Modern.az

Bir il öncəni xatırlayan QAZİLƏR: “Bu qürurun izahı yoxdur”

Bir il öncəni xatırlayan QAZİLƏR: “Bu qürurun izahı yoxdur”

Qarabağ

27 Sentyabr 2021, 14:44

Vətən müharibəsinin başlamağından tam bir il ötür. Qanlı müharibənin canlı şahidi olan qazilərimiz Vətəni azad etmək üçün qürurla vuruşublar. Qazilərimiz o günləri necə xatırlayır? Hansı hissləri yaşayırlar?


Bu haqda qazi Xəyyam Fətəliyev fikirlərini Modern.az-la bölüşərkən ana-bacıların qisasını aldıqlarını da vurğulayıb:


"Azərbaycan oğulları bu gün özləri ilə qürur duymalıdır. Biz həm vətəni azad etdik, həm də ana-bacılarımızın qisasını aldıq. Ayağım, bir gözüm yoxdur, ancaq bu dəqiqə “müharibə olacaq” desələr, gözümü yummadan gedərəm.
Özüm hərbçi olmuşam, müharibənin başlayacağı günü bilirdim. 27 sentyabrda Azərbaycan tərəfindən 8-ə 5 dəqiqə işləmiş Ermənistan mövqelərinə ilk raket atılıb. Daha sonra mən özüm də raket atmışam.
30 il həsrətlə gözlədiyimiz torlaqları 44 gündə azad etdik, bu qürurun izahı yoxdur. Mənim qələbə müjdəsi qədər aldığım ikinci bir xoş xəbər yoxdur".


Hər iki ayağını itirən qazi Camal Alxasov da müharibənin ilk günlərindən danışıb:


"Döyüşlər başlayan zaman mən əsgər idim. Tərxis olunmağıma bir həftə qalmışdı. Döyüş zamanı sürücü kimi iştirak edirdim. Savaşın qızğın vaxtlarında yaralandım və ayaqlarımı itirdim. Oktyabrın 31- də yaralanmışdım. Füzuli, Cəbrayıl döyüşlərində iştirak etmişəm. Dumanlı, soyuq günlər idi. Sanki yer-göydə analarımız kimi göz yaşı tökürdü.
Qürur duyuram ki, azad torpaqlarımız üçün mənim də qanım tökülüb".


Qürur və kövrək dolu hisslərlə danışan Xəyal Qurbanov savaş günlərini belə xatırlayır:


"Döyüşlər zamanı dostlarımız və qardaşlarımızdan yaralanan və şəhid olanlar vardı. Mərmilər, güllələr döyüş əhval-ruhiyyəsini azaltmırdı, əksinə, hər kəs əlindən gələnin artığını etməyə çalışırdı. Düşmən bizim geriyə dönməyəcəyimizi bilib artıq qorxmağa, çəkinməyə başlamışdı. Hava gah yağmurlu, gah da günəşli olurdu. Silahlarımızı təmiz, yağışdan, palçıqdan uzaq saxlamağa çalışırdıq. Gözləmədiyim bir anda minamyot mərmisinin qəlpəsi çənəmə tuş gəldi. Yerə yıxıldım, bura qədərmiş artıq deyib, kəlmeyi-şəhadət gətirdim, ancaq sağ qaldım. Allah bütün şəhidlərimizə rəhmət eləsin".


Humay İsgəndərova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!