Modern.az

Azərbaycan alpinisti “Everest fatehi” nişanına layiq görüldü

Azərbaycan alpinisti “Everest fatehi” nişanına layiq görüldü

Aktual

13 Noyabr 2012, 10:19

Noyabrın 8-də Moskvada Everestçi alpinistlərin görüşü keçirilib. Tədbirin təşkilatçısı olan Rusiya Alpinizm Federasiyası (RAF) görüşü iki yubiley – Everestə ilk sovet Himalay ekspedisiyasının 30 illiyi və Everestə ilk rus ekspedisiyasının 20-ci ildönümü münasibətilə keçirilib.

Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Litva, Moldova, Nepal, Hollandiya, Rusiya, Özbəkistan və Ukraynadan alpinistlər və fəxri qonaqlar iştirak ediblər.

Tədbir üçün xüsusi olaraq Everestçilərin xatirəsinə, üstündə Everest şəkli olan, 8 guşəli ulduza bənzəyən, göy boya ilə rənglənmiş metaldan “Everest fatehi” nişanı təsis olunub (bu fəxri nişan lentə bağlanır və ona da xırda nişan bənd edilir).

Görüşə müxtəlif illərdə ekspedisiyalarda iştirak etmiş alpinistlər qatılıblar ki, bəzilər haqqında ayrıca danışmağa dəyər.

Görüşdə unikal marşrutu sonrakı 30 il ərzində təkrar olunmamış ilk sovet Himalay ekspedisiyasının üzvləri olublar.

Tədbirin iştirakçısı, professor İvan Boqaçov qeyri-adi, maraqlı, dramatizmlə dolu olan sovet alpinizm tarixindən danışıb. Qeyd edib ki, sovet alpinistləri yarım əsr boyunca planetin ən hündür zirvəsini fəth etməyə çalışıblar. Lakin onlar bu istəklərinə yalnız 1982-də nail ola biliblər.

Görüşdə həmçinin, 2004-cü ildə Everestin şimal hissəsində 16-cı marşrutu açmış Rusiyanın əfsanəvi yüksəkliyədırmanma komandası çıxış edib. Bu komanda dünyada ən güclü alpinist komandalarından biridir. Onlar 2006-cı ildə alpinistlər yeni əfsanəvi K2 marşrutunu da (Çoqori, 8611 m.) təyin ediblər.

İlk sovet-amerikan-çin ekspedisiyasını Vladimir Şatayev (rəhbər, Rusiya), Mstislav Qorbenko (Ukrayna) və komandanın digər üzvləri təmsil ediblər. V.Şatayevin sözlərinə görə, Everest ekspedisiyası sayəsində sponsorlar cəlb edə biliblər və M.Qorbenkonun kiçik oğlunun bahalı əməliyyatını gerçəkləşdirərək həyatını xilas ediblər.

Gənc qazaxıstanlı alpinistlər , “C14” elit klubunun üzvləri olan Maqsud Cumayev və Vasili Pivtsov (bu iki idmançı dünyanın 8000-dən yuxarı hündürlüyü olan 14 zirvəsini fəth ediblər; hazırda dünyada bu göstəricilərə malik cəmi 24 nəfər var), tədbirə əfsanəvi Kazbek Vəliyevlə  (“Everest-82” ulduz komandasının üzvü) birgə gəliblər.

Bu il, Everestə uğurlu ekspedisiyanın (19 may 2007-ci  il) 5 illik yubileyini qeyd edən ölkəmizi sözügedən görüşdə Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlı təmsil edib. İ.Aşurlı da “Everest fatehi” nişanı ilə təltif olunub.

Tədbirdə həmçinin fəxri qonaq kimi iştirak edən UİAA-nın təkrar seçilmiş prezidenti Fridt Vriclandt da çıxış edib. Cənab Vriclandt Everesti 2000-ci ildə fəth edib (o, Niderland kraliçası tərəfindən “Cəngavər” ordeni ilə təltif olunub). İdmançıları təltif edən cənab Vriclandt özü də bu nüfuzlu tədbirdə təltif edilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?