Modern.az

Qanunsuz ov edənlərdən 51 tüfəng müsadirə olunub

Qanunsuz ov edənlərdən 51 tüfəng müsadirə olunub

16 Fevral 2010, 13:57

Fevralın 16-da gecə saat 01:00 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Ərazi ekologiya və təbii sərvətlər şöbəsi Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə keçirdikləri reyd zamanı qanunsuz çöl quşlarının alışı və satışı ilə məşğul olan şəxslər saxlanılıblar.
Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, reyd zamanı Sabirabad rayonunun Qasımbəyli kənd sakini Rövşən Novruzovun idarə etdiyi “VAZ 2107” markalı avtomobilə baxış keçirərkən 1 ördək, 690 qaşqaldaq olmaqla 691 ədəd çöl quşu aşkar edilib.
Araşdırma zamanı məlum olub ki, Rövşən Novruzov həmkəndlisi Mircavad Həşimovla birlikdə İmişlinin Sarısu gölü ərazisində həmin quşları ovçulardan alaraq Masallı rayonuna satmaq üçün aparırmışlar.
Qanun pozucuları barəsində İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq inzibati tənbeh tədbirlərinin görülməsi, qanunsuz ov halları aşkar edilmiş ərazidə mühafizə tədbirlərinin davam etdirilməsi istiqamətində nazirlik tərəfindən müvafiq işlər həyata keçirilir.
Qeyd edək ki, cari ov mövsümündə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Qanunvericiliyin pozulması ilə əlaqədar 60-dan çox vətəndaş saxlanılıb, onlara qarşı akt və protokol tərtib edilib, 51 ov tüfəngi götürülüb. Məhkəmə və hüquq-mühafizə orqanlarına müvafiq tədbir görülməsi üçün müraciət olunub.
"Bir daha əhalinin nəzərinə çatdırırıq ki, 2005-ci ildən etibarən quş qripi xəstəliyinin profilaktikası ilə əlaqədar ölkə ərazisində quş ovuna müddətsiz qadağa qoyulmuşdur",-deyə nazirlikdən bildirilib.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?