Modern.az

Azərbaycanda neft hasilatı azalacaq, büdcə gəlirləri aşağı düşəcək

 Azərbaycanda neft hasilatı azalacaq, büdcə gəlirləri aşağı düşəcək

13 Noyabr 2012, 09:28

Neft ekspertləri “Hökümət şad-xürrəm yaşaya bilər, amma...”

Gələn ildən Azərbaycan neft hasilatını azaldacaq. Proqnozlara görə, bu da büdcəyə kifayət qədər öz təsirini göstərəcək. Belə ki, büdcənini əksər hissəsini neftdən gələn gəlirlər təşkil etdiyindən növbəti illərdə büdcənin aşağı düşəcəyi şübhəsizdir. Modern.az xəbər verir ki, qeyri-neft sektorundan gələn gəlirlər belə, büdcənin kəsirlərini ört-basdır etməyə kifayət etməyəcək. Hətta 2013-cü ilin büdcəsindəki ayırmaların məlum olmasına baxmayaraq, neft hasilatının azalması artıq müzakirəyə çıxarılmış büdcəyə də təsirsiz ötüşməyəcək.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov da növbəti il neft hasilatının azalmasının büdcəyə təsir edəcəyini təsdiqləyib:
“Biz də proqnoz vermişdik ki, 2013-cü ildən başlayaraq Azərbaycanda neft hasilatı azalacaq. Milli Məclisə təqdim olunan 2013-cü ilin dövlət büdcəsinin proqnozunda neft hasilatının gələn ildən 4,5 faiz aşağı düşməsi nəzərdə tutulub. Çünki yeni kontraktlar həyata keçirilir, quyular istismar olunur ki, bu da neftin hasilatının aşağı düşməsini labüd edir. Dövlət büdcəsi neftdən asılı olduğundan sözsüz ki, neft hasilatının azaldılması büdcəyə təsir edəcək”.

Millət vəkilinin sözlərinə görə, problem hələ ciddi hal almasa da, gələcəkdə ciddiləşə bilər. Vahid Əhmədov onu da bildirib ki, 2013-cü ilin büdcəsində qeyri-neft sektorundan gələn gəlirlərin 10 faiz artımı proqnozlaşdırılsa da, büdcə gəlirlərində elə də ciddi artım yoxdur.

“Büdcə əsasən neftdən asılı olduğundan Dövlət Neft Fondundan 6,9 milyard manat transfert olunub. Buna baxmayaraq qaz ehtiyatımız da böyükdür. Odur ki, bu da nəzərə alınmalıdır. Bundan əlavə, bizim 45 milyard dollar ehtiyatımız var. Buna görə də neft hasilatının azalması hələki ciddi problem yaratmasa da, gələcəkdə problemlər yarada bilər. Ona görə də ilk növbədə büdcədəki xərcləri azaltmaq lazımdır. Qeyd etdiyimiz kimi, 2013-cü ilin dövlət büdcəsində qeyri-neft sektorundan gələn gəlirlərin 10 faiz artacağı gözlənilir. Yəni bu, ümumi gəlirlərin 27 faizini təşkil edir. Son vaxtlar qeyri-neft sektorunda 10 faiz artım olsa da,  gəlirlərdə elə də ciddi artım yoxdur. Bu da onu göstəriri ki, qeyri-neft sektorunun inkişafına yenidən baxılmalıdır. 2012-ci ildə isə artım 0,2 faiz az olub”-deyə Vahid Əhmədov bildirib.     

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyir ki, 2012-ci ildə də neft hasilatı kifayət qədər azaldı, amma bu azalma büdcəyə heç bir təsir göstərmədi. Odur ki, növbəti illərdə də belə bir şeyin baş verəcəyi gözlənilmir:

“Azərbaycanda büdcənin proqnozlaşdırılmasında əsas amil kimi bir nömrəli donor Neft Fondu çıxış edir. Neft Fondunda isə söhbət qiymət amilindən asılı olmur. Çünki Neft Fondu xəzinədir. Orada yığım formasında bir vəsait saxlanılır və  dünya bazarındakı neftin qiymətindən asılı olmayaraq büdcədə 11 milyard 350 milyon manat transfert ediləcəyi nəzərdə tutulub. Dünya dağılsa belə, onu transfert edəcəklər. Bu da büdcə daxilolmalarının 60 faizdən çoxunu təşkil edir”.

Ekspertin sözlərinə görə, bazardakı qiymətlərdən asılı olaraq köçürmələrdə müəyyən korrektələr ola bilər:

“Büdcənin 75 faizi neftdən asılıdır. Yerdə qalan 15 faiz də Dövlət Neft Şirkətinin köçürmələrindən ibarətdir. Bazardakı qiymətlərdən asılı olaraq köçürmələrdə müəyyən korrektələr ola bilər. Ancaq bu  da məsələnin mahiyyətini dəyişmir. Ona görə ki, əgər büdcədə kifayət qədər azalma olsa, iki çıxış yolu qalır: birinci çıxış yolu kimi hökumət iyun ayında büdcəyə yenidən baxıb Neft Fondundan transfertləri artırmalı olacaq. Ümumiyyətlə, bizdə büdcə heç vaxt sona kimi xərclənməyib. Amma belə bir hal olarsa, ikinci variant kimi dövlət öz xərclərini azaltmalı olacaq ki, bununla da məsələ həll olunacaq”.  

İlham Şaban onu da bildirib ki, növbəti illərdə də neft hasilatının azalması büdcəyə təsir etməyəcək. Onun sözlərinə görə, Neft Fondu bir növ büdcənin “təhlükəsizlik yastığı”dır:

“Neft Fondunda ehtiyatı oktyabr ayında 33 milyard idi. Ona görə də nə qədər ki, bu “təhlükəsizlik yastığı” var, pullar var, hökümətin şad-xürrəm öz günlərini keçirə bilər. Elə ki, oradakı vəsait azaldı, onda vəziyyət pərişan ola bilər. Bu isə yaxın vaxtrlarda gözlənilmir”.  

Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı