Modern.az

“Bahar” şadlıq sarayındakı yeməklərdə mikroblar aşkarlanıb

“Bahar” şadlıq sarayındakı yeməklərdə mikroblar aşkarlanıb

12 Noyabr 2012, 17:32

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, Bakı şəhərində  fəaliyyət göstərən “Nemət-Ə” firmasına məxsus “Bahar” şadlıq sarayında dövlət nəzarəti həyata keçirilib.

Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə müxtəlif kulinariya məmulatları və milli xörəklərin hazırlanması üçün yarımfabrikatlar ГОСТ 30390-95 (bənd 5.1) və AZS 126-2005 (bənd 4.1) standartlarının tələblərinə riayət edilmədən, müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır. Şadlıq sarayının ümumi sanitar vəziyyəti qeyri-qənaətbəxşdir, istifadə olunan və süfrələrə düzülən qablar açıq vəziyyətdə mətbəxin girişində gediş-gəlişin çox olduğu yerdə saxlanılır ki, bu da öz növbəsində həmin qabların çirklənməsinə səbəb olur. Şadlıq sarayının zalına keçirilən baxış zamanı istifadə olunan yemək dəstlərinin (çəngəl, bıçaq, qaşıq, külqabı) stollara tam təmizlənməmiş vəziyyətdə düzüldüyü müəyyən edilib.

Müəssisədə yararlılıq müddəti bitmiş “Oldenburger” nişanlı “Fermerskaya” xaması, mənşəyi məlum olmayan və yararlılıq müddəti bilinməyən 500 qram qara və 300 qram qırmızı kürü, yararlılıq müddəti bitmiş, xarab olmuş “M&T” nişanlı bişmiş hisə verilmiş “Moskovskaya” kolbasaları aşkar edilib və qanunvericiliyə müvafiq olaraq aktlaşdırılaraq götürülub. Şadlıq sarayının anbarı olmadığından yeməklərin hazırlanmasında istifadə olunan müxtəlif  növ ərzaq məhsulları saxlanma rejiminə riayət edilmədən mətbəxdə saxlanılır. Habelə meyvə nektarları, qazlı su, alkoqollu və alkoqolsuz içkilərin bir qismi bu məhsulların temperatur rejimlərinə riayət olunmadan zalın çıxışında yerdə, bir qismi isə soyuducuda saxlanılır. İstismar olunan ölçmə vasitələri müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur.

Şadlıq sarayında istehlakçılara təqdim olunan “paytaxt” və “mimoza” salatlarından və “lülə kabab” üçün çəkilmiş ətdən nümunələr götürülüb və Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) sınaq laboratoriyasına təqdim edilib. Təqdim edilmiş nümunələr mikrobioloji göstəricilərdən ümumi mikroorqanizmlərin sayına və bağırsaq çöpləri qrupundan olan bakteriyaların aşkar edilməsinə görə normativ sənədin tələblərinə cavab verməyib.

Faktla əlaqədar olaraq “Nemət-Ə” firmasına məxsus “Bahar” şadlıq sarayında “paytaxt” və “mimoza” salatları və “lülə kabab” üçün qiymənin hazırlanması və satışı qadağan edilib,  müəssisə barədə inzibati protokol tərtib edilərək beş min manat məbləğində cərimə edilib.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi