Modern.az

Məşhur xanəndə Zahid Quliyev: “İndiki zamanda Azərbaycanda ən çox 10 xanəndə olsa, bəs edər” - MÜSAHİBƏ

Məşhur xanəndə Zahid Quliyev: “İndiki zamanda Azərbaycanda ən çox 10 xanəndə olsa, bəs edər” - MÜSAHİBƏ

13 Noyabr 2012, 07:36

"Fəxri adların verilməsi keçmiş SSRİ-dən qalan, siyasi məqsədlə yaranan bir ideyadır"

İstedadlı muğam ifaçısı Zahid Quliyevin səsi çoxdan eşidilməsə də, yaddaşlardan silinməyib. Bir xanəndə kimi geniş diapozonlu, təmiz və zəngin tembrli səsə, muğam sahəsində dərin biliyə malik olan Zahid Quliyev ifasında səslənmiş “Şur”, “Mahur-Hindi”, “Çahargah”, “Bayatı-Şiraz”, muğam-dəstgahları radionun hazırda qızıl fondunda saxlanılır. Vaxtilə Zahid Quliyev, Möhlət Müslümov (tar) və Fəxrəddin Dadaşovdan (kamança) ibarət Cabbar Qaryağdıoğlu adına trio dünyanın bir çox ölkələrində Azərbaycan muğamını dünyada layiqincə təbliğ edib. Əslən Qarabağ bölgəsindən olan xanəndə 8 il öncə Azərbaycandan mühacirət etdi.
Modern.az saytı hazırda Almaniyada yaşayan xanəndə ilə əlaqə saxlayaraq ondan internet vasitəsilə müsahibə alıb.

- Zahid müəllim, necəsiniz, Vətəndən uzaqda yaşamaq çoxmu çətindir?

- 15-20 il əvvəl xarici ölkələrdə verdiyim konsertlər zamanı qürbətdə yaşayan soydaşlarımızla söhbətləşərkən, onların hansı hisslər keçirdiyini, mən bugünkü kimi başa düşə bilməmişdim. O zamanlar mənim çıxışlarım zamanı salonda dinləyicilərin dəsmal çıxarıb ağlamalarıı bir az başa düşülən olsa da, həmd ə mənə təəccüblü gəlirdi. Konsertdən sonra o insanlarla söhbət etdiyimiz zaman, sizin mənə ünvanladığınız birinci sualı, mən onlara verirdim və deyirdim ki, sizin bu ölkədə yaşayış çətinliyiniz olmadığı halda, nə üçün bu qədər dərdlisiniz. Onların mənə müxtəlif cavabları olurdu. Amma o cavabların hamısını bir araya gətirdikdə, ümumi bir cavab ortaya çıxırdı və deyirdilər ki, bunu yaşayanlar bilər. Bu əlbəttə ki, qəriblikdir. İndi mən də o həyatı yaşayıram, çox çətindir. Doğma vətəndən, istəkli qohum-qardaş, dost-tanışlardan ayrı düşüb, uzun illər uzaqda yaşamaq heç də asan iş deyil, çox ağırdır. Sizə bir misal çəkim: 2002-ci ildə Kanadanın Toronto şəhərində konsert zamanı, Azərbaycanda sevilən, tanınan bir bəstəkarla - Adil Bəbirovla görüşdüm. Ertəsi gün bizi evinə qonaq dəvət etdi. Ona da sual verdim ki, gününüz nece keçir? Dedi ki, “Zahid görürsən, hər şeyim var, iki mərtəbəli evdə yaşayıram, isığım sönmür, isti-soyuq suyum daim gəlir, yəni maddi çətinliyim yoxdur. Amma səhər evdən çıxanda Allaha dua edirəm ki, qarşıma bir azərbaycanlı çıxarsın, oturub bir az dərdləşək”.
Onun Azərbaycanda bir pianosu qalmışdı. Böyük bir xərclə Torontoya gətirtmişdi. Bütün dərdini, qəmini ona deyirdi. Mən də Almaniyaya gələndə, ailəmlə birlikdə, özümlə sevimli qaval və tarımı gətirdim.

- Mümkünsə, Azərbaycandan gedişinizin səbəbi barədə məlumat verərdiniz. Niyə xaricə mühacirət etdiniz?

-
Mənim Azərbaycanda maddi sıxıntım, başqa şəxsi maraqlarım yox idi. Həmişə xarici səfərlərdən geri dönərkən, məni bir şey narahat edirdi və düşünürdüm ki, niyə bəs Azərbaycan Almaniya, Hollandiya və yaxud kiçik Lüksemburq kimi ölkə deyil. Bu arzulara yetmək üçün demokratiya uğrunda mübarizə aparan insanların sırasında durmağı özümə borc bildim.Gözəl Qarabağımızın azad olunması üçün Azərbaycanda demokratiyanin bərqərar olmasını mütləq sayırdım. Bu yolda Azərbaycanda gərəkli işlərim, qərarlarım oldu. Azərbaycanı tərk etməyim də bu qərarlardan biri idi.

- Uzun müddətdir qürbətdə yaşayırsınız. Qürbətlik həyatınızda itirdikləriniz çox olub, yoxsa qazandiqlarınız?

-
8 ildir Almaniyada yaşayıram, nə qazandım və nə itirdim, bu suala bir kitab qədər cavab yazmaq olar. Hər halda ailəmin azad bir ölkədə rüşvətsiz, başı uca, kimsəyə yaltaqlanmadan yaşamağını qazanc saymaq olar. Amma vətəndən ayrı, sevimli Cəbrayılımdan daha da uzaq düşmək, mənəvi dəyərləri olan insanlarımızla ünsiyyətdən gen yaşamaq və s. itirdiklərimdəndir. Mənim üçün bu fərq, yerlə-göy arasındakı məsafə ilə müqayisə oluna bilər.Yəni itirdiklərimin sayı-hesabı yoxdur.

- Bilmək olarmı indi nə işlə məşğul olursunuz?

-
8 ildə kiçik konsertlər və toyları nəzərə almasaq, demək olar ki, heç nə ilə məşğul olmamışam. 2012-ci ilin may ayından sonra kiçik bizneslə məşğulam.

- Kimlər və nələr üçün daha çox darıxırsınız, Vətən yanğısına necə dözürsünüz?

- Mən ömrümün 18 ilini Cəbrayılda doğma Söyüdlü kəndində, 26 ilini Bakıda, 8 ilini Almaniyada yaşamışam. Bakıda yaşadığım 26 il mənim üçün çox maraqlı keçib, tələbəlik illəri, musiqi yarışmaları, konsertlər, universitetdə dərs dediyim illər, toylarda olduğum günlər, dostlarla, qohumlarla bir arada olduğum günlər, Azərbaycanın müstəqilliyi uğrunda meydanlarda olduğum günlər, sonralar müstəqil Azərbaycanda demokratiya uğrunda keçirilən mitinqlərdə olduğum vaxtlar və s. Bunların hamısı mənim üçün əziz olsa da, mən ən çox Cəbrayıl, Qarabağ, 18 il yaşadığım doğma kəndim Söyüdlü üçün, o dağlar-dərələr, bulaqlar üçün darıxıram. Səhər-səhər evimizin üstündəki, qayalıqda qaqqıldaşan kəkliyin səsi üçün, qışda qarın üstündə olan dovşan izləri üçün, məni dünyaya gətirən ata-anamın məzarı üçün, qonaqlı-qaralı, heç vaxt musiqi səsi əskilməyən evimiz üçün darıxmışam. Bu darıxmalar isə insan ömrünü sürətlə azaltmağa xidmət edir. Ölüm haqdır. Bu dünyada hər gün kimsə ölümünü, dünyadan bir gün köçəcək gününü düşünmürsə, onun ağlına şübhə ilə yanaşıram. Amma Allaha hər gün dua edirəm ki, kəndimizi bir daha görmədən bu dünyadan köçməyim. Gedim kəndimizə, Allahım orada mənim canımı alsın. Bu günü görmək üçün, nə qədər canım var mübarizə aparacam. Sizə verdiyim bu musahibədə o mübarizənin bir kiçik hissəsi kimi qəbul edilə bilər.

- Azərbaycanda qoyub getdiyiniz dostlarınızdan kimlər sizi arayıb axtarır və siz özünüz kimlərlə əlaqə saxlayırsınız? Əlbəttə ki, sənət adamlarını nəzərdə tuturam…

- Azərbaycanda olan sənət dostlarımla və başqa yoldaşlarla da əlaqələrim var. “Skayp”la, telefonla əlaqə qururuq. İndi onlardan birinin adını çəksəm, bu bir az yaxşı olmaz. Keçən il hörmətli xanəndəmiz Ağaxan müəllim müalicə üçün bura gəlmişdi. Onunla görüşdüm, yaxşı söhbətlərimiz oldu, Allah ona şəfa versin, salamımı yetirin ona və bütün sənətkarlara.

- Vaxtilə Azərbaycan Dövlət Filarmoniyasında tarzən Möhlət Müslümov və kamançaçalan Fəxrəddin Dadaşovla birgə Cabbar Qaryağdıoğlu adına muğam triosu yaratmışdınız. O məşhur muğam triosunun fəaliyyətini necə xatırlayırsınız?

- Filarmoniyada vaxtilə yaradılan Cabbar Qaryağdıoglu adına muğam üçlüyü barədə sualı cavablandirmadığım üçün üzrlü sayın. Bakıya gələndə bu suala ətraflı cavab verərəm.

- Səhv etmirəmsə, muğam ifaçılarından xaricdə ilk diski çıxan xanəndələrdən birisiniz. Bu nə vaxt və necə necə baş vermişdi?

- Muğam ifaçılarından xaricdə - Fransada birinci diski Alim Qasımov çıxartmışdı, ikinci belə disk isə mənə məxsusdur. O diskdə “Şur” və “Mahur hundi” muğamları səslənir. Ondan sonra Fransada daha iki, Hollandiyada 3 diskim çıxdı, Kanadada beynəlxalq musiqi festivalının ümumi diskində ifa etdiyim muğamlar işıq üzü gördü və s. Bundan əlavə, Fransada çəkilən “Dünyanın səsi” adlı 2 saatlıq musiqi filmi Azərbaycan muğamının dünyada necə tanıdılması kimi dəyərləndirilə bilər. Çox təəssüflər olsun ki, bu filmə Azərbaycan muğam sevərləri hələ baxmayıblar. Mən hesab edirəm ki, bu Azərbaycan musiqisi üçün çox qiymətli bir filmdir. Filmin senarisini isə sizə açıqlamayacam. Nə qədər gec baxılsa, bir o qədər qiymətli olar. Atalar demişkən, saxla samanı, gələr zaman.

- Zahid müəllim, Azərbaycanda yetişdirdiyiniz tələbəniz varmı?

- Mən İncəsənət Universitetində sonuncu kursda oxuyarkən, müəllim kimi işləmək təklifi aldım və qəbul etdim. O zaman bu universitetdə muğam kafedrası yox idi. Hörmətli rektor Timuçin müəllimin təşəbbüsü ilə bu kafedra yarandı, amma muğam təhsili almaq istəyən gənclər bundan xəbərsiz idilər. Ona görə də səsi olan gənclər Asəf Zeynallı adına musiqi məktəbinə üz tuturdular. Sonra yavaş-yavaş bu kafedraya başqa muğam müəllimləri də dəvət olundu və kafedra inkişaf etməyə başladı. Mənim yetirdiyim tələbələr haqqında danışsaq, onu deyə bilərəm ki, yaxşı papaq tikmək istəyirsənsə, bahalı dəridən istifadə etməlisən. Yaxşı xanəndə yetirmək üçün, səsli gənclər olmalıdır. Mənim zamanımda belə səslər az idi. O da kim kimin sinfinə düşdü-düşdü.

- İndi Azərbaycanda muğam ifaçılarının sayı xeyli artıb. Tez-tez müxtəlif müsabiqələr də təşkil olunur. Gənc xanəndələrdən kimləri bəyənirsiniz?

-
Almaniyada yaşamağıma baxmayaraq, indiki gəncləri radio vasitəsilə izləyirəm. Çox dəyərli səslər var. Zamanında biz özümüzdən yaşlı xanəndələrə qulaq asdığımız kimi, indiki gənclər də kaset, disk, radio vasitəsi ilə yaşlı xanəndələrə qulaq asırlar. Bu onların ifasında özünü açıq göstərir. Bu normal bir haldır, inkişafa xidmət edir. Mən o gənclərə uğurlar arzu edirəm. Amma onlardan bir istəyim də var ki, Azərbaycanın bu gününü canlandıran qəzəllər ifa etsinlər, torpaqlarımızın azad olunmasına xidmət edən musiqilər oxusunlar.
Mən düşünürəm ki, Azərbaycanda indiki zamanda ən çox on xanəndə olsa, bəs edər. Bu rəqəm muğamlarımızı həm xaricdə, həm də daxildə təbliğ etmək üçün kifayət edər. Qalan gənclərə isə hərbi sirləri öyrətsələr, daha yaxşıdır. Çünki, bunu bizdən işğal altında olan torpaqlarımız tələb edir. Gənc ifaçılardan bəyəndiklərim çox olsa da, adlarını çəkmək istəmirəm.

- Bilmirəm bu sual yerinə düşür, ya yox: yeni muğamlarımız yarana bilərmi?

- Bilmirəm cavabım sizi qane edəcəkmi? Mən hesab edirəm ki, yeddi əsas muğamlarımız bütövlükdə sonu görünməyən bir fəlsəfədir, musiqi janrıdır. Əsrlər boyu ifa olunub, bundan sonra da ifa olunacaq. İndiyə kimi kiçik şöbələri nəzərə almasaq, demek olar ki, yeni muğamlar yaranmayıb. Amma muğamlarda ifa olunan qəzəllər nə qədər yenilənərsə, bu bir o qədər də gözəl olar və yenilik kimi görsənər. Çox təəssüf ki, indiki cavanlar ifa olunmuş qəzəlləri təkrar edirlər. Mən hesab edirəm ki, muğamlarımızın şöbələrinə uygun gələn, klassik şairlərimizdən Nizaminin, Füzulinin, Seyidin, Nəbatinin, Xətainin,Vaqifin,Vahidin hələ ifa olunmamış çox dəyərli qəzəlləri var.

- Almanların Azərbaycan muğamına münasibəti necədir?

-
Almaniyada, dünyanın hər yerində muğamlarımız çox yüksək qiymətləndirilib. Mən bunun canlı şahidi olmuşam. Mənim Fransada verdiyim konsertlərimdən sonra qəzetlərdə, jurnallarda, bu musiqi haqqında verilən yazıları oxuyarkən, fəxr edirdim ki, bizim belə bir xəzinəmiz var. O yazılardan bir cümlə sizin diqqətinizə çatdırmaq istəyirəm. “Muğam dünya musiqisinin ən alisidir, bütün dünya musiqiləri muğamdan bəhrələnir, qeyri-adi bir musiqi janrıdir”.
Bu sözlər 1992-ci ildə Fransada qəzetlərdən birində muğam haqqında yazılmışdı.
Azərbaycanda AzTV-də Muğam verilişində müsahibələrin birində mən belə bir fikir işlətmişdim ki, neft Azərbaycanin maddi sərvəti oldugu kimi, muğamlarımız da mənəvi sərvətimizdir.

- Deyəsən Siz Azərbaycanda fəxri ad ala bilməmişdiniz? Niyə? Bəzi sənət adamları fəxri adların ləğvini istəyirlər. Sizin bu barədə düşüncəniz nədir?

-
Mən düşünürəm ki, demokratik Azərbaycanda bu adlar ləğv olunacaq. Fəxri adların verilməsi keçmiş SSRİ-dən qalan, siyasi məqsədlə yaranan bir ideyadır. Dünyanın inkişaf etmiş ölkələrində belə adlar yoxdur. Güclü sənətkarı onun maddi gəlirləri ilə müqayisə edirlər. Bu sual ətrafında çox danışmaq olar. Qısa olaraq demək istəyirəm ki, fəxri ad almağa heç vaxt can atmamışam. Səhv etmirəmsə, 1992-ci ildə universitet tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə “Əməkdar artist” adı almaq üçün təqdim olunmuşdum. Sonra başqa şeylər ortalığa çıxdı. Mən belə işlərə qəti etirazımı bildirdim. Fəxri adların hansı meyarlar əsasında verildiyini başa düşəndən sonra, buna qarşı öz sözümü dedim. Mədəniyyətimizdə olan bu sistem nə qədər tez sona çatsa, bir o qədər Azərbaycanın lehinə olar.

- Azərbaycanla əlaqəniz hansı səviyyədədir, ilk gedişinizdən sonra Vətəndə olmusunuzmu, burada baş verən prosesləri izləyirsinizmi?

-
Azərbaycandan ayrıldığım 8 il müddətində bir dəfə də olsun, geri dönməmişəm. Amma orada gedən prosesleri internet vasitəsi ilə izləyirəm. Rəngləmədən başqa bir inkişaf yoxdur. Sizə bir şeyi demək isteyirəm. Çox hallarda qəzetlərdə, internetdə tənqiddən çox təhqirə yol verirlər. Bu sizin portala aid deyil. Bax bunu qəbul edə bilmirəm. Müxbir gərək problemleri mədəni qaydada üzə çıxartsın, ictimaiyyətə və lazımi orqanlara çatdırsın. Bizim hamımız Azərbaycanın gözəl gələcəyi üçün əlimizdən gələni mədəni şəkildə həyata keçirməliyik.

- Övladlarınız nə işlə məşğul olurlar? İstərdinizmi ailənizdə kimsə sizin sənətinizi davam etdirsin?

-
Övladlarım orta təhsili Almaniyada aldılar. İndi isə biznes sahəsində mənə kömək edirlər. 2 oğlum Azərbaycanda olarkən musiqi məktəbində tar və kaman sinfində bir il dərs aldılar. 1 il ərzində Mirnazim müəllim və Ramiz müəllimdən aldıqları dərs, Almaniyaya gəldikdən sonra mənim 2 il kiçik konsertlərimdə iştirak etməyimə kömək oldu. Sonra tar-kaman müəllimi olmadığına görə, bu sənəti atdılar. İtirdiklərimin arasına bunu da əlavə etmək olar. Bilirəm ki, Azərbaycanda olsaydılar, 100 fazi tanınmış gənclərdən olardılar, həm də Vətənə hərbi sahədə xidmət edərdilər. Təəssüf...

- Nədən narahatsınız?

-
Qarabağımızın hələ də  və bundan sonra da işğal altında qalacağından narahatam. Əgər Qarabağı bir daha görmədən bu dünyadan gedərəmsə, qəbir daşıma adımı yox, dünyanın ən bədbəxt millətinin övladı yazarsınız. Bu mənim vəsiyyətimdir, konstitusiyon hüququmdur.

- Bəs Sizi yaşadan nədir?

-
Məni yaşadan isə Qarabağımızı görmək ümididir. Necə ki, uca dağları uzaqdan daha rahat seyr etmək olur, Azərbaycanı da elə, yəni necə var.
Sonda Azərbaycan xalqindan bir xahişim var. Son zamanlar dünyada gedən siyasi prosesləri diqqətlə izləyib, nəticə çıxartmağa yubanmasınlar. Yoxsa, Azərbaycanın müstəqilliyini yenə də itirə bilərik.

Əfqan Qafarlı

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?