Modern.az

Zəfərlər partiyası

Zəfərlər partiyası

16 Noyabr 2012, 10:46

Vüqar RƏHİMZADƏ,
YAP Siyasi Şurasının üzvü,
“İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist

“Zaman hakim, tarix isə yaddaşdır” deyiblər. Hər hansı bir hadisənin düzgün dəyərləndirilməsində zamanın rolu inkaredilməzdir. 20 illik yubileyini qeyd edən Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaradılmışdır. Azərbaycan 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyin ilk illərində Azərbaycanın başına gələn ağır bəlaların, o cümlədən, torpaqlarımızın Ermənistan tərəfindən işğalı, hətta dövlət müstəqilliyinin uçuruma çatdırılması o vaxt hakimiyyətdə olan səriştəsiz rəhbərlərin, AXC-Müsavat başçılarının ölkənin, xalqın taleyinə biganəliyi, səriştəsiz fəaliyyətlərinin məntiqi nəticəsi idi. Xalq belə vəziyyətdən yeganə çıxış yolunu görkəmli siyasi xadim Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü.

Ulu öndər Heydər Əliyev xalqın tələbinə, dövlət müstəqilliyinin qorunub saxlanmasına biganə qalmayaraq 1993-cü ilin iyun ayında Bakıya gəldi. 1993-cü il iyunun 15-nin tarixə Milli Qurtuluş Günü kimi daxil edilməsi də səbəbsiz deyil. Bununla Azərbaycan dövləti, xalqı müstəqilliyini itirmək kimi böyük bir təhlükədən xilas oldu. Azərbaycanın dövlət müstəqilliyinin qorunmasının ulu öndər üçün nə qədər əziz, önəmli olduğunu 1992-ci ilin oktyabrında 91 nəfər Azərbaycan ziyalısının Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciətinə cavabında aydın görürük: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və şübhəsiz ki, bütün azərbaycanlıları, bütün Azərbaycan vətəndaşlarını hədsiz dərəcədə sevindirir. Eyni zamanda bu əlamətdar hadisə müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında çox məsul, mürəkkəb, çətin vəzifələr qoyur. İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir. Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər öz layiqli töhfəsini verməlidir”. Dahi şəxsiyyət müraciətə cavabında həmçinin Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurətdən doğan addım kimi dəyərləndirərək, bu inamı ifadə etmişdir ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.

20 illik şərəfli yol bu fikirlərin təsdiqidir. Ulu öndərin “Dünənin, bugünün və gələcəyin partiyası” deyə həm keçmişini, həm bugününü, həm də gələcəyini müəyyən etdiyi Yeni Azərbaycan Partiyasının yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurlarına atdığı imzası onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirmiş, ümumxalq partiyası olduğunu təsdiqləmişdir. Dahi şəxsiyyət Heydər Əliyevin partiyanın yaradılmasının ikinci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində söylədiyi “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan adamların şəxsi təşəbbüsü ilə, onların ətrafında toplaşan adamların təşəbbüsü ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərəsinin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır” fikirləri də bu reallığın sübutudur. Milyonların dəstəklədiyi və arxasınca inamla addımladığı Yeni Azərbaycan Partiyası illərin sınağından cəsarətlə çıxaraq, mətinləşərək və qüdrəti ilə fərqlənərək qarşıya qoyulan məqsəd və amal uğrunda inamla mübarizə aparır. 1992-ci ildə, o dövrdəki səbatsız hakimiyyətin təsir və təzyiqlərinə baxmayaraq, yaranan və xalqı ətrafına toplayaraq ümumxalq partiyasına çevrilən YAP eyni zamanda ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədi. Ulu öndər Heydər Əliyev partiyanın yaradılmasının 5-ci ildönümünə həsr edilmiş toplantıda bildirmişdir: “Yeni Azərbaycan Partiyası yaranandan onun ən üstün, müsbət cəhəti ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının amalı, məqsədləri, qəbul etdiyi proqram müstəqil Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət qurmaq, Azərbaycanda demokratik prinsipləri bərqərar etmək, Azərbaycanı dünya iqtisadiyyatına bağlamaq, Azərbaycanda iqtisadi-siyasi islahatlar həyata keçirmək və Azərbaycanı inkişaf etdirmək olubdur”. Bütün bunlar 1995-ci il noyabrın 12-də ümumxalq referendumu əsasında qəbul olunan Konstitusiyada əksini tapıb. Ölkəmizdə dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi, bir sözlə, müasir Azərbaycanın varlığı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Bu uğurlarda ulu öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının xidmətləri böyükdür. Partiyanın tarixinin müstəqil Azərbaycanın tarixi kimi dəyərləndirilməsi də bu vəhdəti ortaya qoyur. YAP 21 illik müstəqillik tarixinə malik olan Azərbaycanın 20 ilinin bələdçisidir. Partiya öz uğurlu siyasəti ilə Azərbaycanın müstəqilliyinin təminatçısı kimi də özünü doğrultdu. Heç bir məsuliyyətdən çəkinməyərək xalqı öz ətrafında sıx birləşdirən partiyanın lideri kimi, bütün üzvləri də milli məfkurənin, təfəkkürün formalaşması, suverenliyin əbədiliyi naminə qətiyyət göstərdi. Sağlam düşüncəli insanların bu partiya ətrafında sıx birləşmələri ölkəni ağır vəziyyətə salan AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyətinə tutarlı cavab oldu. Qüdrətli təşkilat, iqtidar partiyası kimi ictimai rəyin formalaşmasında böyük xidmətləri olan YAP ölkədə milli birlik və həmrəyliyin yaranmasında aparıcı siyasi qüvvə kimi liderliyini əməli fəaliyyəti ilə doğruldur. 1991-1993-cü illərdə Azərbaycanı məhvə aparan, mənfi istiqamətlərdə cərəyan edən proseslər ölkənin parçalanmasına yönəlmişdi. Xalqın mənafeyinə, dövlətçiliyin möhkəmlənməsinə, müstəqilliyin əbədiliyi naminə qüvvələri eyni məqsəd naminə birləşdirən YAP fəaliyyətində xalqın bu inamını əsas götürdü: Azərbaycanda güclü dövlət yaratmalı, insanların həyat səviyyəsi yüksəlməli, sabitlik, inkişaf davamlı prinsip kimi diqqətdə saxlanılmalı, ölkəmizin dünya birliyində mövqeyi möhkəmlənməlidir. Ən çətin dövrlərdə yeganə ümid yeri kimi ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışını nicat yolu seçən xalq sonrakı dövrlərdə yanılmadığını ulu öndərin ideyasını davam etdirən Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasətini dəstəkləməklə bildirdi. Prezident İlham Əliyev YAP Xaçmaz rayon təşkilatının fəalları ilə görüşündə bildirmişdir: “Bu gün biz inkişaf dövrünü yaşayırıq... Heydər Əliyev siyasəti yaşayır, davam etdirilir. Ulu öndər tərəfindən qoyulmuş siyasi xətt dəyişməz olaraq qalır və bu, Azərbaycanı müasir dövlətə çevirir. Müasir, güclü iqtisadiyyata malik olan, əməkdaşlığa hazır olan, öz mövqelərini möhkəmləndirən ölkəyə çevirir. Bizim işimiz ondan ibarət olmalıdır ki, hər bir sahədə bu inkişafı daha da gücləndirək, iqtisadi islahatların, siyasi islahatların aparılmasına daha da yaxından kömək göstərək”. Dövlət başçısı həmin  çıxışında bu gerçəkliyi də diqqətə çatdırmışdır ki, ölkəmizdə ictimai-siyasi vəziyyət çox müsbətdir. Xalqla iqtidar arasında birlik, inam var, həyata keçirilən siyasət, partiyanın xətti Azərbaycan xalqı tərəfindən dəstəklənir. Son 9 ildə ölkəmizin sosial-iqtisadi, siyasi, demokratik islahatlar və xarici siyasət sahəsində qazandığı uğurlara qısaca diqqət yetirsək, həyata keçirilən siyasətin konkret işlərdən ibarət olduğu aydın görünər.

Bu gün Azərbaycan beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı, iştirakçısı, müəllifidir. Eyni zamanda, ölkəmiz təşəbbüsləri gerçəkləşdirən ölkə kimi tanınır və nüfuz qazanır. 2008-ci ilin avqustunda keçirilən Yeni Azərbaycan Partiyasının IV qurultayında təşkilatın keçdiyi yola nəzər salan Prezident İlham Əliyevin vurğuladığı kimi, biz dünya birliyinin önəmli üzvünə çevrilmişik və Azərbaycanın iştirakı olmadan bölgədə heç bir proses mümkün deyil. Son illərdə Azərbaycanda ÜDM-in 3 dəfə artması bu inkişafın, tərəqqinin məntiqi nəticəsidir. On ildə dövlət büdcəsinin 20 dəfə artaraq 25 milyard, strateji valyuta ehtiyatlarının 45 milyard dollara çatdırılması, yoxsulluğun 49 faizdən 7 faizə, işsizlik səviyyəsinin 5,3 faizə endirilməsi də düşünülmüş siyasətin, aparılan islahatların, xalqla iqtidar birliyinin təntənəsidir. Neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüsçüsünə çevrilən və onları gerçəkləşdirən, çoxşaxəli iqtisadiyyatı ilə bölgədə liderlik edən Azərbaycanın BTC və BTƏ neft-qaz kəmərlərindən, BTQ dəmir yolundan sonra Türkiyə ilə birgə təşəbbüsü olan TANAP kimi layihələri reallaşdırmaq əzmi davamlı inkişafın göstəricisidir. Yeni neft strategiyasının uğurla həyata keçirilməsində böyük rola malik olan ARDNŞ-in müxtəlif ölkələrdə həyata keçirdiyi investisiya layihələri onun beynəlxalq nüfuzunu günbəgün artırır. Artıq bu gün ARDNŞ-in adı nüfuzlu beynəlxalq şirkətlər sırasındadır. Ölkəmiz bu gün qaz ixracatçısı kimi də tanınır. Müxtəlif ölkələrlə imzalanan sazişlər, anlaşma memorandumları da deyilənlərin təsdiqidir. 2010-cu ildə ARDNŞ-in daxili imkanları hesabına “Ümid” qaz yatağının, 2011-ci ildə “Abşeron” yatağının aşkarlanması ölkəmizin qaz potensialına öz töhfəsini verəcək. Neft-qaz hasilatının artırılması üçün imkanların genişlənməsi yeni-yeni layihələrin gündəmə gətirilməsinə stimul verir. Azərbaycanın əsas iştirakçısı və təşəbbüsçüsü olduğu BTC və BTƏ neft-qaz layihələri artıq regional müstəvidən çıxıb, qlobal xarakter daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu layihələr olmasaydı, bu gün hər hansı bir “Cənub dəhlizi”ndən söhbət gedə bilməz, Avropanın enerji təhlükəsizliyi məsələləri tamamilə başqa istiqamətdə həll olunardı: “Bu gün əldə edilmiş uğurlar əsasında gələcəyə baxırıq. O gələcəyə ki, qarşımızda yeni imkanlar, yeni üfüqlər açılır”. Bir faktı da qeyd edək ki, respublikada yeni tikilmiş 11 elektrik stansiyasının istifadəyə verilməsi ilə əhalinin enerjiyə tələbatı tam ödənilmiş, respublika ərazisinin 85 faizi qazlaşdırılmışdır.

Bu uğurlar əhalinin sosial müdafiəsinin etibarlı təminatı üçün başlıca amildir. Son illərin statistik rəqəmlərindən də aydın olur ki, sosial islahatların tətbiqi ilə minimum əməkhaqqı, pensiya və təqaüdlər dəfələrlə artırılmış, beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Hazırda respublikamızda orta pensiyanın məbləği 190, orta əməkhaqqının həcmi isə 500 dollardır. 900 minə yaxın pensiyaçının təqaüdü orta hesabla 40 faiz, əhalinin pul gəlirləri cari ilin doqquz ayında 12 faiz artmışdır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının həyata keçirilməsi ilə bölgələrdə yeni emal müəssisələri yaradılmış, paytaxt və rayonların siması dəyişilmiş, insanların məşğulluq səviyyəsi yüksəlmişdir.

Azərbaycanın xarici siyasətdə qazandığı uğurlar da ürəkaçandır. Belə ki, ötən il 193 ölkədən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, daxili və xarici siyasətinin ən nüfuzlu beynəlxalq təşkilatlar,  dövlətlər tərəfindən dəstəklənməsi də ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qətiyyətlə davam etdirdiyi idarəçilik məktəbinin uğurudur. “Biz indi dünyada yeni tərəfdaşlar əldə edirik və görürük ki, bizim üçün, əməkdaşlıq üçün ənənəvi olmayan qitələrdən də Azərbaycana böyük maraq vardır” söyləyən dövlət başçısı İlham Əliyev bir məqamı da xüsusi qeyd edir ki, əlaqələr qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və dostluq əsasında qurulmalıdır. Tolerant, sivilizasiyalararası dialoq məkanı kimi tanınan Azərbaycana marağın artması ölkəmizin dəstəklənən beynəlxalq mövqelərini möhkəmləndirir. Qloballaşan dünyada sivilizasiyalar, siyasi partiyalar arasında münasibətlərin tənzimlənməsini, dialoqun inkişaf etdirilməsini beynəlxalq əməkdaşlığın əsas amili kimi daim diqqətdə saxlayan YAP-ın bu istiqamətdə apardığı siyasət və əməkdaşlıq da uğurla nəticələnir. 2007-ci ildə YAP-ın təşəbbüsü ilə Bakıda keçirilən və dünyanın 30 ölkəsinin təmsil olunduğu “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” adlı beynəlxalq konfransda çıxış edərkən tədbirin əhəmiyyətini açıqlayan YAP-ın sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, məqsədimiz siyasi partiyaların diqqətini sivilizasiyalar arasında qarşıdurmalara, onların törətdiyi fəsadlara yönəltmək, yaranmış gərgin vəziyyətdən çıxış yollarını araşdırmaqdır. Həmin konfransda qəbul olunmuş Bakı Bəyannaməsində qeyd olunduğu kimi, sivilizasiyalar arasında dialoq siyasi partiyaların münasibətlərində ünsiyyətin yeni formalarını, həm də çox mühüm etibarlı modelini yarada bilər. Eyni zamanda bir məqam da hər zaman önə çəkilir ki, ölkələr arasında əməkdaşlıq əlaqələrinin inkişafında siyasi partiyaların rolu böyükdür. Bu və ya digər ölkələrin siyasi partiyaları arasında əlaqələrin yüksək səviyyədə qurulması reallıqların təbliğatında əhəmiyyətli rol oynayır. Bu baxımdan beynəlxalq əməkdaşlıq Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsas istiqamətlərindən biridir.

Azərbaycanın uğurlarının təsdiqi kimi onun beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas məkan seçilməsini xüsusi qeyd etməliyik. Azərbaycanın ötən ay dünyanın 100-ə yaxın ölkəsinin siyasi, mədəni və elmi ictimaiyyətinin görkəmli nümayəndələrinin, tanınmış dövlət xadimlərinin, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarının, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, aparıcı KİV təmsilçilərinin qatıldığı II Beynəlxalq Humanitar Foruma ev sahibliyi etməsi də ölkəmizin bu sahədə böyük təcrübəyə malik olmasından irəli gəlir. Forum multikulturalizmin, qarşılıqlı münasibətlərin, sivilizasiyalararası dialoqun aktual məsələlərinin müzakirəsinə həsr olunmuşdur. “XXI əsr: ümidlər və çağırışlar” devizi altında keçirilən tədbirdə bir daha inam ifadə edilmişdir ki, iqtisadi forumların əbədilik mərkəzi hesab olunan Davos kimi Azərbaycan da humanitar forumların daimi məskəni adını qazanacaq.

Bu tədbirin ardınca ölkəmiz növbəti mötəbər tədbirə - İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısına ev sahibliyi etdi. Azərbaycan üçün iqtisadi transformasiyanın artıq reallıq olduğunu diqqətə çatdıran dövlət başçısı İlham Əliyev bildirmişdir: “Bu gün ölkəmiz çox güclü iqtisadi əsaslarla inkişaf edən ölkədir. Özəl sektorun ümumi daxili məhsulda payı 80 faizdən artıqdır. Gələcək illərdə, əlbəttə, iqtisadi islahatlarımız davam edəcəkdir. Üzv dövlətlərin dəstəyi inkişafımıza, təkmilləşməyə, sürətlə irəli getməyə daha yaxşı kömək edəcəkdir”.

Azərbaycanın 1992-ci ilin noyabrında ECO-ya üzv olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin ötən 20 ildə qazandığı iqtisadi, siyasi, diplomatik uğurları diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, bu kimi zirvə görüşləri, eyni zamanda müxtəlif mövzulara həsr olunan beynəlxalq tədbirlər hər bir ölkənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Bu günümüzün reallıqları fonunda əminliklə qeyd etmək olar ki, müasirləşmək, yeniləşmək dövlət siyasətinin əsasını, inkişafa aparan yolun baş xəttini təşkil edir.

O da aydındır ki, qarşıdakı illər üçün hədəflər müəyyənləşdirilərkən ötən illərin uğurlarının təhlilinə böyük zərurət yaranır. Dövlətimizin düzgün təmələ əsaslanan siyasəti nəticəsində yaşadığımız il daim əvvəlki ildən daha böyük uğurlarla zəngin olur. Prezident İlham Əliyevin vurğuladığı kimi, hər sahə üzrə proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi və yüksək səviyyədə icrası uğurların davamlılığına böyük stimul verir. Həmin proqramlarda prioritetlər müəyyənləşdirilir, onların icra mexanizmləri və sərf olunacaq maliyyə vəsaitləri öz əksini tapır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyaraq, regional inkişaf proqramlarını təsdiqləməklə bugünkü uğurlara möhkəm baza yaratdı. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların nəticəsidir ki, cari ilin 9 ayında qeyri-neft sektorunda artım 10,3 faiz təşkil etmişdir. ÜDM-də özəl bölmənin payının 80 faizdən artıq olması da bu sahəyə diqqətin bariz nümunəsidir.

Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amilin rolunu önə çəkən dövlət başçısı İlham Əliyev Azərbaycanın ECO-ya üzv qəbul olduğu 20 ildə böyük yol keçdiyini, iqtisadi sahədə köklü islahatlar aparıldığını, qarşıda duran iqtisadi və infrastruktur layihələrin uğurla icra edildiyini bildirir: “Bizim təşəbbüsümüzlə son illər ərzində şaxələndirilmiş neft-qaz kəmərləri şəbəkəsi yaradılmışdır ki, hazırda enerji resurslarımızı müxtəlif istiqamətlər üzrə dünya bazarlarına çıxarır. Çox şadam ki, bu təşəbbüslər region ölkələrinin marağındadır və regionda yerləşən ölkələr də bu təşəbbüsləri dəstəkləyirlər. Enerji sahəsində fəaliyyətimiz, əlbəttə ki, milli maraqlarımızı təmin edir, eyni zamanda enerji təhlükəsizliyi məsələlərini də gücləndirir və bu sahədə yeni imkanlar açılır”.

Bir sözlə, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər qazanılan uğurların ümumiləşdirilmiş ifadələridir. Bu baxımdan ki, həmin tədbirlərin mövzuları ayrı-ayrı sahələri əhatə edərək, Azərbaycanın əldə etdiyi təcrübə önə çəkilir, öyrənilməsi vacib amil kimi diqqətə çatdırılır. Ötən il Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən, 30 ölkədən 60-a yaxın nümayəndənin qatıldığı “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” adlı beynəlxalq konfransda da günümüzün aktual, beynəlxalq ictimaiyyəti düşündürən məsələlər ətrafındakı müzakirələrdə Azərbaycanın qazandığı uğurlar qonaqları heyrətləndirdi. Dövlət başçısının tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunda da bildirilmişdir ki, bəşəriyyətin üzləşdiyi qlobal problemlər ənənəvi iqtisadi və sosial inkişaf modelinə yenidən baxmağı tələb edir. Gələcək nəsillərin inkişaf və rifah içində yaşaması bugünkü çağırışlara düzgün cavabların tapılmasından çox asılıdır. Bu səbəbdən dünyanın 30-dan artıq ölkəsindən gəlmiş nümayəndələrin iştirakı ilə sözügedən çağırışlar ətrafında fəal dialoqun təşkil edilməsi təqdirəlayiq hadisədir. Dövrümüzün aktual problemlərinə çevrilən yeni iqtisadi və sosial çağırışlara dair fikir mübadiləsi aparmaq niyyəti ilə Bakıya toplaşan siyasətçilər, alimlər, ictimai xadimlər ölkəmizdə həyata keçirilən islahatlar və onların nəticələrini əyani görmək imkanı qazandılar.

Beynəlxalq əhəmiyyətli tədbirlər davamlılığı ilə diqqət çəkir. Partiyanın 20 illik yubileyi ərəfəsində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı adlı qurumun VII Baş Assambleyasının ölkəmizdə keçirilməsi də əhəmiyyətli hadisələrdəndir. Ötən il partiyanın təşkilatçılığı ilə keçirilən “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində redaksiyamızın qonağı olan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının təsisçisi və həmsədri Xose de Venesia Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı ilə Yeni Azərbaycan Partiyası arasında sıx əməkdaşlıq əlaqələrindən geniş bəhs edərək bildirmişdir ki, YAP Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin 18 nəfərdən ibarət İdarə Heyətinin üzvlərindən biridir. Son illər YAP Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının bütün tədbirlərində fəal iştirak edib. Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığı yüksək qiymətləndirdiklərini bildirən qonaq onu da vurğulamışdır ki, Yeni Azərbaycan Partiyasının ən böyük nailiyyəti uğurlu bir yol seçməsidir. Bu yol ölkənizi inkişafa aparır. YAP-ın fəaliyyəti digər partiyalar üçün nümunə ola bilər. Partiya öz fəaliyyətində inkişafa necə nail olmağın yollarını müəyyənləşdirib və bu istiqamətdə uğurlu addımlar atır. Baş Assambleyanın Bakıda keçirilməsi qərarını şərtləndirən amilə gəldikdə isə, Xose de Venesia vurğulamışdır ki, Azərbaycan sürətlə inkişaf edir. Azərbaycanın bu inkişafı bizə belə bir tarixi qərarı qəbul etməyə stimul verdi. Məqsəd 52 ölkədən olan 330 partiyanın nümayəndələrinə Azərbaycanın böyük uğurlarını nümayiş etdirməkdir. Ölkəniz inkişaf yolunda sürətlə irəliləyir. Azərbaycanda demokratik prinsiplərin inkişafına xüsusi diqqət göstərilir. Azərbaycanda dünya dövlətlərinin, beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən belə tədbirlərin keçirilməsi bir daha göstərir ki, ölkəmizdə demokratik dəyərlərin qorunub inkişaf etdirilməsinə, sosial-iqtisadi problemlərin həllinə böyük önəm verilir.

Demokratiyanın inkişafını fəaliyyətinin əsas prinsipləri kimi daim diqqətdə saxlayan, “İqtisadi islahatlar siyasi, demokratik islahatlarla tamamlanmalıdır. Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar paralel şəkildə aparılır və hesab edirəm ki, bizim uğurlarımızın əsas səbəbi məhz bundan ibarətdir. Biz siyasi islahatları artıq yaranmış çox güclü iqtisadi təməl üzərində qururuq” söyləyən dövlət başçısı İlham Əliyev vurğulayır ki, insana azad, sərbəst düşünmək, hüquqlarını qazandıran dəyərlər mövcud olmadan iqtisadi və sosial inkişafdan danışmaq qeyri-mümkündür. İllərin təcrübəsi göstərir ki, Azərbaycanın demokratikləşmə strategiyası ölkəmizdə bu sahədə həyata keçirilən islahatların miqyasını genişləndirir, vətəndaş cəmiyyəti quruculuğu prosesinə öz töhfəsini verir. Demokratik prinsiplərə sadiqliyi ilə diqqət çəkən Azərbaycanda bu istiqamətdə həyata keçirilən islahatların uğurlu nəticələri göz qabağındadır. Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf, dini və milli azlıqların təmin edilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasını təşkil edir.

Respublikamızda formalaşan qanunvericilik bazasının təkmilləşməsi, icra mexanizmlərinin tənzimlənməsi, çoxpartiyalı sistemin inkişaf etdirilməsi, insanlara sərbəst toplaşmaq azadlıqlarının verilməsi Azərbaycan demokratiyasının davamlı inkişafından xəbər verir. Ölkəmizdə milli və dini azadlıqlar tam təmin olunmuş, Azərbaycanın tolerantlıq təcrübəsi başqa ölkələrə nümunə göstərilir. Bakıda keçirilən “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” adlı beynəlxalq konfransda qeyd olunduğu kimi, dünyanın heç bir ölkəsində müxtəlif xalqların və millətlərin nümayəndələrinə Azərbaycanda olduğu qədər azad, sərbəst yaşamaq imkanları yaradılmamışdır.

Ölkəmizdə demokratik cəmiyyəti şərtləndirən bütün amillər mövcuddur. “Hüquqi dövləti azad mətbuatsız təsəvvür etmək olmaz” söyləyən dövlət başçısı İlham Əliyevin bu sahəyə diqqət və qayğısı davamlılığı ilə diqqət çəkir. Azərbaycanda ölkə əhalisinin 60 faizdən çoxunun azad internetdən istifadə etməsi də söz, mətbuat, insan hüquq və azadlıqlarının təminatına nümunədir. Ən əsası odur ki, demokratiyanın ilkin şərtlərindən olan seçki institutları formalaşdırılır. Ölkəmizdə demokratik seçkilərin keçirilməsinin qarantı olan Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsi”, “Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamlarının tətbiqi ilə ölkədə mövcud olan sağlam, demokratik seçki mühiti dünya standartlarına uyğunlaşdırıldı. 2003-cü ilin mayında Azərbaycan hökuməti ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Venesiya Komissiyası arasında əməkdaşlığın nəticəsində Seçki Məcəlləsi qəbul olundu. Ümumi rəy bundan ibarət olmuşdur ki, bu sənəd ölkədə prezident, parlament, bələdiyyə seçkilərinin və ümumxalq səsverməsinin demokratik keçirilməsinə geniş imkanlar yaradır. Qeyd edək ki, dövlətimiz Seçki Məcəlləsinə mütəmadi əlavə və dəyişikliklər edilməsinə, yeniliklərin bu sənəddə öz əksini tapmasına səy göstərir. 2005-ci ildə keçirilən parlament və 2008-ci ildə keçirilən prezident seçkiləri ərəfəsində Seçki Məcəlləsinə yuxarıda adları çəkilən beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq sayəsində əlavə və dəyişikliklər edilmişdir.

Bütün seçkilərdə namizədlər üçün eyni şəraitin yaradılmasına, təbliğat-təşviqat kampaniyasının aparılmasında bərabərlik prinsiplərinin qorunmasına demokratiyanın əsas tələbi kimi diqqət yetirən Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin tövsiyələri göstərir ki, ən qabaqcıl təcrübə və metodların tətbiqinə məsuliyyətlə yanaşan Azərbaycan bu sahədə də birinciliyini qoruyur. Seçkilərdə yeni təcrübələr olan “exit-poll”un keçirilməsi, barmağın rəngsiz mürəkkəbə boyanması, seçki məntəqələrində veb-kameraların quraşdırılması da deyilənlərin təsdiqidir. 1995-ci ildən, yəni Milli Konstitusiyamızın qəbulundan ötən dövr ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində yüksək fəallıq nümayiş etdirərək qələbəsini təmin edən Yeni Azərbaycan Partiyasına xalqın dəstəyi, sevgisi inkaredilməzdir. Bu inam, etimad partiyanın sıralarının kəmiyyət və keyfiyyət baxımından günbəgün möhkəmlənməsində də özünü təsdiqləyir. Təsis konfransını Azərbaycanın müxtəlif regionlarından olan 550-dən artıq nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 600 minlik üzv birləşir. Bu, ümummilli lider Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir. Partiyanın üzvlərinin 40 faizini gənclər təşkil etməsi də mühüm hadisədir. Azərbaycan gəncliyi YAP-ın sıralarında təmsil olunmaqla öz potensiallarını ortaya qoymaq üçün geniş meydan görürlər. Müstəqil Azərbaycanın uğurlu gələcəyinə böyük inam nümayiş etdirən Azərbaycan xalqı bunu dövlətin siyasətini dəstəkləməklə, ölkədə keçirilən seçki proseslərində fəal iştirak edib layiqli namizədə səs verməklə təsdiqləyir.

Azərbaycanın hərtərəfli inkişafı, uğurların davamlılığının təmin edilməsi dövlətin siyasətinin əsasını təşkil edir. Hər dövrün öz çağırışı, öz tələbləri olduğunu nəzərə alsaq, qarşıda yeni vəzifələrin dayandığı aydındır. Dövlət başçısı İlham Əliyevin Azərbaycanın 20 ildə qazandığı uğurların fonunda imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamı da bu hədəflərin və onların həlli yollarının müəyyənləşdirilməsinə xidmət edir. Məqsəd bu günə qədər 3 dəfə artan ümumi daxili məhsulu daha iki dəfə artırmaq, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş ölkələr sırasında görməkdir. “Bizim gələcək planlarımız da çox açıqdır, aydındır”  söyləyən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan bütün məqsədlərə nail olmaq üçün imkanların mövcudluğunu diqqətə çatdırır. Bu inamı şərtləndirən əsas amil xalq-iqtidar birliyinin möhkəmliyidir. Sözlə əməl birliyi həyata keçirilən siyasətə xalqın inamını, dəstəyini daha da artırır, Prezident İlham Əliyevin ətrafında sıx birləşdirir. Bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının hər bir üzvü, eyni zamanda harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı müstəqil dövlətimizin daha da qüdrətli, zəngin, müasir dövlətə çevrilməsinə öz töhfəsini verməlidir. Böyük fəxrlə qeyd edirik ki, güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir.

Təbii ki, 20 illik tarixi yolda əldə olunan uğurları bir yazıda qeyd etmək qeyri-mümkündür. Azərbaycanın bugünkü reallıqları 20 ilin ümumiləşdirilmiş ifadəsidir. 20 il şərəfli yol keçən, bütün çətinliklərdən uğurla çıxan Yeni Azərbaycan Partiyasını qarşıdakı onilliklərdə daha möhtəşəm nailiyyətlər gözləyir. YAP da öz proqramını daim yeniləşdirir, populist vədlərdən uzaq olduğunu əməli fəaliyyəti ilə təsdiqləyir. Bunu partiyanın ölkədə keçirilən seçki prosesləri zamanı seçdiyi şüarlara diqqət yetirdikdə də aydın görürük. Vaxtilə seçki proseslərinə “Yeni, müstəqil Azərbaycan uğrunda” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyasının bu gün əsas devizi “Güclü dövlət, yüksək rifah”dır. YAP Azərbaycanı tərəqqiyə, inkişafa aparan partiyadır. Yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti seçən partiya bu yolda inamla irəliləyir. YAP-ın qələbələr partiyası kimi nüfuz qazanmasını şərtləndirən əsas amil seçki proseslərində xalqın böyük əksəriyyətinin dəstəyini qazanmasıdır. Ölkəmiz 2013-cü il prezident seçkiləri ərəfəsindədir. Hər zaman vurğulandığı kimi, siyasət görülən real işlərdir. Azərbaycanın bugünkü uğurları cənab İlham Əliyevin 2013-cü il prezident seçkilərində də xalqın dəstəyini qazanaraq yenidən Prezident seçiləcəyinə əsas verir. Bu qələbə növbəti illər üçün nəzərdə tutulan hədəflərə çatmağa yol açacaq.

Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Dövlətimizin uğurlu siyasəti bu məsələnin də tezliklə ədalətli həllini tapacağına inamı artırır. Nazirlər Kabinetinin cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev bütün sahələrdə əldə olunan uğurları önə çəkərək bu inamı ifadə etmişdir ki, müsbət meyillər gələcək illərdə daha da güclənəcək. Bizim hər bir qələbəmiz Ermənistanın faciəsidir: “Bizim uğurlarımız hələ çox olacaqdır. Ən böyük uğur o vaxt olacaqdır ki, Azərbaycan bayrağı Şuşada və Xankəndidə dalğalanacaqdır. Mən buna əminəm, buna şübhə etmirəm. Hər birimiz, hər bir vətəndaş o tarixi günü öz işi ilə yaxınlaşdırmalıdır”. Düzgün müəyyənləşdirilən siyasət ölkəni inkişafa, tərəqqiyə aparmaqla yanaşı, qarşıya qoyulan məqsədə çatmaqda da açardır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!