Modern.az

BAXCP qurultayını təxirə saldı, bəyanat verdi

BAXCP qurultayını təxirə saldı, bəyanat verdi

12 Noyabr 2012, 14:18

Təşkilat Komitəsi: "BAXCP müvafiq dövlət qurumlarını süründürməçiliyə və məmur özbaşınalığına son qoymağa çağırır"

  Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) III Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti iclası keçirilib. Təşkilat Komitəsi sədrinin müavini Söhrab Abdullayevin sədrliyi ilə keçirilən iclasda qurultaya hazırlıqla bağlı məsələ müzakirə edilib. Qeyd olunub ki, qurultayın keçirilməsilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinə edilən müraciətlər qanunvericilikdə nəzərdə tutulan vaxtdan gec və əsaslandırılmamış şəkildə cavablandırılıb:

"Partiyanın ilk müraciətinə Bakı şəhəri İcra Hakimiyyəti təxminən 1 ay sonra cavab verib. BAXCP-nin müraciətində qurultayda 780 qurultay nümayəndəsinin iştirak edəcəyi ilə bağlı xüsusi xatırlatmanın olduğuna baxmayaraq, Bakı Şəhəri İcra Hakimiyyətinin cavab məktubunda partiyaya 300 nəfərlik tutumu olan yerlər təklif olunub”.

Təklif olunan yerlərə qurultay nümayəndələrinin yarısının belə sığışmayacağını nəzərə alan BAXCP növbəti dəfə Bakı Şəhəri İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Partiyanın müraciətinə müvafiq dövlət qurumu tərəfindən rəsmi cavab verilməyib. Bakı Şəhəri İcra Hakimiyyəti başçısının aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovla BAXCP-nin baş katibi Söhrab Abdullayev arasında aparılan telefon danışıqlarında partiyanın qurultayın keçirilməsi üçün uyğun məkan seçməsi və bundan sonra BŞİH-ə müraciət etməsi barədə razılıq əldə olunub. Bu danışıqlardan sonra Təşkilat Komitəsi qurultayın keçirilməsi üçün yer ayrılması və müvafiq qaydada icarə müqaviləsinin bağlanılması ilə əlaqədar Bakı Əyləncə Mərkəzinə müracət edib. Qurultayın noyabrın 17-də Bakı Əyləncə Mərkəzinin "Eliza" zalında keçirilməsi ilə bağlı ilkin razılıqdan sonra tədbirin təhlükəsizliyinin təmin edilməsi üçün Bakı Şəhəri İcra Hakimiyyəti başçısının aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanova müvafiq qaydada məktubla müraciət olunub. BAXCP-nin Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova ünvanladığı bütün məktubları öz imzası ilə cavablandıran Zaur Ramazanov Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi sədrinin müavini Söhrab Abdullayevə telefon açaraq məktubun onun adına deyil Hacıbala Abutalıbova ünvanlanmasının vacibliyini vurğulayıb.

Belədə partiya qurultayın keçirilməsilə bağlı vaxt məhdudiyyətini nəzərə alaraq növbəti dəfə eyni məzmunlu məktubla Hacıbala Abutalıbova müraciət ünvanlayıb. Lakin 2 noyabr 2012-ci il tarixdə BAXCP-nin Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova ünvanlanmış müraciətə bu günə qədər cavab verilməyib. Yaranmış vəziyyəti nəzərə alan BAXCP-nin III Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi qurultayın qeyri-müəyyən vaxta kimi təxirə salınması ilə bağlı qərar qəbul edib. Təşkilat Komitəsinin iclasında Bakı Şəhəri İcra Hakimiyyətinin 2008-ci ildə, BAXCP-nin II qurultayının keçirildiyi zaman partiyaya qarşı eyni münasibəti sərgilədiyi vurğulanıb. Təşkilat Komitəsi BAXCP-nin III Qurultayının Bakı Əyləncə Mərkəzinin "Eliza" zalında keçirilməsilə bağlı yol verilən süründürməçiliyin də anlaşılmaz olduğunu bildirib. Qeyd olunub ki, həmin zalda bir sıra siyasi təşkilatların, o cümlədən Sosial Rifah, Ana Vətən, Demokratik İstiqlal, Vətəndaş Həmrəyliyi partiyalarının qurultayları və digər ictimai-siyasi tədbirlər  keçirilib:

"BAXCP partiyaya münasibətdə nümayiş etdirilən ayrı-seçkiliyin Azərbaycan Respublikasının Konstitusiyasının və "Siyasi partiyalar haqqında" qanunun tələblərinə zidd olduğunu qeyd etməklə müvafiq dövlət qurumlarını süründürməçiliyə və məmur özbaşınalığına son qoymağa çağırır".


Modern.az    
Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı