Modern.az

Saxta COVID pasportu alanlar necə cəzalandırılmalıdır...

Saxta COVID pasportu alanlar necə cəzalandırılmalıdır...

24 Sentyabr 2021, 09:40

Azərbaycanda saxta COVID-19 pasportu satan şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir. İndiyədək onlarla tibb işçisi və digər məsul şəxslər saxta vaksin sənədi satmaqda ittiham olunaraq saxlanılıblar. Lakin problem hələ də qalmaqdadır.

 

Qanunvericiliyə əsasən, saxta COVID-19 pasportu satan şəxslərlə yanaşı, bu sənədi əldə edən vətəndaşlar da cinayət məsuliyyəti daşıyırlar. Bəs o zaman müəyyən pul müqabilində saxtakarlığa əl ataraq vaksin sənədi alan vətəndaşlar niyə həbs olunmur?

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-a deyib ki, saxta COVID-19 pasportu alan vətəndaş ağır formada cəzalandırıla bilər:

 

“Saxta COVID-19 pasportu alan vətəndaş bilir ki, onun bu sənədi saxtadır. Burada artıq ehtiyatsızlıq yox, qəsd var. Şüurlu şəkildə müəyyən vəsait ödəməklə alırlar və onların bu əməli qiymətləndirilib, daha ağır formada cəzalandırıla bilər. Bu tədbirlərin geniş miqyasda davam etdirilməsi, vətəndaşlardan bu barədə daxil olan siqnalların yoxlanılması daxili işlər orqanları ilə birlikdə Baş Prokurorluq tərəfindən davam etdirilir. Bu əməlləri törədən şəxslərin hər biri barəsində Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq qətimkan tədbirləri seçilir. Saxta COVID-19 pasportu istifadə edən şəxs digərlərini koronavirusa yoluxdurarsa və ölümünə səbəb olarsa, Cinayət Məcəlləsinin digər, yəni 139-1-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər”.

 

 

Heç bir hüquqi addım onların qarşını ala bilməz...

 

Deputat Arzu Nağıyev Modern.az-a açıqlamasında bildirib ki, insanlar vaksin vurdurmağın vacibliyini başa düşmürsə, heç bir hüquqi addım onların qarşısını dayandıra bilməz:

 

“Həm saxta sənəd satanlar, həm də alanlar cəmiyyətə ziyan verən adamlardır. Vaksin vurdurmaq məcburi deyil. Cəmiyyət üçün onun zərəri, ziyanı olarsa, əlbəttə ki, vaksin vurulmasına qadağa qoyular. Bu hər birimizin sağlamlığı üçün vacibdir. Həkim rəylərinə diqqət etsək görərik ki, vəfat edənlərin çoxu vaksin vurdurmayanlardır. İnsanlar şüurlu olaraq düşünməlidirlər ki, bizim sağlamlığımız üçün vaksin önəmlidir. Əgər bunu başa düşə bilmirlərsə, nəinki həbs qətimkan tədbirləri, heç bir hüquqi addım onların qarşını ala bilməz. İnsan hər bir qaydada özünə hörmət etməli və özünü qorumalıdır”.

 

Saxta COVID pasportu “bastırılmış minadır”

 

 

Deputat Razi Nurullayev isə saxta COVID pasportunu “bastırılmış mina” adlandırıb. Onun sözlərinə görə, saxta sənəd satmaqla və almaqla qanunu pozurlar və bununla da məsuliyyətə cəlb oluna bilərlər:

 

“Saxta COVID-19 pasportunu satanlar konkret olaraq cəza gözləyir və həbs qətimkan tədbiri seçilir. Saxta pasportu alanların da məsuliyyətə cəlb olunması üçün müəyyən təlimatlar hazırlanır. Qeyri-qanuni yollarla pasport alanlar da məsuliyyətə cəlb olunacaqlar. Ola bilər ki, pasportu alıb, müəyyən yerlərdə istifadə ediblər. Ancaq onların səhhətində problem olduqda, tibbi müəssisəyə müraciət etdikdə yaxınları məcburi şəkildə yalanlarını ortaya çıxaracaq ki, düzgün müalicə aparılsın. Şəxs barəsində araşdırma aparılacaq və bu araşdırmada saxta pasportu verən müəssisəyə kimi gedib çıxacaq. Saxta pasport almaq böyük riskdir, bunu vətəndaşlarımız başa düşməlidirlər. Saxta COVID pasportu “bastırılmış minadır”, istənilən an partlaya bilər. Cibində saxta sənəd gəzdirənlər hər gün risk altındadırlar”.

 

Bəs saxta sənəd verənləri hansı cəza gözləyir?

 

 

Cinayət Məcəlləsinin 308.1 maddəsinə əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına, qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma, ya da müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

 

308.1-ci maddə üzrə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda şəxslər üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

313-cü maddədə qeyd olunur ki, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu, yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və s. şəxsi niyyətlərlə törədildikdə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək ictimai işlər, bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma, eləcə də müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.

 

Humay İsgəndərova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?