Modern.az

Ailə, qadın və uşaq məsələləri komitəsində görüş

Ailə, qadın və uşaq məsələləri komitəsində görüş

6 Oktyabr 2021, 16:15

Oktyabrın 6-da Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Avropa Şurası Daxili Nəzarət Direktoratlığının Qiymətləndirmə şöbəsinin mütəxəssisləri Serani Siegel və Maria Qoldman ilə görüşüb.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, komitə sədri qonaqları salamlayaraq, onların uzun müddətdir qadın hüquqları ilə məşğul olduqlarını, bu sahədə böyük nailiyyətlər əldə etdiklərini söyləyib və ölkəmizdə bu istiqamətdə görülən işlər barədə məlumat verib. 

 

Diqqətə çatdırılıb ki, Azərbaycanda qadın hüquqları çox yüksək səviyyədə müdafiə olunur. MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda 1998-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Yüz ildən çoxdur ki, qadınlarımız seçmək və seçilmək hüququnu bir çox ölkələrdən əvvəl əldə ediblər. Bizim adət və ənənələrimizdə, ailə mühitində qadınlara hər zaman hörmətlə yanaşılıb. Qeyd edilib ki, bu gün biz qloballaşan dünyada baş verən zorakılıq  hadisələrinin insanların həyatına necə təsir etdiyinin şahidi oluruq. Bununla bağlı ölkəmizdə də müəyyən çətinliklər olur, lakin statistikaya nəzər saldıqda, görərik ki, bir çox ölkələrlə müqayisədə Azərbaycanda bu hallar qat-qat aşağı səviyyədədir.

 

Komitə sədri bildirib ki, ötən il 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan artıq öz torpaqlarını azad edib və ərazi bütövlüyümüz təmin olunub. Lakin ölkəmiz uzun müddət münaqişə şəraitində yaşayıb, torpaqlarımızın 20 faizi işğal altında idi, 1 milyondan çox qaçqın və köçkünümüz olub. Bütün bunlara baxmayaraq, ötən müddət ərzində Azərbaycan iqtisadi baxımdan öz potensialını daha da gücləndirib. Ölkəmizdə qadınlara geniş imkanlar yaradılıb, onların maliyyə cəhətdən müstəqilliyi artırılıb. Qeyd olunub ki, bu gün Azərbaycan qadını ictimai-siyasi həyatda öz layiqli yerini tutub, dövlət qurumlarında ən yüksək səviyyədə təmsil olunur. Qadınların cəmiyyətdə rolunu daha da artırmaq məqsədilə onlara sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində də lazımi şərait yaradılır. Diqqətə çatdırılıb ki, qadın hüquqlarının təmin edilməsi ilə bağlı ölkəmizdə dövlət səviyyəsində bir çox proqramlar hazırlanır, layihələr həyata keçirilir, biz bir çox konvensiyalara qoşulmuşuq. Bu sahədə mütəmadi olaraq hesabatlar hazırlanır və müvafiq beynəlxalq qurumlara təqdim edilir.

 

Hicran Hüseynova uzun müddət Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri olduğunu deyərək, bu qurum tərəfindən görülən işlərdən bəhs edib. Hazırda parlamentin bu sahəni əhatə edən komitəsinin sədri olaraq, bu istiqamətdə qanunların hazırlanması və təkmilləşdirilməsi ilə əlaqədar atılan addımlardan danışıb. O, rəhbərlik etdiyi komitənin qanun yaradıcılığı prosesində ölkənin aidiyyəti qurumları ilə səmərəli əməkdaşlıq etdiyini deyib. Qadın hüquqlarının təmin edilməsi ilə bağlı Azərbaycanda mükəmməl qanunvericilik bazasının olduğunu söyləyib.

 

Görüşdə iştirak edən deputat Nigar Arpadarai ölkəmizdə gender bərabərliyinin təmin edilməsi, qadın  hüquqlarının qorunması, bu sahədə dövlət siyasətinin uğurla həyata keçirilməsi barədə öz fikirlərini açıqlayıb. 

 

Avropa Şurası Daxili Nəzarət Direktoratlığının Qiymətləndirmə şöbəsinin mütəxəssisi Serani Siegel verilən məlumatlara görə öz təşəkkürünü ifadə edib. O, gender bərabərliyinin təmin edilməsinin və qadınların səlahiyyətlərinin genişləndirilməsinin vacib olduğunu qeyd edib. Qonaq qadınlar üçün uyğun mühitin yaradılmasının, onların məşğulluğunun artırılmasının, qadınların sosial həyatda rolunun möhkəmləndirilməsinin önəmindən danışıb.

 

Görüşdə Milli Məclisin komitə sədri Hicran Hüseynova Avropa Şurası  mütəxəssislərinin suallarını cavablandırıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi