Modern.az

Beynəlxalq təşkilatdan Uruqvay parlamentinin sədrinə etiraz gəldi

Beynəlxalq təşkilatdan Uruqvay parlamentinin sədrinə etiraz gəldi

15 Noyabr 2012, 18:28

Umud Rəhimoğlu: “Bu addımların heç bir hüquqi əsası yoxdur, beynəlxalq hüquq da buna qarşıdır”

Xəbər verildiyi kimi, noyabrın 13-də Uruqvay parlamentinin sədri Xorxe Oriko və onun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan hökumətindən icazəsiz Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın “Dağlıq Qarabağ” ərazisinə səfər edib. Bununla bağlı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlunun açıqlaması yayılıb. Açıqlamada U.Rəhimoğlu bildirib ki, Azərbaycan hökumətinin rəsmi icazəsi olmadan Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarına belə səfərlərin təşkili yol verilməz bir haldır və biz buna qəti etiraz edirik:

“Biz beynəlxalq təşkilat olaraq Uruqvay parlamentinin sədri Xorxe Orikonun və onun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycanın işğalı altında olan “Dağlıq Qarabağ” ərazisinə qanunsuz səfərini pisləyirik. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki separatçı bir rejimin bu tip addımlarına həmişə etiraz etmişik. Çünki bütün bunlar Azərbaycan tərəfinin Ermənistan-Dağlıq Qarabağ-Azərbaycan probleminin danışıqlar yolu ilə həllinə nail olmaq istəyinə qarşı yaradılmış süni maneədir. Təəssüflər olsun ki, bəzi ölkələr kimi, Uruqvayında Azərbaycanın torpaqlarını işğal edən, bir milyon azərbaycanlını öz ata-baba yurdundan didərgin salan Ermənistanla bağlı mövqeyi birtərəflidir. Bəşəriyyətin faciəsinə çevrilmiş Qarabağ azərbaycanlılarına qarşı Xocalı soyqırımını törədən Ermənistana öz yeri göstərilmir. Onu da qeyd etməliyəm ki, təcavüzkar Ermənistan və onun diktəsi ilə addım atan Dağlıq Qarabağdakı erməni separatçıları bilməlidir ki, belə addımlarla məsələnin öz xeyirlərinə həllinə nail ola bilməyəcəklər. Çünki bu addımların heç bir hüquqi əsası yoxdur, beynəlxalq hüquq da buna qarşıdır”.

Umud Rəhimoğlu dünya ictimaiyyətini məlumatlandırmaq baxımından indiki halda  Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının, media təmsilçilərinin məsələ ilə bağlı birgə fəaliyyət göstərmələrinin çox vacib olduğunu da vurğulayıb. Qeyd edək ki, U.Rəhimoğlunun açıqlaması dünyanın bütün nüfuzlu beynəlxalq qurumalrına da yayılıb.

Modern.az
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi