Həmidağa Bağı oğlu Hüseynzadə - Azərbaycan Ordusunun kapitanı 13 avqust 1990-cı ildə Bakıda anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 28 sentyabr 2020-ci ildə Murovdağ uğrunda gedən döyüşlərdə şəhid olub. “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli idi. Bir qız övladı qalıb.
O, Murov zirvəsini düşməndən azad edib, şəhidlik zirvəsinə ucaldı. Bununla da Azərbaycanın şanlı tarixinin Vətən müharibəsi səhifələrinə Kapitan Həmidağa Hüseynzadə adı yazıldı.
Həmidağanın yoxluğundan artıq 1 il keçir. Modern.az xəbər verir ki, bu ərəfədə MediaTürk TV-nin əməkdaşları Hüseynzadələr ailəsini ziyarət edib.
Söhbət əsnasında ailə üzvlərinin fikri jurnalistlərdə olsa da, gözləri qapıda idi. Sanki o qapıdan Həmidağa gələcəkdi.
Ailə hələ də onun yoxluğuna inana bilmirdi. Onun yoxluğuyla barışa bilmirlər. Bəlkə də, barışmaq istəmirlər… Anası Gülnarə xanım deyir, Həmidağayla, onun zarafatlarıyla günlərimiz necə keçirdi birmirdik.Onunla gülüşümüz də getdi...Bu sözləri deyərkən ananın göz yaşları sel kimi axır...
Kitab oxumağı, heyvanlarla oynamağı çox sevərdi. Hər kəsə yardım əli uzadardı. Qrupu deyir ki, Həmidağanı əvəzləyən yoxdu. O öz qrupuna həm dost, həm qardaş, həm də bir ata olub. Həmidağayla biz çox gülərüz idik. O deyirdi ki, ana, mən sənə baxa bilmirəm gülməyim tutur. İndi onunla gülüşüm də getdi. Hər şey Həmidağayla getdi...

Atası Bağı Hüseynzadə Həmidağadayla ata-oğuldan çox dost olduqlarını deyir. O təkcə oğlunu deyil, həm də sirdaşını itirib.
Qardaşı Amin hər gün 2-ci fəxri xiyabana gedərək Həmidağanın məzarını ziyarət edir. O da bununla təsəlli tapır. Aminin qardaşıyla danışacağı çox şeylər vardı. Amma indi onun məzarı qarşısında sükutla həmsöhbətdir..
Həmidağa tək ailəsinin deyil, qonşularının da sevimlisi idi. Qonşuları Rübabə xanım deyir ki, Həmidağanın çox uca qəlbi olub. Bəli, elə şəhidliyə ucaldığı zirvədən də uca...
Həyat çox qəribədir. İnsanlar bəzən bir andaca şəkilə çevrilir. Nə qucaqlamaq olur, nə danışmaq. Mümkün olan bir şey var. O da şəkilə baxmaq. Üzünün hər cizgisini əzbərləyənə qədər şəkilə baxmaq. Baxıb keçmişi yada salmaq.. ya da artıq gəlməyəcək gələcəklə bağlı xəyala dalmaq. Həmidağa da qəhrəmancasına şəkilə çevrilənlərdən oldu. İndi o, məhlədən gəlib keçənlərə baxır, məhlədən gəlib keçənlər də onun şəklinə.. Elə biz də bu şəkilə baxaraq Həmidağanın xatirəsiylə sağollaşıb məhlədən uzaqlaşırıq.. Yenə də geriyə xatirələr qalır. Baba Vəziroğlu demiş, qalanı xatirədir...