Modern.az

QHT Alyansı bəyanat verdi: “Bu ədalətsiz səfərə qarşı səsinizi ucaldın”

QHT Alyansı bəyanat verdi: “Bu ədalətsiz səfərə qarşı səsinizi ucaldın”

Qarabağ

15 Noyabr 2012, 15:17

QHT Əməkdaşlıq Alyansı Uruqvay parlamentinin nümayəndə heyətinin Dağlıq Qarabağa səfəri ilə bağlı bəyanat verib.

QHT Əməkdaşlıq Alyansı Ermənistanda rəsmi səfərdə olan Uruqvay parlamentinin nümayəndə heyətinin İrəvandan Dağlıq Qarabağa səfərə yollanmasını qətiyyətlə pisləyir. Alyans hesab edir ki, Azərbaycanın işğal altındakı ərazilərinə gedən nümayəndə heyətinə Uruqvay parlamentinin Nümayəndələr Palatasının sədri Xorxe Oriko (Jorge Orrico) da qoşularaq, Uruqvay ilə Azərbaycan arasında olan isti münasibətlərə də xələl gətirib. QHT Əməkdaşlıq Alyansı qətiyyətlə əmindir ki, Azərbaycana dost Uruqvay xalqı rəsmilərin bu mövqeyini bölüşmür və bu addımların Ermənistanın üzdəniraq lobbi fəaliyyətinin nəticəsi kimi qəbul edir:

“Biz hesab edirik ki, belə səfərlər yalnız Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərindən çıxarılmasından, oradan qovulmuş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından, bölgənin azərbaycanlı və erməni icmaları arasında dinc yaşayışın təmin olunmasından sonra mümkün ola bilər bilər.

Uruqvay parlamentinin rəsmiləri artıq ikinci dəfədir ki, beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinə zidd olaraq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərarlarına hörmətsizlik nümayiş etdirərək Azərbaycanın işğal altındakı ərazilərinə belə “səfərlər” təşkil edir.
Biz Alyans olaraq, həm də bəyan edirik ki, Azərbaycanın ayrılmaz və tərkib hissəsi olan Dağlıq Qarabağın müstəqliliyinin tanınması ilə bağlı Uruqvay parlamenti Xarici Əlaqələr Komitəsinin üzvü Ruben Martines Uelmonun fikir səsləndirməsi bütün beynəlxalq hüquq normalarına, hazırda gedən danışıqlar prosesinə, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı artıq 20 ildən çox davam edən ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə təmamilə ziddir.

Biz əminik ki, Erməni lobbisinin təsirinə uyaraq bir neçə deputatın Dağlıq Qarabağa səfəri vəziyyəti dəyişə bilməz. Bu Uruqvay dövlətinin birmənalı mövqeyi deyil və biz vətəndaş cəmiyyətinin üzvləri olaraq, Uruqvay siyasətçilərindən, vətəndaş cəmiyyəti təmsilçilərindən və dost uruqvay xalqından bu səfəri pisləyən bəyanatlar gözləyirik.
Biz dost Uruqvay xalqına, siyasətçilərinə və vətəndaş cəmiyyəti üzvlərinə müraciət edirik. Bu ədalətsiz səfərə qarşı səsinizi ucaldın. Azərbaycana səfərə gəlin və həqiqəti və faktları öz gözünüzlə görün. Siz bizə müraciət edin və biz sizin Azərbaycana səfərinizi təşkil edərik”.

Qeyd edək ki, bu bəyanat ingilis dilində Uruqvay Parlamentinə, onun üzvlərinə, uruqvay siyasətçilərinə, vətəndaş cəmiyyəti təmsilçilərinə və Azərbaycanda fəaliyyət göstərən səfirlik və nümayəndəliklərə ingilis dilində elə bu gün göndəriləcək”.


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır