Modern.az

İki bankın dövlət idarəetməsinə verilməsi nəyi DƏYİŞƏCƏK…

İki bankın dövlət idarəetməsinə verilməsi nəyi DƏYİŞƏCƏK…

Aktual

23 Sentyabr 2021, 11:59

Prezident İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” və “Azər-Türk Bank”ın İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında sərəncam imzalayıb. Sənədlə hazırda bank sektorunda fəaliyyət göstərən 30 bankdan yeganə dövlət bankları olan 2 bank holdinqin idarəetməsinə verilib.


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a bildirib ki, bu, ümumilikdə bank sektoru üçün yeni mərhələdir:


“Hər iki bank üzrə fərqli yanaşmalar var. Holdinq tərəfindən “Azər-Türk Bank”ın diaqnostik qiymətləndirməsinin aparılması və fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulur. Hətta növbəti dörd ay ərzində diaqnostika üçün beynəlxalq ekspert də cəlb olunacaq. Beynəlxalq Bankın isə aktivləri kifayət qədər böyükdür. Ümumilikdə ölkə üzrə bank aktivlərinin böyük hissəsi Beynəlxalq Bankın payına düşür. Burada diaqnostikanın aparılması, eyni zamanda, “Azər-Türk Bank”da nəzərdə tutulan fəaliyyətlər həyata keçirilməyəcək. Bu bankda idarəetmə və struktur məsələlərilə bağlı məqamlar öz əksini tapacaq. Amma bütövlükdə 30 bankdan ikisi dövlət bankıdır, digər 28-i özəldir. Bu baxımdan holdinqin tabeçiliyinə dövlət mülkiyyətində olan qurumlar verilir. Özəl banklar özəl mülkiyyət olduğu üçün holdinqin idarəçiliynə verilmir. “Azər-Türk Bank”ın fəaliyyətinin təkmilləşdirilməsi, “Beynəlxalq Bank”da yeni strukturun formalaşdırılmasını bank sektoru üçün yeni mərhələ adlandırmaq olar”.

 

Parlamentarinin sözlərinə görə, holdinqin idarəedilməsinə verilən Beynəlxalq Bankın aktivləri bu ilin ilk yarısında 8 milyard 856 milyon manat olub:


“Bankın öhdəlikləri 7 milyard 376 milyon manat, kapital isə 1 milyard 479 milyon manat təşkil edib. 2020-ci ili isə bank 8 milyard 962 milyon manat aktivlə başa vurmuşdu. Ötən ilin yekunlarında Beynəlxalq Bankın aktivləri əvvəlki illə müqayisədə 2,8% azalıb. 2020-ci ili 129 milyon 391 min manat xalis mənfəətlə başa vuran bankın xalis mənfəətində əvvəlki illə müqayisədə 57,2 % azalma qeydə alınıb.

Bununla belə, Beynəlxalq Bank Azərbaycanda ümumi bank aktivlərinin 27 faizə yaxınını formalaşdırır. Mərkəzi Bankın hazırladığı “Bank İcmalı”ına  əsasən bu ilin birinci yarısında bankların ümumi aktivləri 33 milyard 69 milyon manat olub. Həmin dövrdə 28 milyard 220 milyon manatlıq öhdəliklər, 4 milyard 519 milyon manatlıq isə kapital qeydə alınıb.

“Azər-Türk Bank”ın audit hesabatına əsasən, 2020-ci ildə bankın aktivləri 349 milyon manat, öhdəlikləri isə 297 milyon manat olub”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir