Modern.az

İlham Əliyev Ramzan Kadırovla görüşüb

İlham Əliyev Ramzan Kadırovla görüşüb

15 Noyabr 2012, 16:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı ölkəmizlə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun ikinci dəfə ölkəmizə səfər etməsini xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin yaxşı göstəricisi kimi dəyərləndirib. Ölkə rəhbəri əməkdaşlığımızın iqtisadi, sərmayə qoyuluşu, humanitar və digər sahələrdə daha da genişləndirməyin önəmini qeyd edib. Çeçenistanda sabitliyin bərqərar olunduğunu və genişmiqyaslı layihələrin həyata keçirildiyini vurğulayan prezidentg İlham Əliyev əldə olunan uğurlar münasibətilə onu təbrik edib.

Çeçen xalqının Azərbaycan xalqını özünə qardaş və dost xalq hesab etdiyini deyən Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov xalqlarımız arasında mövcud olan bu münasibətlərin qədim tarixi köklərə malik olduğunu vurğulayıb. Ramzan Kadırov Azərbaycanda gedən sürətli inkişaf proseslərinin böyük maraqla izlənildiyini deyib. Ramzan Kadırov çeçen xalqının ən çətin vaxtlarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin onlara göstərdiyi qayğını ehtiramla xatırladıb.

Qeyd edək ki, noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun şərəfinə nahar verilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?