Modern.az

Şolts, yoxsa Laşet - Almanlar yeni kansler seçimi qarşısında - ŞƏRH

Şolts, yoxsa Laşet - Almanlar yeni kansler seçimi qarşısında - ŞƏRH

Analitika

28 Sentyabr 2021, 15:25

Sentyabrın 26-da Almaniyada Bundestaqa keçirilən seçkilər kansler postunda Angela Merkeli kimin əvəzləyəcəyinə aydınlıq gətirmək üçün yetərli olmayıb. Belə ki, səsvermənin nəticələrinə əsasən, bu posta Almaniya Sosial Demokrat Partiyasının (ASDP) nümayəndəsi - hazırkı hökumətdə maliyyə naziri və vitse-kansler Olaf Şolts və Xristian-Demokrat İttifaqının (XDİ) sədri Armin Laşet namizədliklərini irəli sürüblər.

 

Hazırda mühafizəkarlar və sosial demokratlar hökumətdə tərəfdaşdırlar və onlar yeni Nazirlər Kabineti formalaşanadək öz vəzifələrini yerinə yetirməkdə davam edəcəklər. Angela Merkel də parlamentin yeni tərkibinin növbəti hökumət başçısını seçməsindən sonra postunu tərk edəcək.

 

Bəs maraqlıdır, yeni kansler seçiləndən sonra Almaniyanın siyasətində hansı dəyişikliklər proqnozlaşdırılır?

 

Bu barədə Modern.az-a danışan politoloq Tofiq Abbasov vurğulayıb ki, həm dünya siyasətində, həm də Avropa siyasətində Almaniyanın xüsusi önəmli yeri var. Güclü iqtisadiyyatına görə Almaniyanı siyasi proseslərin tənzimləyicisi də hesab edirlər:

 

“Çünki Almaniyanın avrointeqrasiya proseslərində rolu böyük idi və bu dövlət çalışırdı ki, Şərq-Qərb istiqamətində prosesləri problemlər yaranmayacaq şəkildə tənzimləsin.

 

Angela Merkel həm qonşuluq siyasətinin tərəfdarı, həm də Almaniyanın bütün proseslərdə, qlobal məsələlərdə rolunu gücləndirməyə çalışan lider idi. Halbuki Amerikanın son illərdəki çaşqın siyasi kurs yeritməsi Avropadakı müttəfiqlərini, o cümlədən Almaniyanı bir qədər soyutdu. Ona görə, Almaniyanın özünün dünya problemləri çərçivəsində yeni dövrə qədəm qoyması gözlənilir. Çünki artıq uzun illər hakimiyyətdə olmuş xanım Merkel bütöv və anlaşılan kursla hərəkət etməyə üstünlük verirdi. ABŞ Almaniya və Rusiya arasında gərginlik yaratmaq istəyirdi. Axır dönəmdə rəsmi Berlin hiss etdi ki, Rusiya ilə münasibətləri gərginləşdirmək və ya pozmaq Almaniyaya sərf etməyəcək. Angela Merkel açıq aşkar bildirdi ki, Almaniya Rusiya qazından imtina edə bilər, amma ən az 20-30 il keçdikdən sonra. Belə çıxır, yaxın 20-30 il ərzindən Rusiya qazının Almaniyaya və Avropaya daşınması rəsmi Berlinin marağındadır. Bununla həm də Almaniya tərəfindən Amerikaya mesaj ötürüldü ki, Rusiya ilə münasibətlərimizi qırmağa çalışsanız da, bu bizə sərfəli deyil”.

 

T.Abbasov Angela Merkeldən sonra kansler seçilən şəxsin kardinal şəkildə fərqli siyasət yeridəcəyinə inanmadığını vurğulayıb:

 

“Çünki Almaniyanın son onilliklər ərzində həyata keçirdiyi siyasət uğurludur, iqtisadi baxımdan özünü doğrultdu. Düzdür, miqrant problemi önə çıxdı və Almaniya anladı ki, NATO qüvvələri Yaxın Şərqdə öz öhdəliklərini yerinə yetirmir, əksinə cihadçı qruplara dəstək verir, bununla bütün dünya nizamını pozur. Həmin siyasətin acısını çəkən də Avropa və ilk növbədə Almaniya idi. Çünki qarışıqlıq yaşanan ölkələrdən qaçqınlar əsasən Almaniyaya gəlməyə çalışırdılar. “Brexit” elan edən Britaniya özünü bu problemdən sığortaladı, giriş-çıxış proseslərini də sərtləşdirdi. Almaniya isə çalışırdı elə mövqe tutsun ki, həm miqrantların haqları pozulmasın və qaçqınların qəbulunda digər Avropa ölkələri də iştirak etsin.

 

Almaniyanın özünün böyük ehtiyat resursları var. Bu ilk növbədə onların uğurlu siyasi, iqtisadi kurs yeritməsinin nəticəsidir ki, özlərini son dərəcədə əmin hiss edirlər. Postmerkel dövründə dəyişikliklər olsa da, bu cüzi hiss ediləcək. Ciddi dəyişikliklərin aparılması siyasi, geosiyasi konyukturada özünü doğrultmaya bilər. Almaniyada qoyulmuş təməl özünü doğrultduğuna görə, bundan tamamilə imtina etmək düzgün olmaz. Almaniya rəhbərliyində Angela Merkelin özü olmasa da, siyasi kursu davamlı olacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır