Modern.az

"Dağlıq Qarabağ münaqişəsi mövcud deyil" - Əli Hüseynli

Aktual

23 Sentyabr 2021, 16:00

Sentyabrın 23-də Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Said Mohammed Abdulla Omair Alghfelinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, qonaqları salamlayan Əli Hüseynli İƏT-in  Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının bir sıra münaqişələrlə effektiv məşğul olduğunu qeyd edərək komissiyanın Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti zamanı insan hüquqları pozuntusu faktlarını araşdırmaq üçün ölkəmizə səfərini yüksək qiymətləndirib.

 

Milli Məclis sədrinin birinci müavini bildirib ki, Dağlıq Qarabağ münaqişəsi artıq mövcud deyil, çünki Azərbaycan beynəlxalq hüquqa əsasən, məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin də tələblərinə uyğun olaraq torpaqlarını Ermənistanın işğalından azad edib. Əli Hüseynli Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri faktları ilə bağlı respublikanın hüquq-mühafizə orqanlarının apardığı təhqiqatlarda, həm də beynəlxalq təşkilatların hesabatlarında tutarlı faktların mövcud olduğunu qeyd edib.

 

Görüşdə iştirak edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İƏT və onun qurumlarının Ermənistanın Azərbaycana  qarşı təcavüzü ilə bağlı ədalətli və birmənalı mövqeyindən, həm təşkilatın, həm də üzv dövlətlərin erməni təcavüzünü qətiyyətlə pisləməsindən, işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxmasının tələb edilməsindən razılıqla söz açıb. Bildirilib ki, Azərbaycan da öz növbəsində İƏT ölkələrinin başlıca problemlərinə dair aparılan müzakirələrdə, qərar və qətnamələrin qəbul edilməsində daim konstruktiv və birmənalı mövqe sərgiləyib, İslam ölkələri ilə bütün sahələrdə əməkdaşlığa böyük önəm verib.

 

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Said Mohammed Abdulla Omair Alghfeli öz növbəsində səfər çərçivəsində Ermənistan işğalından azad olunmuş ərazilərimizə səfər edəcəklərini bildirib və faktaraşdırıcı missiya həyata keçirəcəkləri barədə məlumat verib.

 

Söhbət zamanı İƏT MDİHK-nın sədr müavini Hacı Ali Açıkgül, komissiya katibliyinin icraçı direktoru Butt Marghub Salim, həmçinin Ombudsman Aparatının rəhbəri, İƏT MDİHK-nın üzvü Aydın Səfixanlı missiyanın görəcəyi işlər, aparacağı araşdırmalar barədə danışıblar. Qeyd olunub ki, hesabat hazır olandan sonra dünya ictimaiyyətinə təqdim olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...