Modern.az

İnternat uşaqları: onları bu müəssisələri tərk edəndən sonra nələr gözləyir…

İnternat uşaqları: onları bu müəssisələri tərk edəndən sonra nələr gözləyir…

Hadisə

28 Sentyabr 2021, 09:31

Doğulandan tərk edilən, atan-anası ola-ola küçəyə atılan, uşaq evlərinə, internat məktəblərinə yerləşdirilən uşaqların sonrakı aqibəti barədə düşünməmək olmur. Həyatı boyu ayrılıqlar yaşayan bu körpələr 18 yaşında - gəncliyə qədəm qoyanda daha bir çətin durumda qalırlar. Uşaq evlərini tərk edəndən sonra onları nələr gözləyir? 

 

Modern.az-ın mövzu ilə bağlı Təhsil Nazirliyinə ünvanladığı sualları cavablandırılıb.

 

Bildirilib ki, mövcud qanunvericiliyə əsasən, Təhsil Nazirliyi internat məktəbləri və internat tipli müəssisələrdə yaşayan uşaqların məzun olanadək təhsili və tərbiyəsi ilə məşğul olur. Yetkinlik yaşına çatıb müəssisəni tərk etmiş məzunların yerləşdirilməsi, işlə təmin olunması ilə bağlı məsələlər mövcud qanunvericiliyə əsasən rayon, şəhər İcra hakimiyyətlərinin səlahiyyətlərinə daxildir.  

 

Qeyd edilib ki, Ailə Məcəlləsinin 138-ci maddəsinə əsasən, tam dövlət himayəsində olmaqla tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrinin məzunlarının hüquqlarının qorunması yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanına həvalə edilir: 


“Təhsilini davam etdirməyə gedən və ya işə düzələn internat müəssisələrinin məzunlarının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş miqdarda təminat almaq hüququ var. Yaşayış sahəsi olmayan məzunların yalnız yetkinlik yaşına çatana qədər bu müəssisələrdə qalmasına icazə verilir.  Həmin qanunun 20-ci maddəsinə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlara (himayəçilərə) verildikdə əvvəl yaşamış olduqları mənzilə hüquqlarını saxlayırlar. 

 

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar bütün tipdən olan təhsil müəssisələrində təhsil aldıqları, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmət etdikləri, əhaliyə sosial xidmət və habelə cəzaçəkmə müəssisələrində olduqları bütün müddət ərzində qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlərinə və ya özlərinə məxsus olan, yaxud əvvəllər yaşamış olduqları mənzil sahələrinə hüquqlarını saxlayırlar.

Bu mənzilə köçmək mümkün olmadıqda, onlar həmin yaşayış sahəsinə bərabər olan mənzillə növbədənkənar təmin edilirlər. Əvvəllər mənzil sahəsi olmayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə qəyyumluqda (himayədə) olan uşaqlar bütün tipdən olan təhsil müəssisələrini bitirməyə, əhaliyə sosial xidmət müəssisələrindən və Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından buraxılmağa, cəzaçəkmə müəssisələrindən azad olunmağa üç ay qalmış müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən olunmuş sosial normalardan az olmayan yaşayış yeri ilə növbədənkənar təmin olunurlar”. 

 

Bununla yanaşı bildirilib ki, Təhsil Nazirliyinin Prezidenti Administrasiyasına və Nazirlər Kabinetinə müraciəti əsasında valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan məzunlar üçün birotaqlı 120 mənzillik 3 bina inşa edilib:

 

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 3 “Məzun evi” sosial müəssisəsi mebel, yaşayış üçün lazım olan digər əşya və avadanlıqlarla təchiz olunub. “Məzun evi” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan, tabeliyindəki sosial müəssisə olmaqla, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun vahid sisteminə daxildir. 

 

“Məzun evi” sosial müəssisəsinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında” Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarının 5.2-ci bəndinə əsasən, uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarına “Məzun evi”nin balansında olan binada yaşayış sahəsinin ayrılmasının təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin qərarın 6-cı hissəsinə uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən hər tədris ilinin sonu həmin tədris ili üzrə dövlət uşaq müəssisələrindən məzun olmuş şəxslər arasından valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan məzunlar barədə siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunur.

 

Eyni zamanda sağlamlıq imkanları məhdud şagirdlərin məzun olduqdan sonra işlə təmin olunması üçün Təhsil Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Məşğulluq Xidməti 2012-ci ildən bu günədək əməkdaşlıq edir. Dövlət Məşğulluq Xidmətinin işçiləri Təhsil Nazirliyinin dəvəti əsasında Sağlamlıq imkanları məhdud uşaqların təhsil aldıqları müəssisələrə səfərlər edir, şagirdlərin imkanları və potensialları qiymətləndirilərək seçim aparılır, həmin şagirdlər Əmək və Əhalinin Sosial Müdafiəsinin təşkil etdiyi 3 aylıq peşə kurslarına cəlb olunurlar. Kursu bitirdikdən sonra Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil edilən əmək birjalarına dəvət olunurlar və əksər hallarda işlə təmin olunurlar.

 

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”  Qanuna əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada və miqdarda müavinət verilir.

 

“I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2019-cu il 1155 nömrəli sərəncamına əsasən, ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilir”.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində olan 3 uşaq evində 294 uşaq tərbiyə alır.


Modern.az
-ın əldə etdiyi məlumata görə, hazırda uşaq evlərində 18 yaşdan yuxarı 2 nəfər qız var. Onların gedəcək yeri olmadığı üçün uşaq evində qalmaları ilə bağlı qərar verilib. Bununla belə, bu il ərzində 18 yaşını tamamlayan 4 nəfər gənc uşaq evlərini tərk edib.

Rəsmi məlumatlara görə, İdarənin tabeliyində olan Günərzi qayğı mərkəzində 140 uşaq tərbiyə alır.

 

 

Fidan İlqar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi