evinizə. Hətta polislər ibadət əhlinin yaxşı anlamadığını görərək, konkret təlimat verib: “Allahu Əkbər deməyin haa...”.

 

Bunları görərkən ixtiyarsız dilimdən “Allahu Əkbər, ölkəmizdə nələr baş verir?” cümləsi çıxdı. Sonra tez özümü yığışdırıb ətrafa boylandım ki, birdən polis-zad eşidər və “əmrə itaətsizlikdən” canımı alar. Gülüncdür hə? Xeyr gülünc deyil, qorxuncdur. Heç dəxli var? Qardaşım, vəfatı və şəhadəti qeyd olunan Marksla Engels deyil, Peyğəmbər və İmamdı. Allahın Rəsulu dünyadan köçür, sən mənə deyirsən ki, onu göndərənin adını çəkmə. İmam Haqqın yolunda şəhid olur, məcbur edirsən ki, Haqqın adını dilimə gətirməyim. Niyə əzizlərim, niyə Haqqın adını çəkmək sizi bu qədər narahat edir? Yoxsa “Allahu Əkbər” sizə törətdiyiniz günahları, yediyiniz qul haqlarını, etdiyiniz zalımlığı xatırladır və vicdanınız sızlayır? Bəlkə haqqı yeyilən xalqın “Allah” kəlməsindən ruhlanıb ayağa qalxmasından və haqqını sormasından qorxursunuz?

 

Nəfs insanın gözünü tutar və özünü əlçatmaz hesab edər. “Əlçatmazları” bir kənara qoyaq, mən əynində uniforma, əlində polis dəyənəyi olan qardaşlarımızı anlamıram. Vallah anlamıram. Qarşısına müxalifətçi çıxır – şil-küt edir. Gənc fəallarla rastlaşır – döyüb həbs edir. Sosial problemdən cana doyan vətəndaş görür – ahını alır. Nəhayət “Allah” sözünü işlədənə elə bir toy tutur ki, yazıq mömin dediyinə peşman olur. Allah xatirinə səmimi olun. Heç işiniz qəlizə düşəndə “Allah” demədinizmi? Əliniz hər yerdən üzüləndə Onu köməyə çağırmadınızmı? Yuxarılar basıb gözünüzü çıxaranda, işiniz əldən gedəndə “Allah yardım elə” demədinizmi? Billahi dediniz. Bəs elə isə həmin Allah “Əkbər” sözünə layiq deyilmi?

 

Ən dəhşətlisi isə odur ki, cəmiyyətin ziyalıları, nüfuz sahibləri baş verənlərə biganə qalırlar. Avropanın hansısa ölkəsində dinimizə, Peyğəmbərimizə qarşı həqarət görəndə hamımız hayqırırıq. Halbuki minlərlə insan Avropanın mərkəzində “Allah-Allah” deyə etiraz aksiyası keçirəndə heç bir polis onlara dəyənək vurmur. Amma bu gün 99 faizi müsəlman olan bir ölkədə, İslam paytaxtı elan olunan bir şəhərdə “Allah” kəlməsi yasaqlanır. Allah, get-gedə Sənə yazığım gəlməyə başlayır. Şeytan içimə şübhə salır ki, Öz haqqını müdafiə edə bilməyən məzlum qullarının haqqını necə müdafiə edəcək? Yəqin zalımları da ruhlandıran elə bu amildir. Allah-Allah, başımıza bu da gələcəkmiş.

 

Yenə dönürəm hüquq-mühazifə orqanlarımıza. Əziz asayiş keşikçiləri, sizin yürüş-mitinqdən ehtiyat etdiyiniz anlaşılandır. Bəs Peyğəmbər xatirinə çadır qurub, ehsan paylayanı döyməyə, çadırları dağıtmağa necə əliniz gəlir? Heç bir halda burada ictimai asayiş, vətəndaşların fərdi rahatsızlığı, mərkəzi hakimiyyətə qarşı təhlükə kimi bəhanələr keçmir. Demək dərdiniz başqadır. Siz ey zavallılar, öz ağlınızca Allahdan intiqammı alırsınız? Yerin-göyün sahibinə müharibəmi elan edirsiniz? Bütün yazılanları oxumasanız da olar. Lakin burdan sonrakı sətirləri diqqətlə oxuyun. Həm də sadəcə oxumayın, qəlbinizə hopdurun ki, bəlkə tövbə edəsiniz.

 

Axşamtərəfi meşədən keçən bir qadın quldurların hücumuna məruz qalır. Bir mürşid-dərvişin koması önündə baş verən basqında quldurlar qadının bütün qiymətli əşyalarını əlindən alırlar. Bunu görən mürid köməyə çatmaq istəyir, amma mürşid icazə vermir. Sonra quldurlar qadının paltarlarını çıxarmağa başlayırlar. Mürşid yenə müridini buraxmır. Nəhayət basqınçılar çarəsiz qadının sonuncu alt paltarını soyundururlar. Elə bu vaxt dəhşətli ildırım çaxır və bütün quldurlar yanıb külə dönürlər.

 

Gördüyündən heyrətə düşən mürid öz mürşidindən bütün bunların hikmətini soruşur və belə bir cavab alır: “Quldurların basqını zülm idi. Qadının qiymətli əşyalarını soymaq zülmün artması idi. Onun paltarlarını soyundurmaq zülmün tüğyan etməsi idi. Amma hələ zülm ərşə çatmamışdı. Nəhayət qadının namus örtüyü olan sonuncu alt paltarını çıxarmaq zülmün ərşə çatması idi. Sonuncu paltara toxunulmasaydı, zülm ərşə çatmayacaqdı. Və ərşə yetişən zülmün cəzası gəldi”.

 

Bu gün ölkəmizdə gözlərimiz önündə yaşananlar zülmdür və zülm güclənməkdə davam edir. Ey zalımlar, Allahın da səbrinin bir sonu var. Amandır, zülmü ərşə çatdırmayın.

  

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı