Modern.az

Akif Nağı müharibə çağırışı etdi

Akif Nağı müharibə çağırışı etdi

16 Noyabr 2012, 13:35

Qarabağ Azadlıq Təşkilatı Uruqvayın Nümayəndələr Palatasının sədri Xorxe Orikonun rəhbərlik etdiyi heyətin Dağlıq Qarabağa səfəri ilə bağlı bəyanat yayıb. QAT Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ermənilərdən azad edilməsi üçün müharibə çağırışı edib. Modern.az-ın bəyanatı olduğu kimi təqdim edir:

“İşğalçı Ermənistan Azərbaycana qarşı iddialarından əl çəkməyəcəyini, zəbt etdiyi torpaqlardan çıxmaq istəmədəyini, əksinə, işğal olunmuş ərazilərdə daha da möhkəmlənmək, orada yaratdığı qondarma rejimi tanıtdırmaq, dünya birliyinə qəbul etdirmək istəyini bir daha və tam açıq şəkildə nümayiş etdirmişdir. Uruqvayın Nümayəndələr Palatasının sədri Xorxe Orikonun rəhbərlik etdiyi heyətin Dağlıq Qarabağa səfəri, verdikləri açıqlamalar bunu bir daha təsdiq edir. Biz özümüzü aldatmamalıyıq, Ermənistan, ermənilər heç vaxt sülh yolu, danışıqlarla torpaqlarımızdan çıxmayacaqlar. Bunu birdəfəlik bilməli və torpaqlarımızın işğaldan azad olunması üçün radikal addımlara əl atmalıyıq. Ermənistanın bu hərəkətləri Azərbaycan hakimiyyəti və cəmiyyəti üçün dərs olmalıdır. Uruqvayın parlament sədri Azərbaycanı saymadan Dağlıq Qarabağa gedir, özü də bu, artıq hansısa deputatın deyil, rəsmi dövlət adamının səfəridir. Serj Sərkisyan bizi müharibə ilə hədələyir, Xankəndi aeroportunu açmağa hazırlaşır. Erməni nazir müavini Şavarş Koçaryan Azərbaycan hakimiyyətini “erkək zebr qarşısında nazla şıllaq atan dişi zebrə” bənzədir. Bako Saakyan Uruqvayla müstəqil dövlət kimi əlaqələrindən danışır.

Biz hakimiyyəti işğalçı Ermənistan qarşısında qorxaqlıqda və qətiyyətsizlikdə ittiham edirik. Serj Sərkisyan, Edvard Nalbandyan, Şavarş Koçaryan, Bako Saakyan kimi uzunqulaqların hədyan sözlərini, təhqirlərini eşitmirsinizmi, onların həyasızlıqlarına nə vaxta qədər dözəcəksiniz? Nə üçün özünüzdə cəsarət tapıb müharibəni başlamırsınız?

Biz Azərbaycan cəmiyyətində ermənilərlə dialoq, “xalq diplomatiyası” aparmağın tərəfdarı olan QHT və partiya rəhbərlərini, vətəndaş cəmiyyətinin digər nümayəndələrini milli maraqlara xəyanətdə, beynəlxalq mərkəzlərin və ermənilərin pullarına satılmaqda ittiham edirik. Siz ermənilərlə görüşüb nəyə nail olmağa çalışırsınız? Erməninin sizi ələ saldığını, sizi aldadıb öz işində olduğunu nə üçün başa düşmürsünüz? Sizin azacıq da olsa milli qeyrətimiz varmı?

Biz bir daha Azərbaycan hakimiyyəti və cəmiyyətinə müraciət edirik:

Bəsdir ermənilərin qarşısında əyildiyimiz!  Bəsdir ermənilərin təhqirlərinə dözdüyümüz! Gəlin işğalçı və həyasız Ermənistana öz yerini göstərək, bir nəfər kimi müqəddəs savaşa qalxaq, ya hamımız qırılaq, ya da torpaqlarımızı azad edək!

Qarabağsız ləyaqət və şərəfimiz qayıtmayacaq!  

Qarabağsız Azərbaycan olmayacaq!  

Ya Qarabağ, ya ölüm!”

 

Anar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir