Modern.az

COVID-19 və qlobal siyasət: pandemiyadan sonra dünya necə görünəcək?

COVID-19 və qlobal siyasət: pandemiyadan sonra dünya necə görünəcək?

24 Sentyabr 2021, 12:58

Tarixi təcrübə göstərir ki, bu vaxta qədər baş vermiş hər bir qlobal hadisə, xüsusən irimiqyaslı fəlakətlər özündən sonrakı dövrdə dünyanın sosial-iqtisadi və siyasi mənzərəsində mühüm dəyişikliklərə səbəb olub. 15-ci yüzillikdə Martin Lüterin kilsə reformasiyası uğrunda apardığı mübarizə zamanı xalq kütlələrini öz ətrafında birləşdirə bilməsində həmin dövrdə Avropanı cənginə alan vəba epidemiyası və təbii ki, onun yayılmasını heç cür əngəlləyə bilməyən katolik kilsəsinin nüfuzunun xeyli zəifləməsi danılmaz rol oynamışdı.
Avropada 20-ci əsrin əvvəllərindən başlayaraq avtoritar rejimlərin formalaşması, mühafizəkar meyllərin artmasının arxasındakı ən güclü səbəblər arasında Birinci Dünya müharibəsinin dəhşətli dağıntıları və Böyük böhranla yanaşı, İspan qripinin yaratdığı çətin şərait də vardı. Beləliklə, bəşəriyyətin özünü dünyanın hakimi olduğuna ən çox inandırdığı dövrdə meydana gələn koronavirus pandemiyasının da gələcək qlobal siyasi münasibətlərdə uzunmüddətli, hətta qalıcı təsirlərinin müşahidə olunacağını qabaqcadan görmək o qədər də çətin deyil. Bununla belə, pandemiyanın dövlətlər arasında mövcud əlaqələrə necə təsir göstərəcəyi məsələsi siyasi analitiklərin fəal müzakirə etdikləri başlıca mövzulardan biridir. 


Pandemiyadan sonra dünya necə görünəcək? Dövlətlər arasında rəqabətmi daha da güclənəcək, yoxsa əməkdaşlıqmı? Qlobal təhlükə ilə mübarizədə beynəlxalq əməkdaşlığın dövlətləri və xalqları bir-birinə yaxınlaşdıracağını düşünənlər olsa da, müşahidələr göstərir ki, əslində bunun tamamilə əksinin baş verməsi ehtimalı daha güclüdür. O səbəbdən ki, xalqların, ölkələrin pandemiya ilə təkbaşına mübarizə aparmaları onları bir-birindən daha da uzaqlaşdıracaq. Elə pandemiyanın ilk aylarında güclü ölkələrin bu böhrana verdikləri ilkin reaksiyalara nəzər saldıqda, onların iqtisadi potensiallarına arxalanaraq öz başlarının çarəsinə baxmağa üstünlük verdiklərini və kollektiv həll yollarından imtina etdiklərini aydın görmək mümkündür. Buna misal olaraq, Almaniya və Fransanın tibbi ləvazimatlar çatışmazlığını əsas gətirərək digər Avropa İttifaqı dövlətlərinə ixracı dayandırmalarını göstərmək olar. Baxmayaraq ki, həmin dövlətlər sonradan ictimaiyyətin təzyiqi və qonşu dövlətlərin güclü lobbi fəaliyyətləri nəticəsində, tətbiq etdikləri qadağadan geri addım atmalı olmuşdular. 


Pandemiya və post-pandemiya dövrü dünya siyasətinə dair təhlillərdə əsasən, müasir geosiyasi vəziyyətdə baş verə biləcək dəyişikliklərə diqqət yönəldilir. Ancaq koronavirusun sosial, iqtisadi və siyasi sferada təsirlərinin bu qədər aydın müşahidə olunması pandemiya bitdiyi gündən etibarən qarşımızda tamamilə fərqli bir dünya görəcəyimiz anlamına da gəlmir. Çox güman ki, gələcəkdə COVID-19 dönəmi daha çox ölkələr arasında yeni əməkdaşlıqların qurulması və mövcud ittifaq münasibətlərinin sarsılması, beynəlxalq miqyasda əməkdaşlığın zəifləməsi, Avropa İnteqrasiyası layihəsinin sınaqdan keçməsi, ABŞ və Çin arasında liderlik uğrunda rəqabətin güclənməsi, millətçilik və gücə söykənən siyasi meyillərin yenidən populyarlaşması kimi qlobal siyasətdə hazırda da mövcud olan istiqamətlərin inkişafına daha da təkan verən bir mərhələ kimi xarakterizə olunacaq.


İlk növbədə onu qeyd etməliyik ki, COVID-19 bir tərəfdən bəzi ölkələr arasında münasibətlərin yaxınlaşmasına gətirib çıxarsa da, digər tərəfdən həm Avropa İttifaqı daxilində, həm də transatlantik əlaqələrin gərginləşməsinə səbəb olub. Pandemiyanın erkən dövrlərindən etibarən Aİ koronavirus və onun mənfi iqtisadi nəticələrinin qarşısını almaq məqsədilə vahid siyasət ortaya qoya bilmədi, hər bir İttifaq dövləti COVID-19 ilə öz imkanları və milli səviyyədə gördüyü tədbirlər vasitəsilə mübarizə aparmağa çalışdı. Fransa və Almaniyanın bir müddət tibbi ləvazimat ixracını dayandırması İttifaqın üzvü olan digər ölkələrdə, xüsusilə də ilk aylarda epidemioloji vəziyyətin ağır olduğu İtaliyada adıçəkilən dövlətlərə qarşı qəzəb yaratdı. Bütün bunlar açıq-aşkar Avropa İttifaqı ölkələri arasındakı bağları zəiflətdi, İttifaqın yardım etmədiyi dönəmdə isə İtaliyanın köməyinə Rusiya və Çin kimi dövlətlər çatdı. Doğrudur, sadəcə səhiyyə sahəsində baş tutan yardımlaşma hələ öz-özlüyündə güclü bir ittifaqın yaranması demək deyil, ancaq belə addımları gələcək müttəfiqlik münasibətlərinin başlanğıcı kimi nəzərdən keçirmək də yanlış olmazdı. Bu məqamda, Azərbaycanın pandemiyanın ilk vaxtlarında kifayət qədər imkanlara, zəruri təchizata malik olmayan digər ölkələrə etdiyi maliyyə və tibbi ləvazimat yardımının sonradan, ən çox da İkinci Qarabağ müharibəsi zamanı rəsmi Bakının beynəlxalq aləmdə haqlı olaraq əlini gücləndirən bir amilə çevrilməsini xüsusi vurğulamaq lazımdır.


Bu sahədə araşdırmalar aparan tədqiqatçıların bir çoxu əvvəlki dövrdə də kifayət qədər gərgin olan ABŞ-Aİ münasibətlərinin pandemiyanın meydana gəlməsi ilə daha da kəskinləşəcəyində həmfikirdirlər. Təhlükəsizliklə bağlı tədbirlərin NATO çərçivəsində sadəcə hərbi deyil, eyni zamanda səhiyyə sahəsindəki məsələləri də ehtiva etməsinə dair iddiaların gündəmə gəlməsi ilə birlikdə, bu sahələrə ayrılan büdcə və imkanların həmin sferadakı rolu ətrafında mübahisələr translatlantik siyasi məkanda mövcud gərginliyin özəyini təşkil edir. COVID-19 ilə bağlı vəziyyət ciddiləşdikdə ABŞ da Avropada olduğu kimi, ölkədaxili tələbatı ödəmək məqsədilə maska və tibbi ləvazimatların xaricə daşınmasına məhdudiyyətlər qoymuşdu. Belə ki, rəsmi Vaşinqton tibbi maska istehsal edən bəzi yerli şirkətlərə xarici ölkələrə satışı qadağan etmişdi. Yalnız dünya ictimaiyyətinin sərt reaksiyalarından sonra ABŞ və Aİ bu məhdudiyyətləri yumşaltmış, beləliklə tibbi təchizat idxal etməli olan digər dövlətlərin tələbatı qismən də olsa ödənməyə başlamışdı. 



Beynəlxalq münasibətlərdə COVID-19-un təsirlərinin təzahür edəcəyi digər bir istiqamət son dövrlər “Böyük Güc” olmaq uğrunda mübarizə aparan iki ölkə - ABŞ və Çin arasındakı əlaqələr hesab edilir. Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin nəşr etdirdiyi “COVID-19 Sonrası Dünya” təhlillər toplusundakı bir məqalədə də qeyd edildiyi kimi, pandemiyanın meydana gəlməsinin ardından bu dövlətlər arasındakı rəqabət daha da qızışıb, həm Vaşinqton, həm də Pekində bu iki gücü qarşı-qarşıya gətirməklə bağlı meyllər güclənib. Koronavirusla mübarizə cəbhəsində iki ölkə də dünyaya nümunə ola bilməyib, xüsusilə ABŞ pandemiya dövründəki siyasəti və görülən tədbirlərin effektivliyi baxımından daha uğursuz təsir bağışlayıb. Bununla belə, Çinin iqtisadi qüdrətini ABŞ və Aİ-dən daha sürətli bərpa edəcəyi proqnozlaşdırılsa da, yaxın gələcəkdə qlobal siyasi məkanda liderliyi Amerikadan təhvil alması real görünmür. 


Bunun birinci səbəbi kimi Çinin iqtisadi və hərbi güc cəhətindən hələ də Amerikadan geridə qalmasını göstərə bilərik. COVID-19-dan əvvəlki dövrdə də müşahidə olunan ləng inkişaf və pandemiyanın başlaması ilə ixracatın xeyli zəifləməsi, hətta tam səngiməsi ABŞ iqtisadiyyatının üçdə ikisi həcmində olan Çin iqtisadiyyatının ciddi durğunluq yaşamasına səbəb olub. Digər bir tərəfdən, qeyd etdiyimiz kimi, Çin hərbi güc məsələsində ABŞ ilə rəqabətdə geri qalır, üstəlik pandemiya dövründə xərclərin böyük hissəsinin sadəcə səhiyyə sahəsinə yönəldilməsi də aradakı fərqin yaxın gələcəkdə qapadıla bilməsini qeyri-mümkün edir.


İkinci səbəb Amerikanın geosiyasi baxımdan Çinlə müqayisədə daha əlverişli imkanlarının olmasıdır və pandemiyanın təsirləri də bu üstünlükləri aradan qaldırmağa qadir deyil. İlk növbədə, iki okean və iki müttəfiq ölkə ilə əhatə olunan ABŞ bir çox baxımdan daha əlverişli coğrafi mövqedə yerləşir. İkincisi, ABŞ enerji ixracatçısı olan bir dövlətdir, halbuki Çin enerji tələbatının önəmli bir hissəsini Orta Asiyada Türkmənistan, Özbəkistan, Orta Şərqdə Səudiyyə Ərəbistanı və digər ölkələrdən idxal yolu ilə ödəyir. Üçüncü üstünlük ABŞ-ın demoqrafik vəziyyəti ilə əlaqədardır. Stanford Universitetinin Demoqrafik Tədqiqatlar üzrə rəhbəri Adel Hayutinin araşdırmasına əsasən, gələcək 15 il ərzində ABŞ-ın işçi qüvvəsində 5 faizlik artımın müşahidə olunması gözlənilir. Bunun əksinə olaraq, Çinin işçi qüvvəsi təxminən 9 faiz azalacaq. Bütün bu amilləri nəzərə aldıqda, COVID-19 pandemiyasının iki ölkə arasındakı rəqabətin taleyində həlledici dönüş nöqtəsi olmayacağını görə bilərik.


Sonda, COVID-19 qlobal böhranının ayrı-ayrı regionlarda millətçiliyin yenidən güclənməsinə və dövlətüstü qurumların əhəmiyyətinin get-gedə azalmasına səbəb olacağını qeyd etməliyik. Avropada İttifaqın asılılığından qurtarmaqla bağlı populist şüarlar uzun müddətdən bəri səsləndirilsə də, əvvəlcə Breksit, daha sonra koronavirus prosesləri bu mövqeyin əhəmiyyətli dərəcədə güclənməsinə, insanların bu cür təhlükəli situasiyalar qarşısında beynəlxalq təşkilatların faydasız olduğuna inanmasına gətirib çıxardı. Digər tərəfdən, yeni milətçilik dalğasının yüksəlişi sadəcə Avropa ölkələrinə xas deyil, həmin meyllər Hindistan, Çin, İsrail kimi dövlətlərin siyasətində də müşahidə olunur. 


Beləliklə, post-pandemiya dönəmi qlobal siyasətin necə formalaşacağı əhəmiyyətli dərəcədə COVID-19-un beynəlxalq münasibətlərə yuxarıda sadalanan istiqamətlərdə göstərdiyi təsirlərdən asılıdır. Bu fəlakət, dünya dövlətlərinin mənafelərinin əslində bir-biri ilə bağlı olduğunu, qloballaşmanın sadəcə əmtəələrin və xidmətlərin yox, eyni zamanda ümumi problemlərin həlli yolunda birgə tədbirlərin görülməsi zərurətini də özündə ehtiva etdiyini göstərdi. Aydındır ki, müasir dövrdə mövcud olan dünya miqyaslı çətinliklərin bir çoxu ayrı-ayrı ölkələrin potensialını aşdığından, onların həlli vahid beynəlxalq yanaşmanın ortaya qoyulmasını tələb edir. Buna görə də, hazırda dövlətlərin ali məqsədi dünyanın gələcəkdə baş verəcək COVID-19 kimi başqa fəlakətlərə qarşı daha hazırlıqlı olmasını təmin etməkdən və bu yolda ölkələrin geniş miqyaslı əməkdaşlığını nəzərdə tutan effektiv beynəlxalq siyasi konsepsiyanın işlənib hazırlanmasından ibarət olmalıdır. 


Yılmaz SƏFƏROV

BDU-nun Hüquq fakültəsi, “SABAH” qrupları, 4-cü kurs

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR! Sülhməramlılar Xocalıdakı bazalarından belə çıxır